Yeni Bakının köhnə arzusu - <font color=red> Çəkilin, tramvay gəlir</font>

Cəmiyyət

09.09.2019 - 16:26

BNA sözçüsü: "Bu gün sərnişindaşımada əsas yük marşrutların üzərinə düşür, avtobuslardan gün ərzində 2 milyon insan istifadə edir, ona görə də tramvayın olması daha yaxşıdır”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı şəhərində tramvay nəqliyyatının bərpa olunması məsələsini nəzərdən keçirir. Komitədən bu barədə danışmağın tez olduğu deyilsə də, şəhərdə hərəkətliliyi artırmaq üçün bu fikri nəzərdən keçirdiklərini bildiriblər.

 

Maraqlıdır, Bakıda tramvay xəttinin bərpasına nə qədər ehtiyac var? Bu, şəhərdəki tıxacın aradan qaldırılmasına nə dərəcədə təsir edə bilər? Bununla yanaşı, Bakı-Sumqayıt və Bakı-Xırdalan istiqamətlərində tramvay xətlərinin çəkilməsi mümkündürmü?

 

AYNAnın bu barədə suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev hesab edir ki, Bakı şəhərində tramvay xəttinə böyük ehtiyac var: “Sadəcə dəqiqləşdirmək lazımdır ki, hansı ərazilərdə buna ehtiyac daha çoxdur. Biz insanlara tövsiyə edirik ki, ictimai nəqliyyatdan istifadə etsinlər. Lakin bu gün Bakıda, metronu çıxmaq şərtilə, avtobuslar yeganə ictimai nəqliyyat vasitəsidir. Ona görə də alternativlərin olması vacibdir”.

 

“Çünki əsas yük marşrutların üzərinə düşür və avtobuslardan gün ərzində 2 milyon insan istifadə edir. Ona görə də tramvayın olması daha yaxşıdır”, - deyə o, bildirib.

 

Tramvay xəttərinin bərpası üçün nə qədər vaxt və nə qədər xərc lazım olduğuna gəlincə, BNA sözçüsü deyib ki, bunu bilmək üçün peşəkar dəyərləndirmə olmalıdır: "Öncə baxılmalıdır ki, tramvay xətlərinə hansı ərazilərdə tələbat var və bu ərazilər tramvay xətləri üçün əlverişlidirmi. Lakin tramvay xətləri bərpa olunsa, bu, şəhərdəki tıxacların aradan qaldırılmasına çox təsir edəcək”.

 

Yol-nəqliyyat eksperti Azər Allahverənov da AYNA-ya şərhində tramvay xətlərinin bərpasına böyük ehtiyac olduğunu qeyd edib: “Tramvay nəqliyyat vasitəsi kimi, ekologiyanın təmiz qalması üçün çox əlverişlidir. Bu, dünya praktikasında da özünü göstərib deyə, dünyanın inkişaf etmiş şəhərlərində də tramvaylardan istifadə olunur”.

 

O, tramvayın həm də təhlükəsiz nəqliyyat vasitəsi hesab olunduğunu deyib: “Biz dünya praktikasına nəzər salsaq, görərik ki, tramvay istifadə olunan ərazilərdə yol qəzalarının sayı heç 1 faiz də deyil. Bu da tramvayın nə qədər təhlükəsiz nəqliyyat vasitəsi olduğunu göstərir. Çünki tramvaylar adətən onlar üçün ayrılmış zolaqlardan istifadə edir. Bu da o deməkdir ki, digər nəqliyyat vasitələri ilə qarşılaşmır".

 

"Tramvaylar tıxacda da qalmır. Tıxacda qalmayan tramvaylar da, şübhəsiz ki, müəyyən olunmuş interval çərçivəsində sərnişinləri vaxtında ünvanına çatdıran bir vasitədir”, - deyə ekspert bildirib.

 

O ki, qaldı Sumqayıt-Bakı, Xırdalan-Bakı istiqamətlərində tramvay xəttinin çəkilməsinə, Allahverənov vurğulayıb ki, belə ərazilərdə, əsasən sürət qatarlarına üstünlük verilir: "Sözügedən ərazidə ən azından sürət qatarları məsələsi daha güclü tətbiq olunsa, tramvaylara ehtiyac qalmaz. Amma Bakı-Xırdalan-Bakı marşrutu üzrə tramvay xəttinə ehtiyac yarana bilər. Lakin buna yenə də aidiyyatı stutukturlar qərar verməlidir”.

Müəllif: Mərahim Nəsib