Rusiya XİN: Azərbaycanla Ermənistan arasında razılıq əldə olunsa...

Siyasət

18.12.2019 - 19:25

Mariya Zaxarova: “Biz girovların dəyişdirilməsi kimi vacib aksiyanı alqışlayırıq”

 

“Saxlanılan şəxslərin mübadiləsi ilə bağlı Azərbaycan və Ermənistan arasında razılıq əldə olunarsa, Rusiya bunu dəstəkləyəcək. Girovların mübadiləsi məsələsi hər zaman danışıqların gündəmindədir”.

 

AYNA oxu.az-a istinadən xəbər verir ki, bu gün keçirdiyi mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova belə fikir səsləndirib. Onun sözlərinə görə, girovların dəyişdirilməsi mövzusu bu ilin aprelində Moskvada keçirilən görüşdə müzakirə olunub.

 

“Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri və ATƏT-in Minsk qrupu həmsədrləri bu görüşdə iştirak ediblər. Tərəflər həbsdə saxlanılan şəxslərin yaxınlarının onlarla görüşə bilməsi barədə qarşılıqlı razılıq əldə ediblər”, - deyə XİN rəsmisi əlavə edib.

 

Zaxarova xatırladıb ki, 2019-cu ilin iyun ayında Azərbaycan vətəndaşı və Ermənistan vətəndaşı Beynəlxalq Qırmızı Xaç Komitəsinin yardımı ilə vətənlərinə qayıdıb: “Rusiya bu kimi vacib aksiyanı alqışlayır. Bunu həbsdə olanların vəziyyətinin asanlaşdırılmasında ilk addım kimi görürük. Digər həbsdə olanlarla bağlı da iş gedir. Razılıq əldə olunsa, şübhəsiz ki, bunu dəstəkləyəcəyik”.

Müəllif: Ayna.az