Azərbaycanlı jurnalistdən Qarabağda yaralanan fransalı jurnalistlərə <font color=red> MƏKTUB</font>

Aktual

03.10.2020 - 01:37

Təsəvvür edə bilirsinizmi, mən 30 ildir öz evimizə gedə bilmirəm

 

“Le Monde” qəzetinin əməkdaşları, hörmətli Şarl Rafael və Alan Kaval!

 

Ötən gün 30 ildir Ermənistanın işğalda saxladığı tarixi Azərbaycan torpaqlarında yaralandığınız barədə məlumat yayıldı.

 

Çox üzüldüm. Keşkə olmasaydı...

 

Düzünü desəm, bu məlumatı Ermənistan yaydığından doğruluğuna bir az da tərəddüdlə yanaşdım...

 

İşğaılçı ölkəni yaxşı tanıdığımdan deyə bilərəm ki, siz əcnəbi jurnalistləri gülləbaran edib Azərbaycan barədə dünyada mənfi imic formalaşdırmaq üçün Ermənistanın belə bir addım atması daha real görünür. Belə düşünməyə çoxlu əsasım var.

 

Həqiqəti bilməyiniz üçün iki fakt deyim.

 

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan Azərbaycanın Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törətdi. Yüzlərlə insan qətlə yetirildi. Ardından Ermənistan bütün dünyaya bəyan etdi ki, onun bu barbar aktdan xəbəri yoxdur. Belə faktlar yüzlərlədir.

 

Bir neçə gün öncə Ermənistan bəyan etdi ki, ona məxsus SU-25 bombardmançı təyyarəsi  Türkiyə tərəfindən vurulub. Halbuki, Ermənistanın Vardenis rayonunda yerləşən Havadan Müdafiə Sistemi həmin təyyarənin səhvən Azərbaycana aid olduğunu düşünüb, vurmuşdu və təyyarə dağa çırpılmışdı.

 

Yəni, bu kimi məsələlər Ermənistanın şakəridir.

 

Jurnalist olaraq həmkarımın, insan olaraq isə insanın yaralanmasının əleyhinəyəm. Şüurlu insanıqsa, niyə insanlığı qorumayaq ki...

 

 

Ancaq Azərbaycan qoruyacaq, Ermənistan qorumayacaqsa, insanlıq öləcək. Ermənistan və onun havadarlarının öldürdüyü kimi...

 

Hər bir halda Sizə keçmiş olsun deyirəm, tezliklə sağalmağınızı diləyirəm...

 

Dəyərli həmkarlar!

 

Mən də jurnalistəm. Ermənistanın sizi gülləbaran etdiyi yerdə doğulmuşam. Bizim evimizi, Vətənimizi Ermənistan işğal edib, daha doğrusu Sizin də bildiyiniz güclər bizim torpaqları işğal edib Ermənistana verib.

 

Təsəvvür edə bilirsinizmi, mən 30 ildir öz evimizə gedə bilmirəm. Anam o yerlərin xiffəti ilə dünyasını dəyişdi. Atam ahıl yaşında öz doğma yurdunun həsrətində qovrulur.

 

Sizsə çox asan şəkildə mənim doğulduğum yerlərdən reportaj hazırlayırsınız. Bilirəm, jurnalist olaraq oraya gəldiyinizi deyəcəksiniz. Ancaq siz həm də dünyanın qayda-qanununu, beynəlxalq hüququ bilən olmalısınız.

 

Haradan reportaj hazırladığınız, o yerin hansı xalqa, dövlətə aid olduğu, gördüyünüz viran edilmiş evlərin sahibləri barədə də obyektivlik naminə heç düşünüdünüzmü?

 

Bir anlıq təsəvvür edin ki, İngiltərə 30 ildir Fransa ərazisinin 20 faizini işğal edib. Qaçqın həyatından bezmisiniz, öz evinizə qayıtmaq istəyirsiniz. Bu istəyinizə görə ingilislər sizi güllələyir.

 

Əcnəbi jurnalistlər İngiltərədən icazə alıb sizin işğal altında olan tarixi yerlərinizdən reportajlar hazırlayır, o yerlərin İngiltərəyə aid olduğunu tirajlayırlar. Belə jurnalistika olurmu? Əgər olursa, onda bunun adı jurnalistikadırmı? Və buna sizin reaksiyanız necə olar?

 

Yəqin ki, bütün bunların fərqindəsiniz.

 

Siz bizim doğma yerlərdə olarkən ayaqlarınız altında sızlayan ruhlarımızı görmədinizmi?

 

Heç olmasa dağıdılmış evlərin kimə məxsus olduğunu sizi ora aparanlardan soruşmadınızmı? İnanın ki, bu dünya həm də bumeranq dünyadı. Sabah bizim aqibəti Fransa da yaşaya bilər, başqa haqsızlıq edənlər də...

 

Deyin ki, Allahdan qorxsunlar!

 

Allah hər şeyi görür. Allah heç vaxt ölmür, Allah gecə də, gündüz də oyaq olur.

 

Hər şeyin geci-tezi var.

 

Tezliklə doğulduğum Qarabağın Ermənistanın işğalından azad olunmasını, sizin sağalmağınızı və sizi öz doğma evimdə qonaq etməyi çox istəyirəm.

 

Elşad Eyvazlı

Müəllif: Ayna.az