Yeni dövrün tələbi: “Bu parlament seçkiləri fərqli olacaq”

Siyasət

26.06.2024 - 13:46

Həkimlər Klinikalar SEO Xidməti

İqbal Ağazadə: “Bu seçkilərdə seçici rəyinin əsas faktor olacağı gözlənilir”

İyunun 21-də Azərbaycan Milli Məclisi özünün buraxılması və növbədənkənar parlament seçkilərinin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib. Parlament qərara gəlib ki, COP29 zamanı Milli Məclisin Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra yeni tərkibdə təmsil olunması, parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsi, habelə ölkə üçün bu əhəmiyyətli tədbir zamanı normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsi üçün həmin vaxta qədər Milli Məclisin yeni çağırışının tam formalaşdırılması zəruridir.

Xatırladaq ki, Milli Məclis bu müraciəti hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlarının qaldırdığı təşəbbüslə qəbul edib.

Artıq Prezident İlham Əliyev parlamentin bu il buraxılmasının Azərbaycan Konstitusiyasına uyğunluğunu yoxlaması üçün Konstitusiya Məhkəməsinə sorğu göndərib. Məhkəmə sorğuya mahiyyəti üzrə iyunun 27-də baxacaq.

Azərbaycanda əksər siyasi təşkilatlar, ictimai-siyasi şəxslər isə növbədənkənar parlament seçkilərində iştirak edəcəklərini və buna hazırlıqlar gördüklərini bəyan edirlər. REAL Partiyası, Ümid Partiyası kimi siyasi qurumlar demək olar ki, namizədlikləri irəli sürüləcək şəxslərin seçki dairələrini müəyyənləşdirməklə məşğuldurlar.

Növbədənkənar parlament seçkiləri ilə bağlı AYNA-nın suallarını cavablandıran Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə deyib ki, Azərbaycan Konstitusiyasının müvafiq maddəsinə uyğun olaraq, parlament seçkiləri bu il noyabr ayının birinci həftəsinin bazar günü keçirilməli idi:

- Hansı ki, bu, noyabrın 3-ə təsadüf edirdi. Məlumdur ki, Azərbaycanda noyabr ayında böyük beynəlxalq tədbir – COP29 keçiriləcək. Belə bir tədbir ərəfəsində seçkilərin keçirilməsi problematik ola bilər. Ona görə də gözlənilirdi ki, parlament seçkiləri növbədənkənar keçiriləcək. YAP-ın Prezidentə Milli Məclisin buraxılması və yeni seçkilərlə bağlı müraciəti bu baxımdan, təəccüblü deyil. Sabah Konstitusiya Məhkəməsi bu məsələyə baxacaq, Konstitusiyaya uyğunluğunu yoxlayacaq, rəy verəcək. Bundan sonra Prezident yəqin ki, seçkilərin keçirilməsi günü ilə bağlı Sərəncam imzalayacaq. Çox güman ki, növbədənkənar parlament seçkiləri sentyabrın əvvəllərinə təsadüf edəcək. Seçkilərin ya sentyabrın 1-nə, ya da 7-nə təyin ediləcəyi güman olunur. Demək istəyirəm ki, növbədənkənar seçkilər təəccüb yaratmamalıdır.

- Bu seçkilərdən nə gözləyirsiniz?

- 10 yanvar 2024-cü ildə cənab Prezident İlham Əliyev çıxışında bildirdi ki, Azərbaycanda yeni dövr başlamalıdır, həm də Qarabağ zəfərini heç kəs istismar etməməlidir. Həqiqətən də, Azərbaycanda yeni dövr başlayıb, ərazi bütövlüyü bərpa olunub. Prezidentin dediklərinə istinad edərək söyləmək olar ki, bu seçkilər əvvəlki seçkilərdən xeyli dərəcədə fərqlənəcək.

- Söhbət hansı fərqdən gedir?

- Əvvəlki seçkilərin demək olar ki, hamısında seçici rəyi önəmli deyildi. Amma güman edirəm ki, bu seçkilərdə seçici rəyinin əsas faktor olacağı gözlənilir. Hər halda, şəffaf, demokratik seçkilərin keçirilməsini istəyirik, bunu gözləyirik. Yeni dönəmə qədəm qoyan Azərbaycanda seçki institutu inkişaf etməlidir, yeni dönəmə uyğun seçkilər baş tutmalıdır.

- Belə proqnozlar var ki, qarşıdan gələn seçkilərdə formalaşacaq parlament də müvəqqəti olacaq. Çünki Konstitusiyada dəyişiklik gözlənilir ki, bundan sonra yenidən parlament seçkilərinə zərurət yarana bilər. Sizcə, növbəti çağırış Milli Məclis də qısa müddətdə buraxılacaq?

- İndidən növbəti seçkilərdə formalaşacaq parlamenti “müvəqqəti parlament” adlandırmağın, proqnozlaşdırmağın tərəfdarı deyiləm. Amma Azərbaycanda siyasi sistemlə bağlı, Konstitusiya ilə bağlı islahatlara ehtiyac var. Bəzən bildirilir ki, bizdə deputat yerlərinin sayının artırılması mütləqdir. Amma məncə, say o qədər də önəmli deyil. Məsələn, qardaş Türkiyədə 62 milyon seçici var, parlamentində isə 600 deputat var. Yəni hər 100 min seçiciyə bir deputat düşür. Ona görə də düşünürəm ki, bu, elə də önəmli faktor deyil. Lakin siyasi institutların cəmiyyətdə yeri və nüfuzunu artırmaq lazımdır. Qonşu dövlətlərdən ideoloji sistemlər vasitəsilə cəmiyyətə təzyiq, vətəndaş liderləri vasitəsilə prosesi yönləndirmə cəhdləri Azərbaycanda siyasi institutların rolunu artırmağa ehtiyacı göstərir. Bunun üçün mütləq proporsional seçki sistemi bərpa olunmalıdır. Bu sistemin bərpası əslində ideoloji xətlərlə vətəndaş liderləri vasitəsilə cəmiyyəti tənzimləməyə, idarə etməyə, yaxud da ictimaiyyətə təsir etməyə çalışan qüvvələri kənarlaşdıracaq. Siyasi institutlarda bir şəxsin, yaxud da ideologiyanın hakim olması, Azərbaycan üçün zərərli olan hansısa tendensiyanı siyasi partiyalar vasitəsilə gerçəkləşdirmək imkanı minumumdur. Çünki kollegial orqanlarda müxtəlif düşüncəli, yanaşmalı insanlar olur.

Biz də gözləyirik ki, Konstitusiyada islahatlar olsun. Lakin bu il Konstitusiyada islahatın gerçəkləşməsi üçün referendumun keçirilməməsini həm də beynəlxalq tədbirlərlə əlaqələndirirəm. Növbəti illərdə qanunvericilik təşəbbüsü ilə çıxış etmək təşəbbüsü olan şəxslər – cənab Prezident, Milli Məclis, yaxud 40 min vətəndaşın imzası ilə qanunvericilik təşəbbüsü irəli sürülə bilər. Gözləyirik ki, Konstitusiyada həm bələdiyyələrin səlahiyyətləri artırılsın, həm də Milli Məclisin statusu artırılsın, idarəetmə formasında dəyişikliklər olsun.

- Ümid Partiyası seçkilərdə hansı formada iştirak edəcək?

- Bizim partiya seçkilərə hər zaman hazır olub. Ümid Partiyası hər zaman seçki bitən gündən növbəti seçkilərə hazırlaşır. Sadəcə seçkilərdə iştirak etmək, yaxud etməməklə bağlı kollegial qərar verilir, ondan sonra növbəti addımlarımızı atırıq. Növbədənkənar seçkilərdə Ümid Partiyası namizədləri ilə iştirak etmək qərarı verib. Hələlik 75 nəfər partiyanın Mərkəzi Aparatına namizəd olmaq istəyi ilə bağlı müraciət edib. Bunlardan 60 nəfərin hansı dairədən namizəd olacağı müəyyənləşdirilib, 15 nəfərin dairəsinin müəyyənləşdirilməsi prosesi gedir.

Yeri gəlmişkən deyim ki, Ümid Partiyası indiyədək iki seçkidə - 2004-cü ilin bələdiyyə və 2018-ci ilin prezident seçkilərində iştirak etməyib. Bu il keçirilən prezident seçkilərində Prezident İlham Əliyevi müdafiə etməklə iştirakçı olduq.

- Sizin namizədliyinizi verəcəyin iz dairə müəyyənləşibmi?

- Mən ötən seçkilərdə 35-ci Xətai Üçüncü Seçki Dairəsindən namizədliyimi irəli sürmüşdüm. Həmin dislokasiya yeri indi yeni dislokasiyaya uyğun olaraq 36-cı Xətai-Suraxanı Seçki Dairəsi qismində MSK tərəfindən müəyyənləşib. Mənim əvvəl namizəd olduğum seçki dairəsindəki ərazilər saxlanılmaqla daha 10 məntəqə Suraxanı rayon ərazisindən əlavə olunub. Bu da seçicilərin sayının artması ilə bağlıdır. Hələlik qərar budur ki, mən həmin dairədən namizədliyimi irəli sürüm.

Müəllif: Anar Bayramoğlu