Dövlətlərin əsas imtahanı qabaqdadır

İqtisadiyyat

07.05.2020 - 23:54

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyalı analitik: “İqtisadiyyatlarında kənd təsərrüfatının mühüm əhəmiyyət kəsb etdiyi ölkələr pandemiyanın təsirlərini daha asanlıqla aradan qaldıra bilər”

 

Pandemiyadan sonra dünya iqtisadiyyatının inkişaf istiqamətləri və tempi hazırda ən çox müzakirə olunan mövzulardandır. Dünyanı hansı maliyyə bölgüsü gözləyir? Beynəlxalq münasibətlər sistemində nələr dəyişəcək? AYNA-nın bu və digər suallarını Rusiya Maliyyə Universitetinin Məlumatların təhlili, qərarların qəbul edilməsi və maliyyə texnologiyaları kafedrasının müdir müavini Anton Losev cavablandırıb.

 

- Bir çox mütəxəssislər COVID-19 pandemiyasından sonra yeni iqtisadi münasibətlərin formalaşacağını deyirlər. Siz necə düşünürsünüz, qlobal iqtisadi dəyişikliklər gözlənilir?

 

- Özünü təcridetmə rejiminin tədricən ləğv olunduğunu təsəvvür etsəniz, yenə də bütün işçilər əvvəlki vəzifələrinə qayıtmayacaq və bəziləri yeni iş axtarmağa məcbur olacaqlar. Doğrudur, işəgötürənin nöqteyi-nəzərindən işçilərin əməyindən məsafədən olmaqla yararlanmaq mümkün oldu. Burada bəzi qənaət tədbirləri də meydana çıxdı. Bundan sonra işlərin təşkili və əməyin mühafizəsi meyarlarına münasibətdə dəyişiklik proqnozlaşdırılır. Düşünürəm ki, qlobal dəyişiklik hüquqi əhəmiyyət kəsb edən tədbirlərin həyata keçirilməsi üçün yanaşmaların dəyişdirilməsi və yeni idarəetmə prinsiplərinin yaradılması ilə müşayiət olunacaq.

 

- Bu gün rəqəmsal iqtisadiyyat böyüyür. Sənayeləşmədən rəqəmsal iqtisadiyyata keçdiyimizi deyə bilərik?

 

- İqtisadçı Aleksandr Auzan "ölçü meyarı" problemini (asılılıq problemi), yəni əvvəlki inkişafın trayektoriyasından asılılığı uzunmüddətli sosial-iqtisadi inkişafın əsas institusional problemi hesab edir. Enerji qiymətlərinin azalması və dünyada yaranan epidemioloji vəziyyət yeni iqtisadi reallığa keçid üçün katalizator rolunu oynaya bilər. Rəqəmsallaşma yeni bir sənayeləşmədir ki, düzgün idarə olunarsa, yeni məhsullar istehsal etmək üçün şərait yarada bilər.

 

- Postsovet məkanının iqtisadiyyatı yeni iqtisadi çağırışlara nə dərəcədə hazırdır?

 

- Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin iqtisadiyyatları arasındakı fərqi azaltmağa kömək edəcək rəqəmsal platformaların yaradılması ilə bağlı mühüm işlər görülüb. Məncə, qanuni məşğulluq tədbirlərini təmin edən elektron rəqəmsal imzaların (ERİ) və vahid rəqəmsal platformaların qarşılıqlı tanınmasını sürətləndirmək lazımdır. Bir çox analitik mərkəzlərin proqnozuna görə, çətin epidemioloji vəziyyətə əlavə olaraq, xüsusilə isti yay aylarında əkin sahələrinin azalması kənd təsərrüfatı məhsullarının dünya bazar qiymətlərinin kəskin artmasına səbəb olacaq. Rusiya artıq Gömrük İttifaqı xaricində taxıl ixracını məhdudlaşdırdı (kvotalar tətbiq olundu). Bu vəziyyət növbəti texnoloji quruluşa aid olan bioyanacaqların qiymətinin artmasına səbəb olacaq. Fikrimcə, postsovet ölkələrində mövcud iqtisadi vəziyyət liderləri ərzaq təhlükəsizliyi ilə bağlı inteqrasiya siyasətlərini yenidən nəzərdən keçirməyə məcbur edəcək və iqtisadi tərəfdaşlar seçərkən “Şərq-Qərb” sualını daha da aktuallaşdıracaq.

 

- Avrasiya İqtisadi Birliyinə üzv olmayan MDB ölkələri, eləcə də Azərbaycan yeni iqtisadi reallıqlarla ayaqlaşa biləcəkmi?

 

- Epidemiya zamanı ölkələr arasında iqtisadi-ticari əlaqələr pozuldu. Pandemiyadan sonra bu əlaqələri təkrar bərpa etmək zaman alacaq. Bu da təbii ki, ölkələrin iqtisadiyyatlarını zəiflədir. Digər tərəfdən, Orta Asiya ölkələrindən əmək miqrasiyası və xidmətlərin ixracı dayandırılıb ki, bu da əhalinin real gəlir səviyyəsinə əhəmiyyətli dərəcədə təsir edəcək. İqtisadiyyatlarında kənd təsərrüfatının mühüm əhəmiyyət kəsb etdiyi ölkələr pandemiyanın təsirlərini daha asanlıqla aradan qaldıra bilər.

Müəllif: Nicat Hacıyev