Keçmiş Bundesver zabitindən etiraf: Rusiyaya casusluq edirmiş

Dünya

30.04.2024 - 12:33

Tomas H bu hərəkətini müharibənin Almaniya ərazisinə sıçrayacağından qorxması və ailəsini qorumaq istəməsi ilə izah edib

Almaniya Bundesverinin keçmiş zabiti gizli hərbi məlumatları Rusiyaya ötürdüyünü etiraf edib. AYNA xarici mediaya istinadən bildirir ki, onun məhkəməsi Düsseldorfda keçirilir.

Hərbçinin sözlərinə görə, o, Ukraynada müharibənin qızışmasının qarşısını almağa kömək edəcəyinə ümid etdiyi üçün Rusiya tərəfinə öz xidmətlərini təklif edib.

Alman mətbuatı təqsirləndirilən şəxsin adını və baş hərflərini yazır - Tomas H.

Prokurorluğun məlumatına görə, 2023-cü ildə Tomas Rusiyanın Bonndakı Baş Konsulluğu ilə əlaqə saxlayıb və əməkdaşlıq təklif edib. Tomas H. ordu üçün silahların alınmasından məsul olan şöbədə kapitan rütbəsi ilə xidmət edirmiş. Hər il milyardlarla avro dəyərində müdafiə müqavilələri bağlayan zabitlərdən olub.

İttiham tərəfi iddia edir ki, Tomas H. Rusiya konsulluğuna sursat və təyyarələrə aid texniki məlumatlar və sənədlərin fotoşəkilləri ilə faylları təqdim edib.

Məhkəmədə hərbçi özü günahını etiraf edib. O, bu hərəkətini Rusiya-Ukrayna münaqişəsinin qızışmasından qorxması, müharibənin Almaniya ərazisinə sıçrayacağından qorxması və ailəsini qorumaq istəməsi ilə izah edib. O, Rusiyayönlü baxışları ilə tanınan sağçı “Almaniya üçün Alternativ” Partiyasının üzvüdür. Onun xidmətlərinə görə Rusiyadan pul alıb-almadığı açıqlanmır.

Tomas H. keçən ilin avqustunda həbs edilib. Həbs edildikdən sonra Almaniyanın daxili işlər naziri Nensi Feser dövlət qurumlarında yoxlamaların sərtləşdirilməsini tapşırıb.

Müəllif: Ayna.az