Bakıda qəza: avtomobil divara çırpılıb

Xəbərlər

26.05.2024 - 15:32

Maşında sıxılı vəziyyətdə qalan sürücü xilas edilib

Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. AYNA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Məlumatla əlaqədar hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" markalı minik avtomobili sürücüsünün idarəetməni itirərək yolun kənarındakı divara çırpılması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və sürücü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü 1987-ci il təvəllüdlü Hüseynağa Zakir oğlu Hüseynovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Ayna.az