Muəllif:

Yurdum, yuvam, məskənimsəm…

«Mütləq «Oskar» mükafatı alacağam» deyəndən sonra jurnalistlər onu «yüksək ambisiyalı aktrisa» adlandırırlar. Söz yayırlar ki, ərköyündür, dünyanın pulunu da versən, ssenarisini bəyənmədiyi filmdə çəkilməz. Yazırlar ki, həddən artıq tələbkardır. Heç kimə, özünə də güzəştə getmir: «yaxşı» — onunçün pis qiymətdir, hər işi «əla» görməlidir. Teatr tamaşasında canlandıracağı obraz pyesdə cəmi iki dəqiqəlik bayan çalıb oxumalıdırsa, altı ay şəhərin bu başından o başına bayan çalmağı öyrənmək üçün kurslara gedəcək. Serialda üçcə dəqiqə belledans oynamalıdırsa, dörd ay göbək rəqslərindən dərs götürəcək. Əgər filmdə qəhrəmanının bütün ağrı-acısını, etirazını, vurğunluğunu və ümidsizliyini ifadə etmək üçün başını keçəl qırxdırmalıdırsa, gözündən yaş axa-axa gözəl saçlarını dibdən kəsdirəcək. Zəriflik və güc, emosionallıq və soyuq məntiq bu arıq bədəndə, necəsə, qoşa yaşayır.

Yüksək ambisiyası və hədsiz tələbkarlığı olmasaydı, onu 12 milyonluq İstanbulun küçələrində tanımazdılar, avtoqraf üçün saxlamazdılar. Women’s Health, Esquire kimi jurnallar onun adını dünyanın ən gözəl və istedadlı aktrisaları sırasında çəkməz, şəklini üz qabığına vurmazdılar.

Kinoda on illik fəaliyyəti ərzində o, 9 filmə çəkilib, məşhur seriallarda yaddaqalan rollar oynayıb. İlk filminə görə ard-arda üç festivalın «Ən yaxşı qadın oyunçu» mükafatına layiq görülüb. Ödülləri arasında Türkiyədə ən nüfuzlu «Altun Portağal» mükafatı da var: ikisi birdən.

Özünə ssenari seçmək «ərköyünlük»dürsə, gənc yaşlarında bu qədər uğura imza atmış türk aktrisası, əslən azərbaycanlı qızı Nəsrin Cavadzadə niyə də ərköyünlük etməsin?

Uşaqlıq

Nəsrin böyük və mehriban ailəsi ilə fəxr edir. Lap kiçik yaşlarından atasından ayrı yaşamalı olsa da, ata qohumları barədə sevgiylə danışır. «Yeri gəlmişkən, mən mətbuatın yazdığı kimi, Miri Cavadzadənin deyil, onun böyük qardaşı Asəf Cavadzadənin nəvəsiyəm», deyə düzəliş verir. O, 11 yaşınadək Bakıda nənələri və babalarının, əmiuşaqları və xalauşaqlarının əhatəsində böyüyüb. «Yumor hissi, çalıb-oxuyub-oynamaq həvəsi mənə onlardan keçib. İndi də Bakıdan qohumlarımız gələndə, ya mən Vətənə gedəndə hər axşam yığışırıq, olub-keçənləri xatırlayırıq, deyib-gülür və əlbəttə ki, mahnı oxuyuruq. Azərbaycan mahnılarını sevirəm, onlardan birini isə daim təkrarlayıram: «Yurdum, yuvam, məskənimsən, Azərbaycanım… Dilimə necə düşübsə, yol gedəndə də öz-özümə zümzümə edirəm. Nostalji hissi məndə güclüdür. Həmişə, sanki, nəyimsə çatışmır, kökümdən ayrı düşmüşəm». Nəsrinin üzü gülür, gözləri isə dolur.

Anası ilə İstanbula köçdüyü ilk aylarda hər şey onun xoşuna gəlirdi: gözəl binalar, körpülər, parklar, cürbəcür uşaq əyləncələri, təzə paltarlar… Amma qayğısız günlər tez bitdi, alabəzək donları məktəbli formasına dəyişmək vaxtı yetişdi. Rusdilli azərbaycanlı ailəsində böyümüş, dördüncü sinfə qədər rusca təhsil almış qızcığaz tamamilə fərqli dil mühitinə düşmüşdü. Təzə sinif yoldaşlarına özünü təqdim edəndə sadəlövhcəsinə demişdi ki, «azərbaycanlıyam, ancaq rus dilində danışıram».

O zaman SSRİ yenicə dağılmışdı, keçmiş sovet məkanından on minlərlə adam mövsümi qazanc dalınca Türkiyəyə üz tuturdu, bunların da böyük qismi rus qadınlarıydı. Demək olar, hər gün qəzetlərdə bu qadınlarla bağlı qalmaqallar dərc olunurdu. «Bax onda mən həyatımda ilk dəfə qəddarlıqla, uşaq qəddarlığı ilə üzləşdim, — deyə Nəsrin Türkiyədə məktəbli həyatının ilk təəssüratları ilə bölüşür. – Məni pis adlarla çağırırdılar, ələ salırdılar, mənsə cavab verə bilmirdim. Gecələr anamdan gizlin ağlayırdım. Özümü müdafiə etmək üçün yol axtarırdım. Və tapdım: dözəcəyəm, çalışacağam! Uğur qazanacağam, tanınacağam! Türk dilini tükrlərdən yaxşı öyrənəcəyəm, heç kəs xarici olduğuma inanmayacaq. Oxumaqda dalımca çata bilməyəcəklər! Davamlı çalışmaların nəticəsi oldu: mən İstanbulun ən nüfuzlu liseylərindən birinin buraxılış sinifləri arasında liderlik qazandım. Düzdür, üstəlik nevroz da qazandım. Amma arzuma doğru böyük addım atdım».

Nəsrin başa düşür ki, anası onu bu «böyük arzular və imkanlar» şəhərinə gətirməsəydi, təhsilinə bunca qüvvə və vəsait sərf etməsəydi, həyatı başqa cür ola bilərdi. «Anama çox minnətdaram. İndi anlayıram ki, onun üçün necə çətin olub. Xüsusilə ilk vaxtlar. Mənim çətinliklərim onunkuların yanında heç nə imiş. Həkim işləyirdi, puluna görə gecə növbəsinə də gedirdi. İkicəciyimiz qalmışdıq. O, mənə atamı da, nənələrimi də, babalarımı da, əmiuşaqları-xalauşaqlarımı da əvəz edirdi. Mənə inanırdı, ruhlandırırdı, hər şeydə dadıma yetirdi».

Karyera

Aktrisa olmaq arzusu tanınmaq, öz uğurlarını başqalarına, ilk növbədə məktəb yoldaşlarına nümayiş etdirmək istəyindən irəli gəlirdi. «Baxın, mənə ad qoyurdunuz, indi adımı qürurla çəkin, birgə oxuduğumuzla fəxr edin!» Hələ lisey illərində Nəsrin teatr dərnəyinə yazılmışdı, tamaşalarda rollar oynayırdı. Amma ali məktəbə qəbul vaxtı gələndə Mərmərə universitetinin televiziya və kino fakultəsini, rejissorluq ixtisasını seçdi.

«Bir aktrisa kimi, özümü kameranın önündə görmək istəyirdim. Təəssüf ki, Türkiyədə kino aktyorları hazırlayan fakultə yox idi, teatr isə məni az cəlb edirdi. Ona görə qərara aldım ki, rejissorluq oxuyum, «kameranın arxasında» dayanmalı olsam da, məhz kino işini öyrənim», — Nəsrin seçimini izah edir. Universitetdə oxuduğu beş ildə o, beş qısametrajlı film çəkdi. İstedad hər yerdə istedaddır: onun «Allah qəbul eləsin» sənədli filmi Berlin festivalına dəvət aldı. Filmdə oruc saxlayan adamın sübh azanına qalmış son dəqiqəsi anbaan təsvir edilirdi.

Nəsrinin qəhrəmanları, adətən, parlaq və güclü obrazlardır, köhnəlmiş adət-ənənələrə, toplumun iradəsinə qarşı gedə bilən, mənliklərini, xoşbəxtliklərini qorumağa çalışan qadınlardır. «Rollarım o dərəcədə dramatikdir ki, çox vaxt filmlərdə ağlamalı oluram. Həyatda isə şənəm, yumoru, deyib-gülməyi xoşlayıram. Odur ki, mükafatlarım arasında «Yanğın var» filminə görə aldığım Sadri Alışıq adına ödülü üstün tuturam. Sadri Alışıq Türkiyənin məşhur komediya ustasıdır. Bu mükafatı da mənə «komediya janrında ən yaxşı qadın rolu»na görə veriblər».

Nəsrin keyfiyyətli filmlərə çəkilir, seriallarda nadir hallarda görünür. Bəlkə, bu səbəbdən vətənində az tanınır. Axı indi əksəriyyət seriallara baxır. Azərbaycandan isə heç vaxt heç bir təklif almayıb. «Mən azərbaycanlıyam, çox istərdim ki, yaradıcılıq uğurlarımı soydaşlarımla bölüşə bilim. Əlbəttə, çağırsaydılar, öz filmimizə də həvəslə çəkilərdim. Amma hələ ki, doğma diyarımdan özümə «bu, bizim qızımızdır» münasibəti görməmişəm. Bəlkə, mənim də günahım var: heç hara müraciət etməmişəm, heç kimdən heç nə istəməmişəm. Sadəcə, bunu bacarmıram. Bakıya bir dəfə, necə deyərlər, «rəsmi» səfər etmişəm. Yunus Emre İnstitutu Çanaqqala döyüşü haqqında «Son məktub» filminin təqdimatını keçirirdi. Həyəcan içindəydim, ilk dəfə idi ki, vətənimdə auditoriyanın qarşısına çıxırdım».

Xaricdənsə artıq Nəsrini çəkilişlərə dəvət etməyə başlayıblar. Bir il əvvəl o, Hollivudun məşhur serialı «Əfsanələr»də (Legends) amerikalı aktyor Şon Binin tərəf-müqabili oldu. Hazırda aktrisa eyni zamanda iki layihədə iştirak edir, bir neçə kompaniya ilə danışıqlar aparır. Yaxın vaxtlarda Nəsrinin əsas rollardan birini oynadığı «Kabus» filmi Türkiyə ekranlarına çıxacaq.

Əzablı yollarla

Aktyor həyatının «bəxtəvər saatları»i ilə yanaşı, tamaşaçının gözündən gizlin ağır günləri də var. Səfərlər, məşqlər, çəkilişlər, dubllar, gecə-gündüz, isti-soyuq bilmədən gərgin əmək… Seriallardan birində ailəsinin iradəsinə qarşı çıxmış qızı qışda çayda boğurlar. Rejissor həmin səhnəni bir neçə dəfə təkrar çəkməyi lazım bildi. Nəticədə, xüsusi kostyum geyinməsinə baxmayaraq, Nəsrin sətəlcəm oldu, aylarla yataqda qaldı.

Hər yeni rol – yeni taledir. Həmin taleni özününkü kimi yaşamalı, dəfələrlə döyülməli, əzilməli, yıxılmalı, yenidən qalxmalı olursan. Elə uzun xəstəlikdən qalxmaq kimi bir şeydir bu…

Bəzənsə pərəstişkarların «məhəbbəti» çox əcayib formalar alır. «Görsəniz, nələr yazırlar, nələr təklif edirlər!.. Həmkarlarım belə şeylərə əhəmiyyət vermirlər, mənə də məsləhət görürlər. Başa düşürəm ki, bu peşəni seçmişəmsə, dözməliyəm. Amma öyrəşə bilmirəm. Özümü alçaldılmış hiss edirəm, yaxınlarımın da əvəzinə həyəcan keçirirəm, əhvalım pozulur, əlim işdən soyuyur. Buna görə Feysbuk, Tvitter, İnstraqram səhifələrimi bağlamışam, şəbəkələrə girmirəm».

Nəsrinin fikrincə, qadının maddi müstəqilliyə nail olması çox vacibdir. Bunun üçün, ilk növbədə, yaxşı təhsil almalı, inadkarlıq göstərməlisən. Və bir də ailənin dəstəyini hiss etməlisən. «Əgər nə vaxtsa bədii film çəkməyə cəsarət etsəm, bu, Qadın haqqında film olacaq. Ana, bacı, arvad haqqında yox, Qadın haqqında. Müasir və müstəqil, amma kişilərə oxşamayan, feminizmə yuvarlanmayan, zərifliyini qoruyan, sevən və sevilən Qadın haqqında. Bir şərtlə ki, filmdə baş rolu özüm oynayım», — Nəsrin yenə gülür.

Caz, İsfar, Azərbaycan

Nəsrin musiqi dinləməyi, filmə baxmağı, kitab oxumağı, idmanı və rəqsi xoşlayır. Heyvanları sevir, pişikləri var. İşi çox olduğundan teatra-konsertə az-az gedir. Amma İsfar Sarabskinin İstanbul caz festivalında çıxışını ötürə bilməzdi. Konsertdən gec xəbər tutduğundan o, ancaq ayaq üstündə dayananlar üçün bilet ala bildi. «İstanbulun bütün azərbaycanlı ziyalıları, iş adamları, səfirlik işçiləri zala yığışmışdılar. İsfar – dünya çaplı sənətkardır, böyük istedaddır. Zalda məni tanıdılar, arxada dayandığımı görüb yaxınlaşdılar, qabağa apardılar, lap ön cərgədə kimsə qalxıb yer verdi. Konsertdən sonra əhatəyə aldılar. «Fəxrimizsən», deyirdilər. Deyirdilər, «türklər bəzən bizə kiçik qardaş kimi baxırlar, sənsə sübut etdin ki, biz özümüz böyük ola bilirik». Dünyada insanın zəhmətinə bundan yüksək nə qiymət verilə bilər?! Özümü güclə saxlayırdım, bərkdən oxumaq istəyirdim: Yurdum, yuvam, məskənimsən…»

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (5 оценок, среднее: 10,00 из 10)
Oxunma sayı: 342