Gecə sərnişindaşıma xidməti bərpa olunur, həm də gündüz qiymətinə

Cəmiyyət

04.10.2019 - 16:14

Nuridə Allahyarova: “Əgər sınaq müddəti uğurlu olsa, dağlıq relyefli ərazilərə də gecə reysləri tədricən işə düşəcək”

 

Nazirlər Kabineti (NK) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) şəhərlərarası gecə reyslərinin bərpasına dair təklifinə razılıq verib. NK-nin qərarına əsasən, DANX tərəfindən xidmətin həyata keçirilməsi zamanı tam təhlükəsizlik qaydalarına əməl olunması və reyslərin təşkili zamanı bütün risklərin nəzərə alınmasına dair Bakı Beynəlxalq Avtovağzal Kompleksinə tapşırıq verilib və artıq müvafiq müqavilələr bağlanıb.

 

Yenilik barədə AYNA-ya danışan DANX-nin sektor müdiri Nuridə Allahyarovanın sözlərinə görə, artıq bir neçə gündür reyslər uğurla başa vurulur: “Bu reyslərə 4 istiqamətdə test rejimi deyirik. Çünki gecə reyslərindən uzun fasilə - 9 il keçdiyindən hələlik bütün istiqamətlərə birbaşa reys açılması riskli ola bilər və bu səbəbdən ilkin olaraq 4 istiqamət nəzərdə tutulub”.

Raminə Eyvazqızı