"Azərbaycan ərazisində rus əsgərinə heykəl qoymaq hörmətsizlikdir" - DEPUTAT

Aktual

12.11.2021 - 10:25

Aqil Abbas: "Qaragöl ətrafında saxlanılan 60 erməni silahlını əsir götürməməklə səhv etdik, onları təhvil vermək yox, tutub digər terrorçuların yanına qoymaq lazım idi"

Noyabrın 10-da Qarabağda Rusiya sülhməramlılarının hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açılıb. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

Xiyabanın açılışında Rusiya sülhməramlı kontingentinin ilk komandanı, hazırda isə Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradov iştirak edib. Rusiyanın TASS Agentliyində gedən məlumatda qeyd edilib ki, sözügedən xiyaban sülhməramlı qüvvələrin Qarabağa yerləşdirilməsinin birinci ildönümü münasibətilə yaradılıb. “Rusiya Şöhrət Xiyabanı” Azərbaycanın sülhməramlıların nəzarətində olan Xocalı şəhəri yaxınlığında salınıb.

Xankəndidə yerləşən sülhməramlıların hərbi şəhərciyində isə Rusiya sülhməramlısına abidə qoyulub. Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb. Abidənin açılış mərasiminə Rüstəm Muradov və sülhməramlı kontingentin hazırkı komandanı, general Gennadi Anaşkin qatılıblar. Bürünc abidə tam yaraqlı, çiynində "Kalaşnikov" avtomatı olan hərbçinin və ona gül verən qızcığazın təsvirindən ibarətdir.

Azərbaycanın rəsmi qurumları tərəfindən hələlik Qarabağda “Rusiya Şöhrət Xiyabanı”nın və Rusiya hərbçisinə abidənin açılmasına münasibət bildirilməyib. Azərbaycan ictimai sferasında isə Rusiyanın ölkəmizin ərazisində bu cür özbaşınalıqlara əl atması etirazla qarşılanır. Vətəndaşların ümumi fikri ondan ibarətdir ki, suveren bir ölkənin ərazisində yerləşən digər ölkənin hərbi kontingenti tərəfindən belə addımların atılması onun yerləşdiyi dövlətə və xalqa qarşı sayğısızlıqdır.

Milli Məclisin deputatı, yazıçı Aqil Abbas da AYNA-ya müsahibəsində deyib ki, bu hərəkət Rusiyanın hörmətsizliyidir:

- Sülhməramlıların ibadət etmələri üçün Xocalı yaxınlığında kilsə də inşa ediblər. Tiksinlər, biz gələcəkdə hansısa məbədi, dini ocağı uçurmağa həvəsli deyilik. Allaha şükrlər olsun, biz erməni deyilik ki, dini məbəd uçuraq. Amma indi park, xiyaban yaratmaq, o torpaqlara özününkü kimi yanaşma ədası göstərmək Rusiyanın ağ eləməsidir. Sülhməramlıların Qarabağda qalmaq müddəti var, müddət başa çatanda da gedəcəklər. Mən insanlarımızın narahatlığını, narazılığını anlayıram, başa düşürəm və haqlı da sayıram. Bizim suveren ərazimizdə rus əsgərinə heykəl qoymaq sayğısızlıqdır. Bəli, özümüz zamanı çatanda heykəl qoyardıq, amma onlar həqiqətən də sülhməramlı missiyanı yerinə yetirsəydilər.

- Demək, yerinə yetirmirlər...?

- Əlbəttə, yerinə yetirmirlər. Bilirsiniz, biz sülhməramlılar Qarabağdan çıxandan sonra həmin xiyabanı dağıtmayacağıq, o büstləri sökməyəcəyik. Bu, lazım da deyil. Məncə, həmin büstlərin qarşısına Xocalının qəhrəmanlarının – Əlifin (Milli Qəhrəman Əlif Hacıyev - A.B.), Ələsgərin (Milli Qəhrəman Ələsgər Novruzov - A.B.), Tofiqin (Milli Qəhrəman Tofiq Hüseynov - A.B.) və digər qəhrəmanlarımızın heykəllərini ucaldarıq. Xiyabanın da adını dəyişərik. Niyə darıxırsınız ki? Heç də darıxmayın, səbrli olun. İnsanlarımız səbrlərini bassınlar, düzələcək.

- Nə vaxt? Yəqin ki, sülhməramlıların 4 ildən sonra gedəcəklərini nəzərdə tutursunuz...

- Yenə deyirəm, bu, bizə qarşı böyük hörmətsizlikdir. Sülhməramlılar öz səlahiyyətlərindən kənara çıxırlar, ümumiyyətlə, üzərlərinə düşən vəzifəni yerinə yetirmirlər. Bu davranışı indi yox, ilk gəldikləri gündən nümayiş etdirirlər. Öz işlərindən başqa, demək olar ki, hər işlə məşğuldurlar. Bu, yolverilməzdir.

- Çıxış yolu nədədir?

- Bir-iki il gözləyək. Çıxış yolu onları ölkədən çıxarmaqdır. Bu hərəkətlərinin yolverilməz olduğunu özlərinə çatdırıb, “xoş getdiniz” deyilməlidir. Rəsmi səviyyədə onlara etiraz bildirilməlidir. Nəinki etiraz, nota – ultimatum verilməlidir. Nota sadəcə məktub deməkdir. Deməliyik ki, ya bu davranışlara son qoysunlar, ya da onların missiyasından imtina edirik. Bizə belə sülh missiyası lazım deyil.

- Ümumi vəziyyətdə də gərginlik var. Ermənistan yenidən Qaragöl istiqamətində təxribata əl atdı. Görünür, ermənilər sülhdə maraqlı deyillər...

- Ən böyük səhv Qaragöl ətrafında saxlanılan 60 erməni əsgərini əsir götürməməyimiz oldu. Bunlar keçiblər, tutun, gətirin digər terrorçuların yanına bağlayın da.

- Mühasirəyə alınıblar, sadəcə Rusiya sülhməramlılarının xahişindən sonra təhvil verilib. Rəsmi məlumatda belə deyilir.

- Səhv elə sülhməramlı deyilənlərin xahişinə müsbət cavab verməkdədir. Rusiya əsgərlərinə niyə deyilmir ki, ermənilər bu qədər təxribat edirlər, niyə qarşısını almırlar? Ermənistana söz keçirə bilmirlər? Əlbəttə, keçirirlər. Sadəcə istəmirlər. Əksinə, onlara “volya” verən sülhməramlılardır. Bayaqdan biz sülhməramlıların əməllərindən danışırıq. Elə özləri qanunu pozurlar, erməninin qarşısını alacaqlar?! Hər dəfə niyə biz, bizim müdafiə naziri Rusiya sülhməramlılarının xahişinə müsbət cavab verməli, hörmət etməlidir ki? Buna son qoymaq lazımdır.

- Hansı formada?

- Çox sərt və adekvat formada. Sərhədi kim keçirsə, əsir götürülməlidir. Bu gün mən gedim İran sərhədini qanunsuz keçim, nə edəcəklər?

- Yəqin ki, saxlayacaqlar...

- Saxlayıb başımı tumarlamayacaqlar ki... Həbs edəcəklər, elədir? Yaxud da, Rusiya sərhədini keçsəm, eyni hal olacaq. Biz də sərhədimizi keçəni həbs etməliyik, vəssalam. İndi bu dəfə bizimkilər Rusiyaya hörmət ediblər, xahişlərini yerə salmayıblar. Gələn dəfə hörmət etmək lazım deyil. Rusiya bu hörmətin qarşısında nə edir? Hörmətsizlik edir, ərazimizdə at oynadır, özbaşınalıq edir. Bilirsiniz, hər dəfə biz bu cür yumşaq davrananda, ayaqları yer alır. Ona görə də sərt, adekvat tədbir görülməlidir ki, o erməni bir də qələt edib sərhədimizi pozmasın. Dövlət sərhədimizi pozan şəxslərə qarşı silah işlətmək hüququmuz var, ondan da istifadə edilə bilər. Kimliyindən asılı olmayaraq, qanunlarımızı pozanı həbs etmək, müqavimət göstərərsə, vurmaq, zərərsizləşdirmək ixtiyarımız var.

- Bütün bunlara nə vaxtsa son qoyulacaqmı?

- Əlbəttə, qoyulacaq. O vaxt ki, Müdafiə Nazirliyi vəzifəsini yerinə yetirib adekvat tədbirlər görəcək. Artıq söz demək, xəbərdarlıq etmək lazım deyil. Birbaşa hərəkət etmək lazımdır.

Müəllif: Anar Bayramoğlu