“Düşünürəm ki, onun görüşlərdə olması düzünü desəm, o qədər də vacib deyil”
ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskiyə hücumlarını davam etdirir. Tramp Zelenskinin Rusiya ilə münaqişəyə son qoymaq üçün danışıqlarda iştirakına ehtiyac olmadığını bildirib.
Amerika lideri “Fox News” radiosuna deyib ki, Zelenski Rusiyanın 2022-ci ilin fevralından bəri üç il ərzində görüşlərdə iştirak edib və hələ də münaqişəni sona çatdıra bilməyib.
“Düşünürəm ki, onun görüşlərdə olması düzünü desəm, o qədər də vacib deyil. Zelenski Ər-Riyaddakı görüşə dəvət olunmadığını deyəndə, bu, prioritet deyildi, çünki o, indiyədək zəif danışıqlar aparırdı”, - Tramp bildirib.
“Bloomberg”ə görə, Trampın şərhi o deməkdir ki, ABŞ Prezidenti Rusiya ilə birbaşa danışıqlar yanaşmasına sadiq qalmağa davam edəcək. O, ötən həftə Rusiya lideri Vladimir Putinlə telefonla danışıb, yüksək rütbəli amerikalı məmurlar isə bazar ertəsi Səudiyyə Ərəbistanında rusiyalı həmkarları ilə görüşüblər. Ər-Riyadda heç bir ukraynalı olmayıb.