15 min 450 nəfər Amnistiya Aktından yararlana bilib
Zəfər Günü ilə bağlı imzalanan Amnistiya Aktının icrası başa çatıb. Amnistiya ümumilikdə 15 min 450 nəfərə tətbiq olunub. AYNA-nın xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov keçirilən mətbuat konfransında bildirib.
Ələkbərov qeyd edib ki, 8626 nəfər cəzadan azad edilib, 6489 nəfərin cəzası azaldılıb, 332 nəfərin cinayət təqibinə xitam verilib.
"Amnistiya aktı 735 qadına, 45 yetkinlik yaşına çatmayana, 491 nəfər 60 yaşına çatmış şəxsə, 83 əcnəbi vətəndaşa şamil edilib", - deyə nazirlik rəsmisi qeyd edib.
M.Ələkbərov vurğulayıb ki, Amnistiya Aktı ilə 1200 nəfər məhkum pul cəriməsı cəzasından azad edilib: "Cərimələrin miqdarı ümumilikdə 1 milyon 500 min manat olub".
Amnistiya Aktı tətbiq edilən Vətən müharibəsi iştirakçılarının da sayı açıqlanıb. Rəis deyib ki, Amnistiya Aktı 86 nəfər Vətən müharibəsi iştirakçısına şamil olunub.
"İki il ərzində Pentensiar Xidmət yanında xüsusi komissiya tərəfindən 3560 məhkumla bağlı məhkəmələrə müraciət edilib və onlar vaxtından əvvəl cəzadan azad olunub. 840 məhkum isə məhkəmə qərarı ilə məntəqə tipli cəzaçəkmə müəssisinə keçirilib", - Ələkbərov əlavə edib.