"Bir qrup mafiozun əlində qalmışıq"

Cəmiyyət

14.06.2020 - 10:39

Əhməd Qəşəmoğlu: “Bizdə toylarda, yaslarda ifratın ziyanı barədə tövsiyə, təbliğat effekt vermirsə, o zaman inzibati cəza mexanizmi işə düşməlidir”

 

Koronavirus pandemiyası səbəbindən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Azərbaycanda toy məclisləri qadağan edilib. Yas mərasimləri isə məhdud sayda insanların, əsasən vəfat edənin yaxınlarının iştirakı ilə keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin yumşaldılması qərarı verdikdən sonra, sosial şəbəkələrin Azərbaycan seqmentində əsas müzakirə mövzularından biri və bəlkə də birincisi toy məclislərinin bərpası ilə bağlı oldu. Bu müzakirələr hələ də davam etməkdədir. Bir çox “Facebook” istifadəcisi hesab edir ki, gündə minlərlə insanın getdiyi ticarət mərkəzlərinin fəaliyyəti bərpa edilirsə, maksimum min nəfərin iştirak edə biləcəyi toylara niyə hələ də qadağa var.

 

Bu müzakirələr öz yerində, amma bir çox insanlar fikirləşir ki, qadağa götürülsə də, əvvəlki ifrat, dəbdəbəli toy mərasimləri olmasın. Yəni, böyük və dəbdəbəli toylara “əlvida” demək, sadə, az adamın, əsasən yaxın qohumun, tanışın, dostun iştirakı ilə məclis düzənləməyə öyrənməliyik. Amma bunun əleyhinə çıxanlar da kifayət qədərdir. “Mənim qızım (oğlum) kimdən əskikdir”, “mən bu günə kimi 200 toya getmişəm, filan qədər pul yazılmışam”, - deyib, dəbdəbədən kənar qaçmaq istəməyənlər kifayət qədərdir.

 

Məsələ ilə bağlı AYNA-nın suallarını sosioloq-alim Əhməd Qəşəmoğlu cavablandırıb. “Necə edək ki, dəbdəbəli toy və yas mərasimlərinə “əlvida” deyə bilək” sualına professorun maraqlı cavabları oldu. O, hesab ki, cəmiyyət bir qrup toy və yas “mafiozu”nun əlində qalıb...

 

- İllərdir deyirik ki, toy və yas mərasimlərinin dəbdəbəsi aradan qaldırılsın. Amma buna “mafiozlar” imkan vermirlər. Yas mərasimləri ilə bağlı son illərdə qismən ifratlığın aradan qaldırıldığını görürük. Bu məsələ ictimaiyyətdə müzakirə olundu, təbliğat aparıldı, müəyyən qədər dəbdəbəli yas stollarında səliqə-səhman yarandı. Düzdür, bəzən yenə də əvvəlki ehsan süfrələrinə rast gəlmək mümkündür. Amma kifayət qədər dəyişikliklərin də şahidiyik. Toylarla bağlı vəziyyət isə son dərəcə acınacaqlıdır. Bizim toylar biabırçı şəkildə keçirilir. Dəbdəbəsindən tutmuş, musiqisinə kimi, çox bayağı, səviyyəsiz toy mərasimlərinin şahidiyik. Bunun qarşısının alınmasına da imkan verməyənlər o dediyim adamlardır - toy biznesindən qazananlar, işbazlardır. Onlar pul qazanmaq üçün bu cür biabırçılığın baş alıb getməsinə səbəb olurlar.

 

- Dediyiniz o “mafioz”lar hansı mənada israfçılığın, dəbdəbənin qarşısını almağa maneə yaradırlar? Axı toyu edən vətəndaşdır...

 

- Təbii ki, vətəndaşdır. Amma toy sahibi gedir şadlıq evinə, mərasimi keçirmək üçün vaxt götürür, menyu müəyyənləşdirir və s. Bu zaman şadlıq evinin administratoru, rəhbərliyi elə şərtlər qoyur ki, elə menyu qoyur ki qabağına... Yəni ki, bunlar masada olmalıdır, vəssalam. Bəzən danışıq nəticəsində müəyyən yemək, salat növləri ixtisar edilir, dəyişdirilir. Amma çox ixtisara şadlıq evi imkan vermir. Həm o zaman stolun qiyməti düşür, qazanc azalır, həm də rəhbərlik iddia edir ki, şadlıq evi “nüfuzdan düşür”. Bir şadlıq evi deyil, ümumiyyətlə 90 faiz şadlıq evlərində təklif və ya şərt belədir. İndi bəzən qohumda, tanışda toy edən olanda bir ağsaqqal kimi mənə müraciət edilir ki, şadlıq evi danışığında yardımçı olum.

 

Bir dəfə qohumun birinin övladının toyu üçün şadlıq evi danışmağa getmişdim. Administrator qabağıma 62 cür yemək menyusu qoydu. Dedim, “ay qardaş, axı, 62 çeşid yeməyi bizim qonaqlar neynir, 7-8 yemək növü olsa, kifayətdir”. Cavab verdi ki, “siz nə danışırsınız, bizim adımız-sanımız var, restoranımızın imici var”. Razılaşmadı ki, 7-8 yemək növü nədir, bu 62-dən uzağı 10-unu ixtisar edə və yaxud da dəyişdirə bilərsən. Mən bir şeyi də anlamıram ki, 62 yemək növünü bunlar hardan icad edirlər?! Heç nə, baxırsan ki, ağıla gələn və gəlməyən salatlar hazırlayırlar. Özü də, o yeməklərin demək olar ki, hamısı keyfiyyətsiz, köhnə, mənşəyi məlum olmayan ətdən hazırlanmış xörəklərdir. Şəxsən mən, elə toylar olub ki, orda bir tikə çörək də kəsməmişəm. Dediyim kimi, biabırçı vəziyyətdir.

Anar Bayramoğlu