ABŞ “Pobeda”ya sanksiya tətbiq edib

Dünya

02.05.2024 - 10:42

ABŞ hakimiyyəti yeni sanksiyalar paketinin tətbiq edildiyini, 300-ə yaxın şəxs və şirkətlərin “qara siyahı”ya salındığını elan edib

ABŞ hakimiyyəti Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiq edildiyini, o cümlədən 300-ə yaxın şəxs və şirkətlərin “qara siyahı”ya salındığını elan edib. AYNA xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamentinin və ABŞ Maliyyə Nazirliyinin yaydığı açıqlamalara görə, onların arasında Rusiyanın ən böyük loukoster şirkəti olan “Pobeda” da var.

Dövlət Departamenti qeyd edib ki, 2014-cü ildə yaradılan və 100 faiz “Aeroflot”a məxsus olan “Pobeda” Rusiyaya avialaynerlər üçün komponentlərin və ehtiyat hissələrinin tədarükünü qadağan edən aviasiya sanksiyalarını pozub.

Departament bildirir ki, şirkət Amerika və Avropa istehsalı olan təyyarələri idarə etməyə davam edir və keçən il 1 milyon dollar dəyərində sanksiyaya aid məhsullar daşıyıb.

Bundan əlavə, Dövlət Departamenti vurğulayıb ki, 2024-cü ilin yanvarında “Pobeda” İranın “Mahan Air” şirkətinin köməyi ilə Hindistandan təyyarələr üçün ehtiyat hissələrinin daşınmasında iştirak edib.

Bundan sonra şirkət SDN-siyahısına daxil edilib: onun aktivləri, eləcə də “Pobeda”nın 50 faizdən çox paya sahib olduğu bütün törəmə müəssisələrinin əmlakı bloklanmaya məruz qalıb. Amerika vətəndaşlarına və şirkətlərinə onunla hər hansı əməliyyat aparmaq qadağandır.

Keçən il “Pobeda” 13 milyon sərnişin daşıyıb və “Aeroflot”dan fərqli olaraq 21,3 milyard rubl gəlir əldə edib. 2023-cü ildə “Aeroflot” daha 14 milyard rubl itirib.

Müəllif: Ayna.az