Ermənistan NATO ilə hərbi əməkdaşlıq planı imzalayıb

Dünya

02.05.2024 - 11:16

“Ermənistan-NATO arasında mövcud hərbi əməkdaşlıq proqramları və onların genişləndirilməsi imkanları müzakirə edilib”

Ermənistan və NATO 2024-cü il üçün hərbi əməkdaşlıq proqramını razılaşdırıb və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdiriblər. AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan Baş Qərargah rəisinin müavini Artur Yeroyanın Alyansın Brüsseldəki qərargahına səfəri zamanı tərəflər məsləhətləşmələr aparıblar.

“Proqram çərçivəsində Ermənistanda hərbi təhsil müəssisələrinə və təlim mərkəzlərinə göstərilən dəstəyin nəticələri müzakirə edilib, əməkdaşlığın yeni istiqamətləri müəyyən edilib”, - deyə Ermənistan Müdafiə Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, xüsusilə, 2025-ci ildə qarşılıqlı əlaqə imkanları müzakirə edilib.

Görüş zamanı Yeroyan NATO-nun Beynəlxalq Hərbi Qərargahının təhlükəsizlik üzrə əməkdaşlıq üzrə direktoru general-leytenant Dacan Tiberiu Şerban ilə də ayrıca söhbət edib.

“Ermənistan-NATO arasında mövcud hərbi əməkdaşlıq proqramları və onların genişləndirilməsi imkanları müzakirə edilib”, - Müdafiə Nazirliyinin məlumatında əlavə edilib.

Qeyd edilib ki, hazırda Ermənistan NATO-nun “Cəsur döyüşçü” hərbi təlimlərində iştirak edir. Aprelin 30-dan Müdafiə Nazirliyinin tibb batalyonu Macarıstanın Bakonikut poliqonunda yerləşib. Bununla yanaşı, manevrlərdə 32 ölkədən hərbi tibb bölmələri və 7 mülki təşkilat iştirak edir. Təlimlər mayın 10-dək davam edəcək.

Martın sonunda Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan bildirib ki, ölkə hələ Şimali Atlantika Alyansına qoşulmağı planlaşdırmır: “Biz artıq NATO ilə əməkdaşlıq edirik – Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edirik, Kosovoda mövcudluğumuzu artırırıq. Söhbət NATO-ya daxil olmaq niyyətindən gedirsə, bu gün məsələ gündəmdə deyil”.

Alyansın baş katibi Yens Stoltenberqin mart ayında Ermənistan, Azərbaycan və Gürcüstana səfərini şərh edən Kreml də öz növbəsində bildirib ki, NATO-nun Qafqazda mövcudluğunu genişləndirmək cəhdləri “açıq gözlə görünür”.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan hakimiyyəti həm Alyansla, həm də ayrı-ayrı üzv ölkələrlə “NATO ilə siyasi dialoqun inkişafını davam etdirməkdə və tərəfdaşlığı genişləndirməkdə maraqlıdır”. Paşinyan həmçinin NATO ilə fərdi şəkildə hazırlanmış proqram şəklində yeni əməkdaşlıq formatının tezliklə təsdiqlənməsinə ümid etdiyini bildirib.

“Regionumuzda baş verən hadisələr fonunda Ermənistanın müqavimət səviyyəsini gücləndirməsi və müvafiq müdafiə imkanlarını inkişaf etdirməsi son dərəcə vacibdir”, - Paşinyan bildirib.

Müəllif: Ayna.az