"Tərəflərin strukturlaşdırılmış danışıqlar prosesi çərçivəsində yenidən danışıqlara getməsi lazımdır”
“Rusiya və Ukrayna arasında danışıqların strukturu və razılaşdırılmış gündəliyi yoxdur ki, bu da irəliləyişə mane olur”. AYNA.AZ RBK-ya istinadən xəbər verir ki, bu sözləri ATƏT-in keçmiş baş katibi və Təhlükəsizlik Siyasəti üzrə Cenevrə Mərkəzinin icraçı direktoru Tomas Qreminger deyib.
"Tərəflərin strukturlaşdırılmış danışıqlar prosesi çərçivəsində yenidən danışıqlara getməsi lazımdır. Hazırda çatışmayan budur. Biz Kiyev və Moskvanı yenidən bir-biri ilə danışmağa məcbur edən siyasi impulsları görürük. Bir neçə əsir mübadiləsi olub və bu, müsbət haldır”, - Qreminger bildirib.
Onun sözlərinə görə, 2022-ci ildə nümayəndə heyətləri arasında baş tutan danışıqlar iki tərəf arasında mövcud təmaslardan daha strukturlaşdırılmışdır.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya Kiyevlə danışıqların yeni raundunun tarixlərinin yaxın gələcəkdə razılaşdırılacağını gözləyir. O nümayəndə heyətlərinin yeni görüşünün tarixinin təsdiqi prosesinin qarşılıqlı olduğunu vurğulayıb.