Var idi hər yarağımız, çatmırdı saqqal darağımız – <font color=red> AXI NİYƏ?!</font>

Cəmiyyət

11.05.2020 - 10:25

Kərbəlayi İsmayıl özü bunları görsəydi, yəqin belə deyərdi: “Oğlum Yadullanın müsibəti bunun yanında yalan oldu”

 

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

 

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

 

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

 

AYNA-nın oxucularının diqqətini ara-sıra ölkəmizdə və dünyada baş verən bu və ya digər hadisələrdə gözəçarpan qəribəliklərə yönəltmək üçün “Axı niyə?!” rubrikasına davam edirik.

 

“Ay cammat! Bu kino ki var, bu, çox qəliz məsələdir! Həm qəlizdir, həm də vacib”. Rəhmətlik Səməndər Rzayevin “Bəyin oğurlanması” filmində dediyi bu sözlər el arasında, necə deyərlər, “qızıl deyimə” çevrilib. Hansısa kinodan, kino problemlərindən danışanda mütləq bu ifadə yada düşür. Amma bugünkü mövzumuz, hörmətli oxucu, kino problemlərindən deyil, dünyada və Azərbaycanda qəbul edilən bəzi qərarların absurdluğu barədədir ki, həmin qərarlar kinomuza və televiziyamıza birbaşa təsir edir.

ARB Media Qrupun rəhbəri MTRŞ sədri seçilib

Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası (MTRŞ) neçə illərdir ki, telekanllarımızda baş verən bayağılığı, söyüşləri, yekəxanalığı, mənasızlığı qoyub bir kənara, qərara gəlib ki, kinolarda göstərilən tütünlü səhnələrə görə telekanalları cəzalandırsın. ATV “Bəzədilmiş duvaq”, “Lider” TV isə “O qızı tapın” bədii filmlərinə siqaret olan səhnələri retuşlamadığı üçün müəyyən bir müddət efirdə yayımları dayandırılacaq. Bəli, MTRŞ-də olan söz sahiblərinə bir sözüm yoxdur – kişilər qanunla hərəkət edirlər. Oxucu üçün yorucu olsa belə, həmin qanunları da sadalayırıq:

 

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 2005-ci il tarixli 1036-IIQ saylı Qanununun 53-56-cı maddələrini, “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 40.2.2-1-ci, 23.1-ci, 39.6-cı maddələrini, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 05 oktyabr tarixli 795 saylı Fərmanı ilə təsdiq edilmiş “Milli Televiziya və Radio Şurası  haqqında Əsasnamə”nin 8.11-1-ci bəndini rəhbər tutaraq qərara alınır ki...

 

Amma mən bu qanunu və bu qərarı düzgün saymıram. Hesab edirəm ki, bu qanun da, onun icrası da çox mənasız, ən əsası isə effektsiz bir işdir. Axi niyə?! İzah edim.

 

Özüm siqaret çəkən olsam da, bu zərərli vərdişin təbliğatının təbii ki, əleyhinəyəm. Amma gəlin, bir balaca məntiqli olaq. “Bəzədilmiş duvaq” və “O qızı tapın” filmlərini qoyaq bir kənara və geniş tamaşaçı kütləsinə yaxşı məlum olan iki film üzərində bu qadağanı təsvir edək.

 

“Axırıncı aşırım” filmində Kərbəlayinin əlindəki tənbəki və qəlyan bu kişiyə doğurdan da bir kolorit verir və bu səhnədə onun əlini və ağzını qəlyan çəkən yerdə retuşlasaq, filmi zay etmiş olarıq, məncə. İkinci film uşaqlara da yaxşı tanış olan “Bir qalanın sirri” filmidir. Elşənin qəlyanı, Kamran ustanın tütünü olan səhnələr var orda. Yəni uşaq filmində də bunu retuşlayaq?

Axırıncı Aşırım - Kərbəlayi və İman-1971 دیدئو dideo

Və retuşlamaq bizə nə verir ki? Doğurdanmı bu anti-siqaret hərəkatının fəalları hesab edirlər ki, bu filmi çəkən insanlar, Sovet rəhbərliyi belə, bu zərərli vərdişin təbliği ilə məşğul idilər və bu səhnələrə baxan xüsusən də məktəblilər, o dəqiqə qaçıb siqaret alıb çəkirdilər? İndi isə bizim MTRŞ buna imkan vermir: uşaqlar görürlər ki, Kərbəlayi əlində uzun bir çubuğu yandırır və sonra nəyi isə ağzına aparır, tüstü-duman çıxır ağzından. Kinoya baxan gənclər də bunun nə olduğunu başa düşmürlər(?!), başa düşsələr belə, “Fuu! Bu kişi nə pis vərdişə aludə olub!” deyə düşünərək, daha siqaretə tərəf ümumiyyətlə baxmırlar. Gülməli deyilmi, cənablar?

 

Azərbaycan filmləri ilə yanaşı, bizim hamımızın sevdiyi sovet filmləri də var. Məsələn, “İtalyanların Rusiyada ağlasığmaz macəraları” filmində mafioz Rozario Aqro siqar çəkdikdən sonra qatarın pənərəsindən onu yanacaqdoldurma məntəqəsinə atır. MTRŞ-nin qərarına görə, o səhnəni retuşlasaq, onda filmə baxan gənclik (axı, bizim dövlət qurumlarını ancaq sağlam gənclik maraqlandırır) düşünəcək ki, bu komediya filmi deyil, hansısa terrorçuluqdan bəhs edən filmdir: mafioz ağzından tüstülənən nəsə çıxarır və YDM-i partladır...

Бриллиантовая рука – смотреть онлайн

Xeyli sayda belə misallar çəkmək olar, amma nəticə dəyişməyəcək. Siqareti, tütünü təbliğ etmək olmaz, amma qadağa da effektiv olmalıdır. Sizcə, Azərbaycanda neçə məktəbli kinoya baxandan sonra siqaretə əl uzadıb? Axı, əksər hallarda uşaqlar siqaretə məhəllə “kruqlarında” aludə olurlar və məktəblərin dörd ətrafında yerləşən saysız köşklərdə onlara bu məhsul satılır. Bu məsələni Parlamentdə Qənirə Paşayeva da qaldırmışdı. O, öz çıxışında demişdi ki: “Uşaqların tütün məhsullarının təsirindən qorunması ilə bağlı qanun qəbul etmişik. Amma məktəblərin ətrafında uşaqlara siqaret, araq satılır. Qanunların icrasına diqqət yetirməliyik”.

 

Millət vəkili düz deyir. Əsl effekt onda olardı ki, uşaqları bu məhsullardan uzaq tutasınız, uşaqlara siqaret satanları çox ciddi cəzalandırasınız. Bəlkə, elə dövlət səviyyəsində qərar qəbul olunsun ki, məktəblilərin, gənclərin həftədə heç olmasa, iki dəfə idman zallarına girişi pulsuz təmin olunsun, onlar da bu pis vərdişdən aralı olmaq şansı əldə etsinlər. Hanı bu dövlətin idmana cavabdeh olan şəxsləri, Təhsil Nazirliyi? Niyə Sovet Azərbaycanının gözəl ənənəsini – məktəblərarası futbol, qaçış, güləş və sair yarışmaları bərpa etmirlər? Bəlkə gənclərə siqaretin yerinə başqa bir alternativ təklif edək? Yoxsa, hansısa məhşur personajın ağzındakı siqareti retuşlamaqla nəticə hasil olmayacaq. Yalandan kanal bağlamaqla bu problem çözülməyəcək, vallah!

 

P.S. Əslində qanunlarımız arasında absurd olanı təkcə bu deyil ki. Bəzən, doğrudan da elə məsələlərə dəhşətli diqqət yetirirlər ki, guya, hər dərdimiz həll edilib, qalıb təkcə bu məsələ. Misal olaraq, xarici filmlərin dublyajı məsələsini göstərmək olar. Rus, amerikan, Avropa kinolarını bildik – öz dilimizdə olmalıdır. Bəs, bizə doğma olan türk filmləri niyə düşdü bu psevdopatriotizm məngənəsinə? MTRŞ-də, parlamentdə oturanlardan soruşuram: Siz, doğrudan da hesab edirsiniz ki, sevimli Şabanın el dilinə düşmüş ifadələrini, Türkan Şorayın məlahətli aktrisa səsini, İbrahim Tatlısəsin bizə doğma olan şivəli danışığını dublyaj etdirməklə Azərbaycan dilinin təmizliyini qorumuş olursunuz? Ümid edirəm ki, siyasi konyukturaya görə məcbur olub qəbul etdiyiniz bu qərarın absurdluğunu siz də anlamamış deyilsiniz. Türk dilini türk dilinə tərcümə etməzlər axı...

Müəllif: Yoldaş Mircəfər