Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşmasının irəliləməsinin vacibliyi vurğulanıb
Ermənistanın Baş naziri Nikol Paşinyan və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31 Liderlər Zirvəsi çərçivəsində Antalyada görüşüblər. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezident Adminstrasiyası məlumat yayıb.
Görüş zamanı Türkiyə Prezidenti Ermənistan Baş nazirinin Antalyaya səfərini və Liderlər Zirvəsində iştirakını alqışlayıb.
Öz növbəsində Paşinyan Ərdoğanı tədbirin əla təşkili münasibətilə təbrik edib.
Ermənistan Baş naziri həmçinin İzmir metallurgiya zavodunda baş verən partlayışda insan itkisi ilə bağlı başsağlığı verib.
Liderlər Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesinə toxunublar və onun irəliləməsinin və məntiqi sonluğa çatdırılmasının vacibliyini vurğulayıblar. Tərəflər bu günə qədər həyata keçirilən tədbirlərin və əldə edilən razılaşmaların, eləcə də ticarət-iqtisadi əlaqələrin daha da təşviq edilməsinin vacibliyini qeyd ediblər.
Məlumatda qeyd olunub ki, görüşdə regional proseslər barədə də fikir mübadiləsi aparılıb. Paşinyan və Ərdoğan Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını vurğulayaraq, bunun regional əməkdaşlığın inkişafına yeni təkan verdiyini qeyd ediblər.
TRIPP layihəsinin həyata keçirilməsi ilə bağlı addımlar da daxil olmaqla, kommunikasiyaların açılması məsələləri də müzakirə edilib.