Müharibə bitdikdən sonra Avropa təhlükəsizlik sistemi yenidən nəzərdən keçiriləcək
Əbu-Dabidəki ABŞ və Avropa nümayəndə heyətləri Ukrayna-Rusiya danışıqlarından əvvəl Kiyev nümayəndələri ilə məsləhətləşmələr aparıblar. Məsləhətləşmələrdə Ukrayna müharibəsindən sonra Rusiya ilə NATO arasında gərginliyi azaltmaq üçün qitədəki təhlükəsizlik tənzimləmələrini yenidən nəzərdən keçirmək barədə razılıq əldə edilib.
AYNA.AZ-ın xarici mediaya istinadən məlumatına görə, Vaşinqton hesab edir ki, Rusiyanın istəklərinə uyğunlaşdırılmış düzəlişlər Ukrayna ilə bağlı sülh müqaviləsinə yaxınlaşdıracaq və müharibədən sonrakı sabitliyi təmin edəcək. Avropa “Soyuq müharibə”dən sonra itirdiyi təsirini bərpa etməyə çalışdığı bölgədə Moskvaya şərtləri diktə etmək imkanı verməkdən ehtiyat edir.
Avropa Şurası və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff tərəfindən verilən demək olar ki, eyni bəyanatlara görə, Ukrayna və onun Avropa tərəfdaşları ABŞ ilə razılaşıblar ki, "müharibədən sonrakı dövrdə təhlükəsizlik məsələlərini" həll etmək və bölgədə "münaqişə riskini" azaltmaq "vacibdir".
Bəyanatlarda deyilir: "Ortaq məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə həllə nail olmaq üçün lazım olan etimadı yaradacaq praktik və qarşılıqlı gücləndirici təhlükəsizlik çərçivəsi hazırlamaqdır. Davamlı sülhün bərqərar olmasına diqqət yetirərək, tərəflər Ukraynadakı müharibənin bitməsindən sonra mövcud Avropa institutlarından və təhlükəsizlik tənzimləmələrindən necə istifadə edəcəklərini nəzərdən keçiriblər".
Görüşlə tanış olan iki rəsmi "Politico"ya bildirib ki, ABŞ, Avropa və Ukrayna nümayəndələri arasında keçirilən görüşdə müzakirə məzmunlu və əhval-ruhiyyə müsbət olub. Lakin nəşr qeyd edir ki, hərəkətlərin ardıcıllığı hələ də bəlli deyil: Avropa təhlükəsizlik müqaviləsi Ukraynadakı müharibənin bitməsi ilə bağlı müqavilənin bir hissəsi olacaq, yoxsa daha sonra bağlanacaq, məlum deyil.
“Politico” yazıb ki, Rusiya lideri Vladimir Putin və onun rejiminin nümayəndələri dəfələrlə Avropa təhlükəsizliyinin konfiqurasiyasında dəyişiklik tələb ediblər, o cümlədən NATO-nun 1997-ci il sərhədlərinə qaytarılmasını istəyiblər. Hansı ki, o zamanlar NATO-ya hələ keçmiş SSRİ ölkələri daxil deyildi. Ukraynada müharibə başladıqdan sonra bu sərhədlərə Finlandiya və İsveç əlavə edildi. Moskva həmçinin yeni NATO üzvlərinin qəbuluna qadağa qoyulmasını və Avropada Amerika raketlərinin yerləşdirilməsinə məhdudiyyət qoyulmasını tələb edib.
Ukrayna ərazilərinin işğalından əvvəl, 2021-ci ilin sonlarında irəli sürülən bu tələblər qismən rədd edildi. Aİ-nin Xarici Siyasət üzrə Ali Komissarı Kaya Kallas cümə günü bildirib: "Bizdə artıq Avropa təhlükəsizlik arxitekturası var - NATO və Avropa Birliyi bu arxitekturada öz rollarını oynayır. Biz Ukraynanın bu arxitekturaya inteqrasiyasını təmin etməliyik. Problem ondadır ki, Rusiya onu dəstəkləyən müqavilələri pozmağa davam edir".
“Aydındır ki, avropalılar Rusiyanın tələblərindən çox ehtiyat edirlər, lakin mövcud sistem işləmir”. Bu barədə bir ABŞ rəsmisi “The Guardian”a deyib və əlavə edib: "Bu gün işləyən yeni bir şey yaratmalıyıq... Çünki köhnə arxitektura düzgün işləsəydi, bu uzunmüddətli müharibə olmazdı. Bir şey açıq şəkildə işləmir və bu müharibəyə son qoyduqdan sonra həqiqətən təhlükəsizliyi təmin etmək üçün bir yol tapmalıyıq”.
"Politico" yazıb ki, NATO-nun baş katibi Mark Rutte ABŞ administrasiyası ilə bu məsələ ilə bağlı müzakirələrdə və islahatlar barədə fikir mübadiləsində fəal iştirak edir.
“The Wall Street Journal” isə ABŞ rəsmilərinə istinadən xəbər verir ki, NATO Avropa müdafiəsində mərkəzi rol oynamağa davam edəcək və ölkələr müstəqil qərarlar qəbul etmək hüququnu qoruyub saxlayacaqlar.