"Biz onlarla 10 il zənginləşdirməməyi müzakirə etdik və yanacağın pulunu ödəyəcəkdik, lakin onlar qəti şəkildə imtina etdilər"
“İran ABŞ ilə nüvə sazişi üzrə danışıqlar zamanı uranın zənginləşdirilməsində on illik fasilə müqabilində pulsuz nüvə yanacağı tədarükündən imtina etdi”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff “Fox News”a verdiyi müsahibədə deyib.
"Biz onlarla 10 il zənginləşdirməməyi müzakirə etdik və yanacağın pulunu ödəyəcəkdik, lakin onlar qəti şəkildə imtina etdilər", - deyə xüsusi nümayəndə qeyd edib.
Uitkoffun sözlərinə görə, İran nümayəndələri danışıqların lap əvvəlində uran zənginləşdirmək üçün ayrılmaz hüquqlarını bəyan ediblər. Uitkoff qeyd edib ki, o və ABŞ Prezidentinin kürəkəni Cared Kuşner məsələnin bu cür qoyuluşundan çaşqınlıq içində olublar.
Qeyd edək ki, 28 fevralda Omanın xarici işlər naziri Bədr əl-Busaidi İranın Cenevrədə ABŞ ilə danışıqlar zamanı bütün zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razı olduğunu bildirib.
ABŞ Prezidenti Donald Tramp yanvarın sonlarında İranın nüvə proqramı ilə bağlı danışıqlara başlayacağını gözlədiyini bildirib. O Tehrandan uranın zənginləşdirilməsindən tamamilə imtina etməsini tələb edib, əks halda, vəziyyətin İran üçün acınacaqlı olacağını bildirib.
12 fevralda Ağ Ev rəhbəri razılaşma əldə edilməsə, İran üçün çətin olacağı ilə hədələdi. 14 fevralda Tramp İran ətrafında vəziyyətin gərginləşməsi səbəbindən Yaxın Şərqə ikinci ABŞ Hərbi Dəniz Qüvvələri aviadaşıyıcı qrupunu göndərdiyini açıqladı. 17 fevralda Cenevrədə İranın nüvə proqramının həlli ilə bağlı ABŞ-İran danışıqlarının ikinci raundu baş tutdu. Görüşdə İranın xarici işlər naziri Abbas Əraqçi, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkoff və Amerika liderinin kürəkəni Kuşner iştirak etdi. 26 fevralda Cenevrədə İran və ABŞ arasında nüvə məsələsi ilə bağlı danışıqların üçüncü raundu keçirildi. Cenevrədə keçiriləcək görüşdən əvvəl İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə diplomatik razılığa gəlmək ehtimalını açıqladı. O danışıqlar zamanı tərəflərin İranın nüvə proqramı da daxil olmaqla əsas məsələlərdə razılığa gələ biləcəyini təsdiqlədi.
28 fevralda ABŞ və İsrail İrana qarşı hücumlara başladılar. ABŞ Prezidenti Tramp bunu Tehranın iki həftə ərzində nüvə silahı əldə edə biləcəyi və bunun da ölkəyə hücumları qeyri-mümkün etdiyini iddia etməklə izah etdi.