Almaniyada qlobal aclıq qorxusu: Rusiyaya qarşı sanksiyaların ləğvi çağırışı və...

Dünya

18.05.2023 - 22:19

Bundestaq sanksiyaları nəzərdən keçirməyə çağırdı: “Müharibə dünyada kütləvi aclıqla bağlı vəziyyətin pisləşməsinə səbəb olub”

“Avropa İttifaqı (Aİ) Rusiya və Belarusa qarşı sanksiyalar siyasətinə yenidən baxmalıdır ki, bu da ölkələrin taxıl və gübrə ixracına birbaşa təsir edir. Çünki Aİ-nin bu məhdudiyyətləri dünyada kütləvi aclığın artmasına səbəb olur”. Bu barədə Almaniya Bundestaqının Sol Partiyasının deputatları Almaniya hökumətinə müraciətində bildiriblər.

Bundestaqın Sol Partiyası adından deputatlar İna Latendorf, Qesine Letç, Klaus Ernst, Kristian Qerke, Yan Korte, Ralf Lenkert, Tomas Lutze, Viktor Perli və Bernd Rikşinqer çıxış ediblər. Onlar qeyd ediblər ki, Rusiya ilə Ukrayna arasındakı qanlı müharibə dünyada kütləvi aclıqla bağlı vəziyyətin pisləşməsinə səbəb olub. Onların fikrincə, beynəlxalq ictimaiyyətin tapdığı həll yolları “taxıl sazişi” şəklindədir ki, bu, vəziyyətin düzəlməsinə kifayət qədər təsir göstərməyib.

“Təəssüf ki, Qlobal Cənub ölkələri bu ixracatdan kifayət qədər faydalana bilmədi. Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (UNOCHA) məlumatına görə, taxılın yalnız 55 faizi inkişaf etməkdə olan ölkələrin payına düşüb. Bununla belə, “taxıl sazişi” taxılın dünya bazar qiymətinin indi 2021-ci il səviyyəsinə düşməsinə kömək etdi”, - Sol Partiya “taxıl müqaviləsi”nin nəticələrini şərh edərək belə hesab edir. Bununla belə, sözügedən formatın genişləndirilməsinin vacibliyini qeyd edir.

““Taxıl sazişi” üzrə danışıqların formatı daim genişləndirilməlidir. Üçüncü ölkələrin, xüsusilə Qlobal Cənub ölkələrinin ərzaq təhlükəsizliyinin geosiyasi maraqların oyuncağına çevrilməsinə imkan verilməməlidir”, - deyə Bundestaqın Sol Partiyasının deputatları hökumətə məktublarında bildiriblər.

Deputatlar gübrə ixracının da heç də az əhəmiyyət kəsb etmədiyi qənaətindədirlər: “Rusiya və Belarus əsas gübrə istehsalçılarıdır. Belarusdan gübrə ixracı 2021-ci ildən Aİ-nin sanksiyaları altındadır. İxrac daha sonra yüzdə 70 azaldı. Qlobal Cənub ölkələrində Belarus və Rusiyadan gələn gübrələrə təcili ehtiyac var. Dənizə çıxışı olmayan Belarusdan ixrac ən ucuz və tez müddətdə Avropa İttifaqı limanları vasitəsilə həyata keçirilir. BMT-nin tələbi ilə Aİ-də ilişib qalmış gübrələrlə yüklənmiş Rusiya yük gəmiləri buraxılıb. Lakin Aİ BMT baş katibinin Belarusa qarşı sanksiyalara yenidən baxılması tələbini rədd edib”.

Deputatlar hökumət qarşısında Rusiya ilə taxıl üzrə əməkdaşlığın genişləndirilməsi üzərində işləmək və kütləvi aclıq problemindən əziyyət çəkən ölkələrin ərzaq təhlükəsizliyinin xeyrinə bu sahədə məhdudlaşdırıcı tədbirlərin qismən götürülməsi məsələsini qoyublar.

“Kəskin aclıqdan əziyyət çəkən ölkələrdə vəziyyəti qısa müddətdə yumşaltmaq üçün Ukrayna ilə Rusiya Federasiyası arasında “taxıl sazişi”ni saxlamaq, ərzaq və gübrələrə qarşı sanksiyaları azaltmaq və bu malların oraya çatdırılmasını təmin etmək üçün bütün humanitar tədbirlər görülməlidir. Hazırda ən çox buna ehtiyac var”, - Sol Partiyasının nümayəndələri bildiriblər.

Bundestaq nümayəndələri Federal Hökuməti kənd təsərrüfatı məhsulları və gübrələrin ixracına birbaşa və ya dolayısı ilə mənfi təsir göstərən sanksiyaların və maneələrin aradan qaldırılmasını təmin etmək üçün Aİ səviyyəsində işləməyə çağırıblar.

Bundan əvvəl isə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb ki, Aİ ölkələri Rusiyadan kənd təsərrüfatı və ərzaq məhsullarının tədarükünü əngəlləmək niyyətlərinin olmaması barədə bəyanatlarına baxmayaraq, Rusiya taxılının dünya bazarlarına çıxışına mane olurlar. Nazirlik bu vəziyyəti Moskvaya qarşı sanksiyaların nəticəsi deyil, Aİ-nin məqsədi adlandırıb: “Aydın olur ki, Rusiya taxılının dünya bazarlarına, o cümlədən ən çox ehtiyacı olan ölkələrə çıxışına maneələr yaratmaq sanksiyaların “yan təsiri” deyil, onların məqsədlərindən biridir”.

Almaniya Federal Hökumətindən Bundestaq deputatlarına hələlik hansısa cavab verilməyib. Bəzi xarici ekspertlərin qənaətincə Almaniya hökuməti müraciəti nəzərə ala, Aİ qarşısında Rusiyanın kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaların yumşaldılması məsələsini qaldıra bilər. Çünki qlobal aclıq, xüsusilə, Qlobal Cənub ölkələrindəki humanitar aclıq fəlakət səviyyəsinə çatmaqdadır. Bu isə Avropa ölkələrini ciddi narahat edir.

Müəllif: Turan Abdulla

Ramanada faciə

Dünən, 17:26 Hadisə