“Bakı Alüminium Profil”in dövlətə məxsus payları özəlləşməyə çıxarılır

İqtisadiyyat

08.01.2024 - 16:03

İddiaçıların ərizə və təkliflərinin qəbulu yanvarın 31-dək aparılacaq

“Bakı Alüminium Profil” MMC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsində müəssisənin dövlətə məxsus payları satışa çıxarılıb. AYNA xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib.

Qeyd olunub ki, Dövlət Xidməti “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının 85 faizinin və əmək kollektivi üzvlərinə güzəştli satışından qalan hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edir.

Məlumata əsasən, Bakı şəhərinin Sabunçu rayonunun Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi, 5B ünvanında yerləşən “Bakı Alüminium Profil” MMC-nin ümumilikdə 3 milyon 121min 538 manat həcmində öhdəlikləri var və onların restrukturizasiyası şərtləri müsabiqə qalibi ilə imzalanacaq müqavilədə nəzərə alınacaq.

MMC-nin özəlləşdirilməsi üzrə keçiriləcək investisiya müsabiqəsində iştirak etmək üçün iddiaçılar investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddəti göstərilməklə ümumi həcmi 3 milyon manatdan az olmayan investisiya proqramı təqdim etməli, yeni iş yerlərinin yaradılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun çeşidinin genişləndirilməsi ilə bağlı təkliflərini verməlidirlər.

Müsabiqənin qalibi nəticələr haqqında protokol təsdiq olunduğu tarixdən 30 gün müddətində alqı-satqı müqaviləsini imzalamalı, müqavilədə razılaşdırılacaq müddətdə təklif etdiyi pul vəsaitini (2 milyon 800 min manatdan az olmamaqla) dövlət büdcəsinə köçürməli, müqavilə ilə müəyyən olunan digər şərt və öhdəlikləri yerinə yetirməlidir. Müsabiqədə ölkə vətəndaşları ilə yanaşı, xarici investorlar da iştirak edə bilərlər.

İnvestisiya müsabiqəsinə çıxarılan dövlət əmlakı ilə buradan tanış olmaq olar.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 2024-cü il yanvarın 31-dək, iş günləri saat 10:00-dan 17:30-dək Əmlak Məsələləri Dövlət Xidmətində (ünvan: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139) aparılacaq.

Komissiya tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi xidmətin inzibati binasında 2024-cü il fevralın 1-də saat 15:00-dan başlayaraq həyata keçiriləcək.

Müəllif: Ayna.az