Ukraynanın Rusiyaya təhvil verdiyi əsirlər arasında Medvedçuk da var

Dünya

22.09.2022 - 15:20

Müdafiə Nazirliyi Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi barədə məlumat yayıb

“Mübadilə prosesi nəticəsində sentyabrın 22-nə keçən gecə Rusiya, “Donetsk və Luqansk Xalq Respublikaları”nın 55 hərbçisi Ukraynanın Kiyevin nəzarətində olan ərazisindən geri alınıb”. AYNA xəbər verir ki, bu sözlər Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, hərbçilər Rusiya ərazisinə gətirilib: “Onlar hazırda tibb müəssisələrindədirlər. Əsirlikdən azad edilmiş bütün hərbi qulluqçulara yaxınları ilə əlaqə saxlamaq imkanı yaradılıb”.

Qeyd edək ki, sentyabrın 22-nə keçən gecə məlum olub ki, Rusiya və Ukrayna əsirləri dəyişdiriblər. İnsan Hüquqları Şurasının üzvü Eva Merkaçeva bildirib ki, Rusiya tərəfi “DXR”də ölüm cəzasına məhkum edilmiş britaniyalılar Şon Pinner və Aiden Aslini, həmçinin Mərakeş vətəndaşı Saadun Brahimi azad edib. Mübadilə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin vasitəçiliyi ilə baş tutub.

Kiyev də öz növbəsində ukraynalı müxalifətçi, Rusiyaya bağlı siyasətçi olan Viktor Medvedçuku Moskvaya təhvil verib.

Müəllif: Ayna.az