ABŞ bir neçə gün ərzində Kiyevə silah təhvil verəcək

Dünya

22.04.2024 - 00:05

Silahlar Pentaqonun Almaniyadakı anbarlarından dəmir yolu vasitəsi ilə çatdırılacaq

ABŞ hərbi yardım haqqında qanun layihəsi imzalandıqdan sonra bir neçə gün ərzində Ukraynaya silah-sursat təhvil verə biləcək. AYNA xəbər verir ki, bu barədə “The New York Times”a Pentaqonun sözçüsü Patrik Rayder deyib.

“Bizim çox güclü logistika şəbəkəmiz var ki, bu da bizə əvvəllər etdiyimiz kimi, avadanlığı çox sürətlə köçürməyə imkan verir”, Rayder vurğulayıb.

Adı açıqlanmayan Amerika rəsmilərinin nəşrə verdiyi məlumata görə, silahlar Pentaqonun Almaniyadakı anbarlarından dəmir yolu vasitəsi ilə çatdırılacaq.

Ukraynaya yardım paketinə konkret nələrin daxil olacağı dəqiqləşdirilməyib, lakin Rayderin sözlərinə görə, hava hücumundan müdafiə və artilleriya üçün çoxlu sursat olacaq.

Qeyd edək ki, Respublikaçılar Partiyasının üstünlük təşkil etdiyi ABŞ Nümayəndələr Palatası aylarla davam edən müzakirələrdən sonra Ukraynaya böyük yardım paketini təsdiqləyib. Layihənin lehinə 311 konqresmen, əleyhinə 112 konqresmen səs verib.

Aşağı palata tərəfindən təsdiqləndikdən sonra qanun layihəsi Senat tərəfindən təsdiqlənməlidir. Səsvermə aprelin 23-nə təyin edilib. Demokratların çoxluq təşkil etdiyi Konqresin yuxarı palatasının Ukraynaya təxminən 61 milyard dollarlıq yardım paketini dəstəkləyəcəyi gözlənilir. ABŞ Prezidenti Co Bayden artıq bəyan edib ki, bundan sonra dərhal sənədi imzalayacaq.

Müəllif: Ayna.az