30 ədəd yumurtanın qiyməti 120 lirədən 250 lirəyə qalxıb
Türkiyə toyuq yumurtasının ABŞ-a böyük tədarükü məhsulun daxili bazarda bahalaşmasına səbəb olub: 30 ədəd yumurtanın qiyməti 120 lirədən 250 lirəyə qalxıb. AYNA.AZ xəbər verir ki, bu barədə yerli “Ekonomim” qəzeti məlumat yayıb.
"Yumurta qiymətləri son aylarda sözün əsl mənasında bahalaşıb. Dekabrda 100-120 lirəyə satılan 30 ədəd yumurta indi mağazalarda orta hesabla 250 lirəyə satılır. Bəzi yerlərdə hələ də 170-180 lirəyə, bəzi mağazalarda isə yumurtanın qiyməti 310 lirəyə çatır”, - məlumatda qeyd olunub.
İstehsalçılar mövcud vəziyyəti ilk növbədə ABŞ ilə əlverişli ixrac müqavilələri ilə izah ediblər. 2024-cü ildə ABŞ bazarına 74,4 milyon türk yumurtası daxil olub və 2025-ci ilin iyul ayına qədər daha 280 milyon yumurtanın çatdırılması gözlənilir.
Bununla yanaşı, daxili bazarda alış və pərakəndə satış qiymətləri arasında ciddi fərq qalmaqdadır. İstehsalçılar bir yumurta üçün təxminən üç lirə qazanırlar, istehlakçılar üçün isə son qiymət doqquz lirəyə çatır. Bu boşluq vasitəçilərin və logistika şirkətlərinin hərəkətləri ilə izah olunur.
Hazırda 100 lirə təxminən 2,63 dollardır. Daha əvvəl məlum olmuşdu ki, Türkiyə şaxtalar səbəbindən limon ixracını müvəqqəti dayandırır.