İkinci günün danışıqları təxminən bir saat yarım davam edib
Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında keçirilən üçtərəfli danışıqların ikinci günü başa çatıb.
AYNA.AZ Rusiya mediasına istinadən bildirir ki, bu günkü danışıqlar təxminən bir saat yarım davam edib.
Dünən isə müzakirələr təxminən dörd saat yarım davam etmişdi.
Məlumata görə, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri danışıqlar məkanını polis maşınlarının müşayiəti ilə tərk ediblər.
Rusiya danışıqlar qrupuna Prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edib.
TASS agentliyinin mənbəsinə istinadən verdiyi məlumata görə, Rusiya və Ukrayna arasında məhbus mübadiləsi Əbu-Dabidə keçirilən üçtərəfli danışıqların nəticələrindən biridir.
"Bunun nəticələrdən biri olacağı gözlənilir", - agentliyin mənbəsi bildirib.
Qeyd edək ki, 10 noyabrda Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətləri arasında danışıqların ilk günü Əbu-Dabidə baş tutub. Görüş təxminən 40 dəqiqə fasilə ilə 4,5 saat davam edib. Tərəflər Ukrayna, Rusiya və Avropa üçün təhlükəsizlik zəmanətləri, müharibədən sonrakı yenidənqurma və yeni Avropa təhlükəsizlik qaydasının yaradılması məsələlərini müzakirə ediblər.
ABŞ dövlət katibi Marko Rubio Əbu-Dabidə keçirilən üçtərəfli danışıqları “məhsuldar” adlandırıb, lakin o, “hələ çox işin görülməli” olduğunu qeyd edib. Bundan əlavə, o, Avropanın danışıqlarda iştirakını müdafiə edib.