Avropa Şurasının baş katibi Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb

Aktual

30.04.2024 - 15:04

“1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesi ilə bağlı son razılaşmaları alqışlayıram”

Avropa Şurasının baş katibi Mariya Pejçinoviç-Buriç Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayıb. AYNA xəbər verir ki, bu barədə Avropa Şurasının baş katibi “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Mən Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanan sərhədlərin delimitasiyası prosesi ilə bağlı son razılaşmaları alqışlayıram”, - nəşr yazır.

Xatırladaq ki, Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Azərbaycan Dövlət Komissiyası ilə Ermənistan Komissiyasının 8-ci iclasının yekunları üzrə əldə olunmuş razılaşmalara uyğun olaraq Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə iki ölkənin ekspert qrupları Azərbaycan Respublikası və Ermənistan Respublikası sərhədində aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.

2024-cü il aprelin 23-də yerlərdə aparılan geodeziya ölçmələri əsasında koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.

Müəllif: Ayna.az