Azərbaycan erməni ombudsmanın təklifinə ikiəlli “hə” deyir

Maraqlı

01.04.2021 - 22:09

Həkimlər Klinikalar SEO Xidməti

Tatoyanın istədiyi olarsa, o zaman Ermənistanın ərazisi xeyli kiçiləcək

 

Nəhayət, 44 günlük Vətən müharibəsindən sonra Ermənistan rəsmiləri tərəfindən bir məntiqli açıqlama eşitdik. Son vaxtlar özü üçün xal toplayan Ermənistan ombudsmanı Arman Tatoyan, Ermənistanla sərhəd təyin edilərkən Azərbaycanın Sovet xəritələrinə istinadlarının qanunsuz olduğunu bildirdi.

 

Tatoyanın “Facebook” səhifəsində yazdığına görə, Azərbaycan qüvvələrinin Qeqarkunik və Sünik bölgələrinin kəndləri yaxınlığında yerləşməsi təkcə GPS məlumatları ilə deyil, həm də Sovet xəritələri ilə əsaslandırıla bilməz.

 

Eyni zamanda, Tatoyan Sovet dövründə bu xəritələrdəki sərhədlərin dəyişdiyinə diqqət çəkdi: 1942, 1975-76, 1985-ci illərdə xəritələr müxtəlif dəyişikliklərlə tərtib edilib.

 

“Ancaq iş burada deyil. Bu sərhədlərin suveren dövlətlər kimi Ermənistanla Azərbaycan arasında yox, vahid bir dövlətin - SSRİ-nin ittifaq respublikaları arasında çəkilməsidir. Buna görə də onlar sadəcə inzibati və siyasi xarakter daşımadı”, - deyə Tatoyan inanır və soruşur ki, “niyə 1920-ci illərin xəritələri mövcud delimitasiya ilə əlaqələndirilmir?”

 

Ombudsman ilk Ermənistan Respublikasının sərhədləri və xəritələrinin delimitasiya prosesindən kənarda qalmamasının vacibliyinə də  diqqət çəkdi.

 

Yaxşı. Tatoyan ilk Ermənistan Respublikasının sərhədlərindən bəhs etdiyinə görə bu, artıq Azərbaycan üçün çox həssas və açıq deyək ki, sərfəli bir fikirdir. Rəsmi olaraq 1918-ci ildə ilk Ermənistan Respublikası müstəqilliyini elan etmədi. 1918-ci il avqustun 1-də Ermənistan Parlamentinin (Milli Şura) ilk iclasında yeni dövlətin sərhədləri barədə qərar vermədən əvvəl müstəqilliyini elan etmək yersiz hesab edildi. Ermənilər “Kars bölgəsi, Axalkalaki, Sürməli, Naxçıvan, Qarabağ, İrəvan və Eçmiədzin əyalətlərinin çoxu, Borçalı, Pambak, Aleksandropol, Daraləyəz və Zəngəzurun böyük hissəsinin Ermənistandan ayrı düşdüyünə” inanırdılar.

 

Yəni, Ermənistan elə əvvələr də qonşu ölkələrə ərazi iddialarını gizlətmirdi. Bundan əlavə, Sevr müqaviləsinə görə, ermənilər nəhəng ərazilər əldə edəcəklərinə ümid edirdilər. Nəticədə, ilk Ermənistan Respublikası quruluşundan bəri ərazi iddiaları ortaya qoyaraq, Azərbaycan, Gürcüstan və Türkiyə ilə vuruşdu.

 

Bundan əlavə, 1918-1920-ci illərdə müasir Ermənistan ərazisində azərbaycanlılara qarşı gerçək bir soyqırımı törədilib ki, bu da o dövrün mətbuatında olduğu kimi arxivlərdə saxlanılan sənədlərdə göstərilən çox saylı faktlarla təsdiqlənir. Erməni dəstələri Zəngəzuru, Qarabağı və Naxçıvanı azərbaycanlılardan təmizləyirdilər.

 

Ermənistan ilə Türkiyə arasındakı ziddiyyət, ilk erməni respublikası üçün alçaldıcı olan 2 dekabr 1920-ci ildə Aleksandropol müqaviləsinin imzalanmasına səbəb oldu. Razılaşmaya əsasən, Ermənistan ərazisi xeyli azaldıldı, əhalisi məcburi hərbi xidmət hüququndan məhrum edildi, ordusu maksimum 8 top, 20 pulemyot və 1500 nəfər əsgər olaraq təyin edildi. Və yalnız sovetləşmə Ermənistanı onun üçün bu biabırçı müqavilədən qurtardı.

 

Təəssüf ki, sovetləşmə Azərbaycan üçün tarixi torpaqlarının bir hissəsinin itirilməsi ilə nəticələndi. 1920-ci ilin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 113.895.97 min kvadrat kilometr idi və sovetləşmədən sonra ölkə 29.338.2 kvadrat kilometr ərazisini itirmişdi. Bunlardan 12.779,6 kv. km. Ermənistana verilmişdi.

 

1918-ci ildə Ermənistan Respublikasının  qurulduğu dövrdə ərazisi cəmi 9,2 min kvadrat kolimetr idi. 1920-1922-ci illər ərzində Ermənistanın ərazisi 28,1 min kvadrat kilometrə qədər genişləndi. 1926-cı il əhalinin siyahıya alınmasına görə, Ermənistan ərazisi 30,24 min kvadrat kilometr idi. Yəni Sovet hakimiyyəti illərində Azərbaycanın itirdiyi ərazilərin 12 min kvadrat kilometri məhz Ermənistana verilmişdi.

 

Və əgər Tatoyan Azərbaycan-Ermənistan sərhədini ilk Ermənistan Respublikasının xəritələrinə uyğun olaraq qurmaq istəsə (qondarma deyil, həqiqi xəritələri xüsusilə vurğulayacağam), onda bu ölkənin ərazisi çox kiçiləcək. Ermənistan ombudsmanı özü də bilmədən çox həssas bir mövzuya toxundu və bu, 1920-ci illərdə Ermənistan ərazilərinin çoxunun Azərbaycan torpaqları olduğunu açıq şəkildə göstərir.

Müəllif: Asif Aydınlı