Türkiyə-Rusiya danışıqlarının “tərcüməsi”: Cənubi Qafqazda mənzərə dəyişəcək

Siyasət

10.06.2022 - 18:15

Asif Nərimanlı: “Son proseslər Ankara-Bakı-Moskva xəttində müəyyən anlaşmaların olduğu fikrini formalaşdırır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu günlərdə Türkiyədə səfərdə olub. Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı Rusiyanın baş diplomatı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, sərhədlərin delimitasiyası, kommunikasiyaların blokdan çıxarılması, yekun sülh sazişi ilə bağlı fikirlər səsləndirib.

Sülhlə bağlı Moskvanın Ankara ilə birgə səylər göstərdiyi haqqında Lavrovun açıqlaması regionda sabitlik və sülhün əldə olunması istiqamətində Rusiya ilə Türkiyə addımlarının razılaşdırılmış şəkildə atılacağı fikrini formalaşdırır. 

Eyni zamanda, nazirlər Ukrayna böhranı, Suriya ilə bağlı toqquşan maraqlar ətrafında fikir mübadiləsi aparıblar. 

Sülh danışıqları, burada Ankara və Moskvanın rolu barədə AYNA-nın suallarını siyasi icmalçı Asif Nərimanlı cavablandırıb:

- Ankarada Lavrov və Çavuşoğlu Ukrayna böhranı ilə yanaşı, Azərbaycanla Ermənistan arasında sülh məsələsini müzakirə etdilər, "3+3" formatı və sülh danışıqları ilə bağlı müsbət fikirlər bildirdilər. Sizcə, Ankara ilə Moskva sülh prosesini sürətləndirmək barədə razılığa gəlibmi?

- Lavrovun Ankaradan İrəvana uçması Çavuşoğlu ilə danışıqlarda razılaşmanın olduğu ehtimalını ön plana çıxaran ilk detal hesab oluna bilər. Lakin razılaşmanın mümkünlüyü həm də Ankara-Moskva xəttində mövcud məsələlər fonunda da ön plana çıxır. Fikrimcə, Ankarada iki əsas məsələ müzakirə olunurdu: Ukrayna və Suriya.

Rusiya “taxıl böhranı”ndan Qərb sanksiyalarının yumşaldılması məqsədilə istifadə edir. Türkiyənin vasitəçiliyi ilə prosesin başlanması arxa fonda Qərbdən belə bir çağırışın olduğu versiyasını gücləndirir. Ərzaq böhranı fonunda Qərbdə son dövrlər daha kəskin müşahidə olunan fikir ayrılıqları da göstərir ki, Ukrayna müharibəsində mövqelər Rusiyanın əlini gücləndirəcək istiqamətdə dəyişir. Qərb rusların qarşısında bir addım da olsa geri çəkilərsə, Ukrayna İstanbul danışıqlarına qayıda bilər. Rəsmi Kiyev də Türkiyə masasını əvvəldən əlavə çıxış yolu kimi saxlayır, çünki mümkün danışıqlarda maraqlarının ən çox burada təmin edilə biləcəyini anlayır.

“Taxıl böhranı” məsələsi üzərindən cərəyan edən bu proseslərdə Rusiyanın Türkiyəyə ehtiyacı var, Suriyada PYD\YPG terrorçularına qarşı yeni əməliyyata hazırlaşan Türkiyənin də Rusiyaya. Rusiya Suriyadakı mövqelərini müəyyən qədər zəiflətməklə Türkiyənin önünü açır. Tərəflər bir-birinin maraqlarını nəzərə alacaq və buna uyğun şərtlərin yetişəcəyi gedişləri edirlər.

Cənubi Qafqaz isə Türkiyə və Rusiyanın iki ana məsələyə paralel şəkildə müzakirə etdiyi bölgədir. Lavrovla Çavuşoğlunun görüşlərindən sonra verilən bəyanatlar da razılaşmanın olduğu ehtimalından çıxış etməyə əsas verir. Bu prosesdə hər iki tərəfin öz marağı və uzlaşan nöqtələri var.

- Onlar hansı nöqtələrdir?

- Türkiyə Rusiyanın düşdüyü geosiyasi dalandan istifadə edərək, Suriya ilə yanaşı, Cənubi Qafqazda da istəklərini almağa çalışır. Buraya üçtərəfli razılaşmaların icrası ilə yanaşı, Bakı-İrəvan sülh sazişinin imzalanması, Ankara-İrəvan münasibətlərinin normallaşması və s. daxildir. İstisna deyil ki, erməni qoşunlarının Qarabağdan çıxarılması, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətinin aktivləşdirilməsi kimi məsələlər də müzakirə mövzularından olub. Ərdoğanın Bakı səfərindən sonra Prezident Əliyevin Putinə zəng etməsi, Lavrovdan öncə Bayramovun Ankaraya səfəri Ankara-Bakı-Moskva xəttində müəyyən anlaşmaların olması fikrini ön plana çıxarır.

Rusiya isə Cənubi Qafqazda Avropa İttifaqına qarşı Türkiyənin yenidən əsas tərəf olmasında maraqlıdır. 44 günlük müharibədən sonra Rusiya və Türkiyə bölgənin siyasi mənzərəsini formalaşdıran tərəflər idi. Moskva tərəfindən “ofsayta” salınmış ABŞ və Fransa növbəli şəkildə bölgədə Türkiyənin Rusiya qarşısında əsas tərəf olduğunu de-fakto qəbul etdi. Daha sonra Avropa İttifaqının vasitəçiliyi önə çıxdı və bu, həm Bakı, həm də Moskvanın Brüsseldən Qərbdə “həmsədrlik missiyasına” qarşı alternativ kimi istifadə etmək planı ilə uzlaşırdı. Postmünaqişə reallıqlarının qəbul edilməsini istəyən Türkiyə də bu taktiki dəyişiklikdə maraqlı idi. Ukrayna müharibəsi isə Cənubi Qafqazda da “kartları” qarışdırdı. Brüssel və Moskva “ortaqlıqdan” qarşıdurma mərhələsinə keçdi. 

Rusiya Brüssel razılaşmasını Ermənistan üzərindən pozmaq istiqamətində addımlar atır, lakin bu, o qədər də effekt vermir. Bu baxımdan, daha böyük oynayır və Türkiyənin tərəf olması gedişini edir. Ukrayna və Suriya məsələsi fonunda tərəflərin uzlaşan maraqları Cənubi Qafqazda da üst-üstə düşür. Çünki Brüsselin vasitəçiliyi Rusiyanın maraqlarına uyğun olmadığı kimi, Türkiyənin əsas tərəf roluna da zidiyyət təşkil edir. ABŞ-ın Ankaranı tərəf kimi qəbul etməsi mövqeyinin tədricən dəyişməsi və Avropa İttifaqına rəhbərlik edən Fransanın önünün açılması da bunu deməyə əsas verir.

Bu situasiya müharibədən sonra qəbul edilən razılaşmaların icrasını da aktuallaşdırır. Xüsusilə tərəflərin həyata keçirmək istədiyi “3+3” formatının qurulması üçün üçtərəfli razılaşmalar başa çatdırılmalıdır. Fikrimcə, Türkiyənin prosesdə iştirakı Bakının maraqlarına uyğundur, eyni zamanda, bu, Rusiyanın Qarabağda “erməni kartın”dan istifadəsi imkanlarını da zəiflədir.

- Məlumdur ki, Azərbaycan və Ermənistan liderləri arasında ardıcıl iki görüş Brüsselin təşəbbüsü ilə keçirilib. Belə fikirlər var ki, Cənubi Qafqazda sülh əldə edilməsi uğrunda Avropa İttifaqı ilə Rusiya arasında mübarizə gedir. Nə dərəcədə doğru yanaşmadır?

- Ukrayna müharibəsinə qədər Avropa İttifaqı və Rusiya bölgədə daha çox birgə hərəkət edirdi və məqsəd ABŞ-ı oyundan kənarlaşdırmaq idi. Bu istiqamətdə nəticələrin də əldə edildiyini deyə bilərik. Lakin Rusiyanın Ukraynaya hücumu vəziyyəti dəyişdirdi, ABŞ-ın Avropa üzərindəki təsirini bərpa etməsi Avropa İttifaqının anti-Rusiya cəbhəsində yer alması ilə nəticələndi və Brüssel danışıqlarında Vaşinqtonun nəzarəti gücləndi. İndi hər iki cəbhə vasitəçilik üzərindən bölgədə təsir gücünü saxlamağa çalışır.  

- Sülhün əldə olunmasında hansı vasitəci daha səmimidir - Qərb, yoxsa Rusiya?

- Hər iki tərəfin öz marağı var və münaqişənin 30 il davam etməsi, bu müddət ərzində Ermənistanın işğalçı siyasətinə qarşı heç bir praktiki addımın atılmaması göstərdi ki, həm Qərb, həm də Rusiya mümkün sülh prosesində ermənilərin maraqlarını müdafiə etmək istəyir. Lakin Bakının güclü tərəf olması reallığı bu vəziyyəti dəyişdirir. İndi sülhün əldə olunması yenə hər iki tərəfin bölgə üzərindəki maraqlarına uyğundur, Avropa İttifaqının regionda xüsusilə iqtisadi maraqları var, Rusiya isə “arxa bağçası” olaraq gördüyü Cənubi Qafqazda gücünü saxlamağa çalışır. Hərçənd, Rusiyanın tarix boyu bu bölgədə həyata keçirdiyi siyasət onların sülh anlaşmasının həyata keçməsində, Azərbaycan-Ermənistan münasibətlərinin tamamilə normallaşmasında sona qədər maraqlı olmadığını, öz maraqlarının təmin edilməsi ilə yanaşı, təsir rıçaqlarını da əlində saxlamaq niyyətini göstərir.

- Rəsmi Bakının vasitəçilərlə bağlı yanaşması necədir?

- Bakının əsas yanaşması öz gündəliyinin qəbul edilməsidir. Müharibədən sonra bu gündəlik Rusiya tərəfindən qəbul olunurdu, Qərbin münasibəti birmənalı deyildi. Lakin artıq postmünaqişə reallıqları Qərbdə də qəbul edilib və bu, Azərbaycana istəyinə nail olmaq üçün manevr imkanlarının artması baxımından sərf edir. Lakin Bakının Avropa İttifaqının vasitəçiliyinə daha maraqlı olduğu aydın görünür, çünki Rusiyanın vasitəçiliyi Ermənistanla ikitərəfli münasibətlərdə davamlı olaraq üçüncü tərəfin – Moskvanın da iştirakını şərtləndirir. Azərbaycan bunu istəmir, Brüsseldə ikitərəfli formatın önə çıxması da bunu göstərir.

Rusiyanı prosesdən tam kənarlaşdırmaq çətindir, perspektivdə də bu imkanlar zəif görünür, amma Azərbaycanın mümkün qədər ikitərəfli formatın inkişafına üstünlük verəcəyi və bu formata imkan yaradan Brüsselin vasitəçiliyini alternativ olaraq saxlamağa çalışacağını deyə bilərik. Lakin Rusiya-Türkiyə danışıqları və son bir neçə gündə baş verənlər Cənubi Qafqazda mənzərənin dəyişməsindən də xəbər verir. Bakı üçün Türkiyənin aktiv iştirakının olduğu format da məqbuldur.

Müəllif: Anar Bayramoğlu