Azərbaycanla Ermənistan arasında yeni müharibə?

Aktual

06.01.2023 - 14:24

Beynəlxalq Böhran Qrupu: “Azərbaycan güc yolu ilə istədiyini alacaq”

Mərkəz rəhbəri: “Rusiyanın Qarabağdakı addımları yeni müharibəyə aparır”

Beynəlxalq Böhran Qrupu sonuncu hesabatında Qarabağ məsələsi, Azərbaycan-Ermənistan münasibətləri, habelə qarşıda gözlənilən risklərə toxunub. Qrup analitik məqaləsində iddia edib ki, Qarabağ uğrunda apardıqları son müharibədən iki il sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru irəliləyir.

Ekspertlərin rəyinə görə, Rusiyanın Ukraynadakı uğursuzluqları regiondakı hesablamaları alt-üst edib: “Yeni müharibə daha qısa, lakin 2020-ci ildəki altı həftəlik münaqişədən az dramatik olmayacaq. O vaxtdan balans daha da Azərbaycanın xeyrinə dəyişdi. Ənənəvi silah alverçisi olan Rusiyanın təchizat çatışmazlığı səbəbindən Ermənistan ordusu qoşunlarını və silah-sursatını artırmayıb. Azərbaycan isə əksinə, güclənir. Onun ordusu Ermənistan ordusundan bir neçə dəfə böyükdür, daha yaxşı təchiz olunub və Türkiyənin dəstəyini alır. Avropanın Azərbaycan qazına artan tələbatı da Bakını ruhlandırır”.

Hesabatda xüsusilə qeyd olunur ki, 2020-ci ildə əldə olunan atəşkəsdən sonra Rusiya Qarabağda sülhməramlılar yerləşdirib, həmçinin Ermənistan-Azərbaycan sərhədinin 44 günlük müharibədən sonra yeni cəbhə xəttinə çevrilmiş həmin hissələrində öz sərhəd qüvvələrini və hərbi heyətini gücləndirib: “İdeya ondan ibarət idi ki, hətta kiçik rus kontingenti belə, Ermənistana hücumların qarşısını alacaq, çünki Bakı Moskvadan ehtiyat edəcək”.

Qrupun ekspertləri daha sonra bildirirlər: “Lakin Ukraynadakı müharibədən sonra bu hesablamalar baş tutmadı. Rusiya qüvvələri keçən il bir neçə cəhdin qarşısını ala bilmədi. Mart və avqust aylarında Azərbaycan qoşunları Qarabağda yeni ərazilərə, o cümlədən strateji yüksəkliklərə nəzarəti bərpa edib”.

“Ukrayna müharibəsi Ermənistan-Azərbaycan danışıqlarına kölgə salıb. Ötən ilin sonunda Moskva Avropa İttifaqının petisiyasını Rusiyanın sülhməramlı missiyasını gücləndirəcəyinə ümid edərək qəbul edib. Bununla belə, Ukraynada müharibə başlayandan bəri Moskva Brüsselin vasitəçiliyini Rusiyanın təsirini cilovlamaq üçün növbəti cəhd kimi görür və Qərb paytaxtları onları nə qədər inandırmağa çalışsalar da, Kreml müdaxilə etməkdən imtina edir. Nəticədə iki saziş layihəsi dövriyyəyə buraxılır. Biri Rusiya tərəfindən, digəri isə Qərbin dəstəyi ilə Ermənistan və Azərbaycan tərəfindən hazırlanıb. Sənədlərin hər biri rabitə və ticarət kanallarının bərpasına və Ermənistan-Azərbaycan sərhədinin sabitləşdirilməsinə aiddir. Qarabağ erməniləri isə hələ başlamamış prosesdən kənarda qoyulub. Qərbin dəstəklədiyi Ermənistan-Azərbaycan layihəsi yəqin ki, daha perspektivlidir, ona görə ki, o, hər iki tərəfin razılığı ilə hazırlanıb”, - deyə analitiklər qeyd edirlər.

Ekspertlər hesab edirlər ki, bunun baş verəcəyi təqdirdə Moskvanın necə reaksiya verəcəyi bəlli deyil: “Digər tərəfdən, tərəflər birgə layihə hazırlamağa çalışsalar da, yanaşmaları hələ də bir-birindən çox uzaqdır. Bütün kartlar Bakının əlindədir və Azərbaycan mümkün sövdələşmədən, xüsusən də hərbi və xarici siyasət baxımından bu məqsədlərə hərbi yolla nail olmağa çalışmasından daha çox faydalanacaq”.

Hesabatda o da qeyd edilib ki, danışıqların heç nəyə gətirib çıxarmayacağı, nəticə verməyəcəyi və ya növbəti hərbi münaqişəyə səbəb olacağı təqdirdə, bu, həm Moskvanın, həm də Qərbin hazırladığı planların və cəhdlərin əbəs olacağına səbəb olacaq: “Azərbaycan isə güc yolu ilə istədiyini alacaq”.

ABŞ-da yaşayan azərbaycanlı politoloq, “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu da hesab edir ki, bu il tam həllini tapmamış münaqişə alovlana bilər. Analitik AYNA-ya şərhində deyib ki, tərəflərin mövqeləri yeni müharibənin olacağını istisna etmir.

“Beynəlxalq Böhran Qrupunun mütəxəssislərinin yazdığı məqalədə ümumi mənzərə göstərilib, qlobal təhdidlər sadalanıb. Orada 10 mümkün müharibə ssenarisi qeyd edilib ki, onlardan biri də Ermənistanla Azərbaycan arasındakı münaqişə, Qarabağın dağlıq hissəsindəki proseslərlə bağlıdır. Əslində Qrup yeni nəsə kəşf etməyib. Biz özümüz də bilirik ki, müharibə riski böyükdür. Çünki proses bitməyib. Cənubi Qafqaz qlobal proseslərin tərkib hissəsidir. Qlobal proses bitməyibsə, bizim bölgədəki proseslər də ona adekvat olacaq. Belə olan halda, əlbəttə, yeni müharibə realdır”, - deyə həmsöhbətimiz söyləyib.

Onun sözlərinə görə, Rusiyanın hədəfləri var və bunlar dəyişməyib: “Kremlin hədəfləri dəyişməyincə, bölgədəki maraqları qaldıqca, münaqişənin hər an alovlanması mümkündür. Rusiyanın Azərbaycan üzərindən, daha dəqiq desək, Qarabağın dağlıq hissəsi üzərindən həyata keçirmək istədiyi planlar onun geosiyasi hədəflərinin tərkib hissəsidir. Bu baxımdan, təhdid qalır. Açıq-aydın görünür ki, Rusiya bölgəni müharibəyə hazırlayır. Rusiyanın məqsədi dünyaya təsir edəcək Şərq-Qərb dəhlizini nəzarətə götürməkdir. Bunun üçün Kreml hər vasitəyə əl atmaq niyyətindədir. Bunun üçün Rusiya bölgədə qalmalıdır. Bölgədə qalmaq üçün isə rus güclərinə “ehtiyac” olmalıdır”.

“Bu gün Qarabağın dağlıq hissəsində Rusiya “sülhməramlıları” ilə yaranan böhran sıradan böhran deyil. Rus hərbi kontingenti bölgəyə gələndə hər kəs bilirdi ki, Rusiya nə istəyir. Həmin vaxt Azərbaycan hökuməti düşündü ki, gəlsinlər, sonra baxarıq, nə edəcəyimizə qərar verərik. İki il keçdikdən sonra Azərbaycan anladı ki, Rusiya ilə danışmaq, anlaşmaq mümkün deyil. Kreml Ermənistanla Azərbaycan arasında sülhə mane olur, Qarabağdakı separatçıları tam nəzarətinə alıb. Bu gün Qarabağdakı separatçılar İrəvanın yox, Moskvanın nəzarətindədir. Rusiya faktiki olaraq Qarabağa silah daşıyır. Bu barədə Azərbaycan rəsmilərinin açıqlamaları var. DTX rəisinin müavini açıq şəkildə dedi ki, Xankəndiyə silah-sursat daşınır. Silah daşınması, terrorçulara təlim keçirilməsi nə üçündür? Əlbəttə, yeni müharibə, yeni hərbi əməliyyatlar üçündür”, - deyə Mərkəz rəhbəri vurğulayıb.

Oruclu xatırladıb ki, 10 noyabr Üçtərəfli Birgə Bəyanatdakı 9 bəndin heç birinə əməl olunmur: “Əksinə, Azərbaycanın suveren hüquqları pozulur. Rusiya bölgəni nəzarətə götürüb, orada hansısa siyasi yerdəyişmələr edir, qondarma qurumu dirçəldir, separatçı-terrorçulardan qondarma qurum üçün “yeni komanda” formalaşdırır. Rusiyaya Üçtərəfli Birgə Bəyanata əsasən belə bir səlahiyyət verilməyib. Azərbaycan bunları başa düşür və qarşısını almaq istəyir. Qanunsuzluqların qarşısını almaq üçün isə kommunikasiyanı, daha dəqiq desək, Laçın yolunu nəzarətə götürmək lazımdır. Bu, əlbəttə, müharibəyə aparır. Rusiya isə maraqlıdır ki, müharibə olsun”.

Müəllif: Anar Bayramoğlu