“Bakı-Yerevan danışıqlarının bərpası üçün perspektiv görmürəm”

Siyasət

28.08.2020 - 10:28

Rusiyalı politoloq: “Lavrov ilə Bayramov arasındakı dialoqda prinsipcə yeni bir şey yox idi və ola da bilməzdi”

 

Moskva ilə Bakı arasındakı münasibətlərin kəskinləşməsi fonunda, Azərbaycan və Rusiyanın Xarici İşlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasındakı ilk görüş çox gərgin bir şəraitdə keçdi. Buna görə görüş xüsusi maraq doğurdu.

 

Digər tərəfdən, nazirlərin verdikləri müəyyən mesajlara görə, müzakirə edilən mövzuların tonnajı və başa düşülməsi vacib idi. Rusiyalı politoloq Oleq Kuznetsov cərəyan edən prosesləri AYNA-ya şərh edib.

 

- Bayramovla Lavrov arasında Moskvada keçirilən ilk görüşü necə qiymətləndirirsiniz? Bu görüşdən vurğulamağa dəyər əsas məqamlar hansılardır?

 

- Rusiya və Azərbaycan Xarici İşlər nazirlərinin ilk görüşünün tanışlıq xarakteri daşıdığını düşünmürəm. Heç kim üçün sirr deyil ki, ölkənizin xarici siyasətini tamamilə bu məsələdə təhsil alan, ixtisaslaşan və buna görə də, digər ölkələrin rəhbərlərindən daha çox şey başa düşən Prezidenti, peşəkar diplomat İlham Əliyev müəyyənləşdirir. Onun rəhbərliyi altında, xarici siyasət idrəsinə kimin təyin edilməsinin fərqi yoxdur – həmin şəxs Putin dövründə təyin edilən Lavrovdan fərqli olaraq, müstəqil bir rol oynaya bilməyəcək və bu vəzifəyə uyğun olaraq, daha çox "texniki" icraçı olacaq. Buna görə də Ceyhun Bayramov bu görüş zamanı rusiyalı həmkarına öz dövlətinin siyasi iradəsini sələfi ilə müqayisədə nə qədər adekvat və məqsədyönlü şəkildə ifadə edə bildiyini göstərməli idi. Və daha çox əminəm ki, ölkənin Xarici İşlər naziri kürsüsündə “70 yaşlı Məmmədyarov”u “50 yaşlı Bayramov”un əvəzləməsindən sonra xarici siyasət məsələlərinin bütün spektrində Azərbaycanın mövqeyi heç bir şəkildə dəyişməyəcək.

Oleq Kuznetsov : Azərbaycanda seçki prosesi yüksək ictimai fəallıq ...

Sergey Lavrov üçün bu görüş, şübhəsiz ki, Azərbaycanda heç kimin diqqət yetirmədiyi müəyyən bir mənəvi və psixoloji cəhət daşıyırdı. Fakt budur ki, o və keçmiş azərbaycanlı həmkarı praktiki olaraq eyni yaşdadır, hər ikisi də, təxminən eyni mentallığa, təhsil səviyyəsinə, tərbiyəsinə və peşə mədəniyyətinə sahibdir, bunun da əsası SSRİ-də qoyulmuşdu. Buna görə də bir-biri ilə ünsiyyət qurarkən bəzi xırdalıqlara diqqət etmir və bir-birini yarım cümlədən başa düşürdülər. Lavrov və Bayramov isə müxtəlif nəsillərə, fərqli düşüncələrə, fərqli təhsil və tərbiyəyə, intellektual və emosional mühitlərə sahib insanlardır. Lavrov gedən beynəlxalq siyasətçilər nəslinə, Bayramov beynəlxalq arenaya yeni gələnlərə aiddir, ona görə də Prezident Əliyev tərəfindən onun üçün müəyyənləşdirilən "fürsətlər dəhlizi" daxilində yeni bir peşəkar sahədə nüfuz qazanmaq məcburiyyətində olaraq, daha fəaldır.

 

Rusiya və Azərbaycan Xarici İşlər nazirlikləri arasındakı münasibətlər praktikasında, yeni və buna görə də obyektiv şəkildə maraqlı, yeni tipli bir professional təmas qurma mərhələsinin başladığı, gələcəyinin hələ də qeyri-müəyyənlik dumanına büründüyü söylənilə bilər, baxmayaraq ki, bu gün əsas və ya strateji mövzular - Qarabağ, pantürkizm, enerji rəqabəti - ikitərəfli münasibətlərin gündəmini tərk etməyəcək. Bu görüşdən sonra deyilənlərdən məlum oldu ki, ikitərəfli münasibətlərin məzmununa yeni bir şey gətirilmədi və gətirilə də bilinmədi. Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin təbiətinə nəzər yetirsəniz, "ümumbəşəri dəyərlər" adlanan məsələlərə qarşılıqlı bağlılıq xaricində, ortaq birləşdirici prinsipə sahib deyillər. Amma yuxarıda adlarını çəkdiyim əsaslı ziddiyyət mənbələri kifayət qədər çoxdur.

 

Bu gün ölkələrimizin həqiqi iqtisadi və siyasi birlik qura bilməməsinin əsas səbəbi, bu ittifaqın meydana gələ biləcəyi və inkişaf edə biləcəyi ortaq pul və mülkiyyətin olmamasıdır. Bəli, iki ölkə arasında müxtəlif sahələrdə - silahdan kənd təsərrüfatı məhsullarına qədər inkişaf etmiş ticarət əlaqələri mövcuddur. Lakin qlobal layihələrdə ayrı-ayrılıqda deyil, bir-biri ilə əməkdaşlıq edərək, beynəlxalq bazarlarda pul qazanacaqlarını göstərən ciddi beynəlxalq əməkdaşlıq nümunələri yoxdur. Təəssüf ki, bu, mövcud deyil, yəni kollektiv maraq yoxdur və olmadığı üçün obyektiv olaraq, yaxşı qonşuluq və ticarət tərəfdaşlığından daha yüksək bir mərhələyə nail oluna bilmir. Belə bir obyektiv reallıqla barışmaq lazımdır. Buna görə nazirlər Lavrov və Bayramov arasındakı dialoqda prinsipcə yeni bir şey yox idi və ola da bilməzdi.

 

- Bayramovla görüşməzdən əvvəl Lavrov ilə erməni həmkarı Mnatsakanyan arasında telefon danışığı oldu. Sizcə, cənab Lavrovun Mnatsakanyandan Bayramova yeni danışıqlar prosesinə başlamaq istəyi ilə bağlı hər hansı bir mesaj ötürməsi mümkündürmü?

 

- Bu gün həm Rusiyanın, həm də Ermənistanın media məkanında, həm də dolayısı ilə Azərbaycanda bu barədə çox danışılır. Bu cür niyyətlərlə bağlı söhbətlər Moskva, Paris və Vaşinqton arasında da davam edir. Xatırladığımız kimi, Tovuz bölgəsindəki Ermənistan-Azərbaycan dövlət sərhədindəki döyüşlərdən sonra Prezident İlham Əliyev, əslində Azərbaycanın ATƏT-in Minsk Qrupunun vasitəçiliyi altında danışıqlar prosesindən əvvəlki formatdan çəkilməsini bildirdi. Dəqiq desək, Əliyev dedi ki, ölkənizin nümayəndə heyəti konstruktiv xarakter alana qədər və Ermənistanın ələ keçirdiyi Azərbaycan ərazilərinin işğaldan çıxarılması mexanizmi məsələsi gündəmdə olmayanadək danışıqlar masasına qayıtmayacaq.

 

Ermənistan bu istiqamətdə addım atmağa hazır deyil. Dediklərim artan hərbi təxribatlar, ölkə vətəndaşlarını işğal korpusuna müqaviləli xidmətə çağırmaları, faşist Almaniyasının son günlərində olduğu kimi Ermənistanda bir Folksşturm kimi xalq milis dəstələləri yaratmaq niyyətində olmaları ilə sübut edilir. Ermənistan nümayişkəranə şəkildə onun günahı ucbatından dondurulmuş və ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə gedən danışıqlar prosesini canlandırmaq səylərinin daha da qarşısını almaq üçün hər şeyi edir. Bu səbəbdən, nazirlər Lavrov və Mnatsakanyan arasındakı telefon danışığının məzmunu nə olursa olsun, heç bir əhəmiyyət daşımır.

 

- Tovuz hadisələrindən sonra Azərbaycanla Ermənistan arasında danışıqlar prosesinin bərpası nə qədər realdır?

 

- Möhtəşəm rus şairi Vladimir Mayakovskinin belə bir misrası var: "Ulduzlar yanırsa, deməli, kiminsə buna ehtiyacı var...". Buna görə də, Dağlıq Qarabağ nizamlanmasına dair danışıqlar prosesinin uğurlu reanimasiyasının mümkünlüyünü istisna etmirəm, əgər bunda beynəlxalq vasitəçilər - Moskva, Vaşinqton və Paris həqiqətən də maraqlı olacaqsa. Yalnız onlar öz səlahiyyətlərinin gücünə görə təcavüzkar ölkəni işğal olunmuş ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılması ilə beynəlxalq ictimaiyyətin tələblərini yerinə yetirməyə məcbur edə bilərlər. Belə bir niyyətin sübutu yalnız rəsmi Yerevana qoşunların geri çəkilməsinin dəqiq vaxtını göstərən ultimatum ola bilər. Yalnız bundan sonra Azərbaycanın erməni əhalisinin statusu ilə bağlı bütün digər humanitar məsələlərdə sülh danışıqlarına başlamaq mümkün olacaq. Bunlar baş verənə qədər şəxsən mən Bakı ilə Yerevan arasında danışıqların bərpası üçün real perspektiv görmürəm.

Müəllif: Nicat Hacıyev