İki super güc qarşı-qarşıya: Bu dəfə meydanda Rusiya yoxdur

Siyasət

28.04.2020 - 21:44

ABŞ ilə Çin arasındakı gərginlik getdikdə artır, dünya hegemonluğu uğrunda mübarizə güclənir

 

Ötən həftə ABŞ-da Respublikaçı senator Tom Cotton Senata, Sakit okean bölgəsində Çinə qarşı istifadə ediləcək 43 milyard dollarlıq hərbi sərmayəni nəzərdə tutan qanun layihəsi təqdim etmişdi. “Çinin virusu yaymasına qarşı Əməliyyat Müqavimətinin Gücləndirilməsi haqqında” adlanan qanun layihəsinin əsas məqsədinin Çinin ABŞ-ı Sakit okean bölgəsindən çıxarmaq cəhdlərinə qarşı olduğu bildirilmişdi.

 

Bundan əlavə, layihədə Çinə qarşı hava üstünlüyünü təmin etmək üçün bölgəyə əlavə F-35 qırıcı təyyarələrinin yerləşdirilməsi və “Boeing” şirkəti tərəfindən hazırlanan yeni F-15EX qırıcı təyyarəsinin istehsal edilməsi təklif edilmişdi.

 

Digər tərəfdən, ABŞ Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Çini dəstəklədiyi üçün maliyyə yardımlarını dayandırıb. Ki, bu da yeni gərginlikdən xəbər verir.

 

Maraqlıdır, ABŞ ilə Çin arasındakı yeni qarşıdurma hansı nəticələrə gətirib çıxara bilər? Bu, geosiyasi aləmdə yeni proseslərin başlamasına təkan verə bilərmi?

Rauf Mirqədirov azadlığa buraxıldı

Politoloq Rauf Mirqədirov AYNA-ya deyib ki, Sakit okean hövzəsi əvvəldən qarşıdurma meydanıdır: “Bununla yanaşı, ABŞ-ın oxşar bəyanatlarını Şimal Buzlu okean, Körfəz və digər bölgələrlə bağlı da eşitmək olar. ABŞ Prezidenti Donald Trampın İranla bağlı son bəyanatında da deyilir ki, İran körfəzdə ABŞ-ın hərbi dəniz qüvvələrini hədəfə alacağı təqdirdə, onların gəmilərini batıracaqlar. Yəni ki, bu gün okeanlar ABŞ üçün strateji xarakter daşıyır. Bu, ABŞ-ın dünya üzərində hegamonluğunu qoruyub saxlamaq cəhdlərindən biridir”.

 

“Təsadüfi deyil ki, ABŞ donanmalar vasitəsilə öz hərbi üstünlüyünü bütünü dünyaya nümayiş etdirir. ABŞ donanması hazırda dünyanın ən güclü donamasıdır. Sözsüz ki, eyni zamanda, Çin də özünün təsir gücünü Sakit okeanda gücləndirmək istəyir. Regionda baş verəcək münaqişələrə operativ reaksiya vermək üçün də Amerika kifayət qədər maddi vəsait ayırıb və bundan sonra da kifayət qədər vəsait ayıracaqlarını, güclü donanma birləşmələri yaradacaqlarını güman etmək olar. Bu, Birləşmiş Ştatların ənənəvi siyasətidir. Vaşinqtona bu hökmranlığı qoruyub saxlamaq və gücləndirmək lazımdır. Düşünürəm ki, ABŞ-ın addımları bu siyasətə xidmət edir”, - Mirqədirov bildirib.

 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da AYNA-ya şərhində ABŞ-Çin münasibətlərinin daim gərgin olduğunu qeyd edib: “Bu gərginlik koronavirusla əlaqədar daha da dərinləşib. Bəzi mütəxəssislər koronavirusdan sonra dünyada və beynəlxalq münasibətlər sistemində böyük dəyişiklik olacağını deyirdilər. Amma göründüyü kimi, dəyşikliyə gedən heç bir şey yoxdur və beynəlxalq münasibətlər yenə də gərgin olaraq qalır. Amerika-Çin münasibətlərindəki gərginlik gələcəkdə də heç bir dəyişikliyin olmayacağını göstərir”.

Elxan Şahinoğlu: “Erməni dili universitetlərimizdə peşəkar tədris ...

“Koronavirus yayıldıqdan sonra ABŞ başda olmaqla, Çinə qarşı ittihamların sayı çoxaldı. Bununla yanaşı, Çin yenidən iqtisadi qüdrətini artırmağa başlayıb və son illər Sakit okean və Hind okeanı regionlarında güclənməyə çalışır. Bu istiqamətdə hərbi dəniz qüvvələrini gücləndirir, müxtəlif hərbi təlimlər keçirir. Bu isə, hətta, vaxtı ilə Çinlə strateji tərəfdaş olan Vyetnamı da narahat etməyə başlayıb. Amma Amerika dünyada əsas super güc olduğu üçün Çinə qarşı həmin bölgədə hərbi qüdrətini artırmağı hədəfləyir. Ki, Çinin hücum taktikasını neytrallaşdıra bilsin. Çünki Çinin iqtisadi qüdrəti artdıqca, hərbi qüdrəti də artır və bölgədə aktivliyini sürətləndirir. Bu isə ABŞ-ın maraqları ilə tərs mütənasibdir”, - deyə Şahinoğlu vurğulayıb.

 

Müsahibimiz onu da əlavə edib ki, hazırda ABŞ koronavirusdan ən çox əziyyət çəkən ölkə olduğu üçün Çinə qarşı ittihamlarını artırmaqda davam edir: “ABŞ-da koronavirusa yoluxanların və ölənlərin sayı durmadan artır. İqtisadiyyat bərbad duruma düşüb və işsizlərin sayı artıb. Bütün bunlara görə də həm ABŞ ictimaiyyəti, həm də dövləti Çini təqsirkar bilir. Təsadüfi deyil ki, Birləşmiş Ştatlar məhz buna görə, Ümumdünya Səhiyyə Təşkilatına etdiyi 450 milyon dollarlıq yardımı da dayandırıb. Çinin isə ÜST-yə etdiyi yardımlar çox kiçik miqdardadır. Ona görə də ABŞ iddia edir ki, ÜST-yə bu qədər yardım etdikləri halda, ÜST Çinin koronavirusu yaymasına göz yumur və Çinlə əlbirdir. Belə olan halda da yardım etmək istəmirlər. Bunun özü də göstərir ki, gələcəkdə Çinlə ABŞ arasında bu istiqamətdə çox ciddi qarşıdurmalar ola bilər. Maraqlısı isə odur ki, bu qarşıdurmanın fonunda Rusiya yoxdur. Hətta, rusiyalı politoloqların açıqlamalarından belə başa düşülür ki, sanki onlar da bu durumdan narazıdırlar, yəni Rusiya arxa planda qalıb deyə. Lakin həqiqət odur ki, dünya miqasında iki böyük güc var: ABŞ və Çin. Ona görə də rəqabət bu iki dövlət arasında gedir”.

Müəllif: Mərahim Nəsib

Ramanada faciə

Dünən, 17:26 Hadisə