Etiraz dalğası Gürcüstanda ciddi dəyişikliyə səbəb oldu

Dünya

24.06.2019 - 19:27

Aksiyaçıların tələblərini qəbul edən hökumət seçki sistemində dəyişikliyə razılıq verib

 

Gürcüstanda baş qaldıran etirazlar nəticəsində seçki sisteminin dəyişdirilməsinə qərar verilib. AYNA gürcü mediasına istinadən xəbər verir ki, rusiyalı millət vəkilinin Gürcüstan parlamentindəki çıxışından sonra başlayan etiraz dalğası ölkədə ciddi dəyişikliklərə səbəb olub.

 

Etirazçıların tələblərini qəbul edən hökumət seçki sistemində dəyişikliyə razılıq verib. Belə ki, növbəti ildən parlament seçkilərində 5 faizlik baryer ləğv olunacaq.

 

İqtidardakı “Gürcü Arzusu” partiyasının rəhbəri, ölkənin keçmiş Baş naziri Bizina İvanişvili mətbuat konfransı keçirərək, seçki sistemindəki dəyişikliyin 2020-ci ildə keçiriləcək parlament seçkilərində tətbiq olunacağını deyib. Bununla belə, o bildirib ki, 2025-ci ildəki seçkilərdə yenidən 5 faizlik baryer tələbi bərpa ediləcək.

 

Sabiq Baş nazir, həmçinin bütün siyasi partiyalarla müzakirələrə hazır olduqlarını bəyan edib.

 

Qeyd edək ki, iyunun 20-də Parlamentlərarası Pravoslav Assambleyasının (PPA) Tbilisidə keçirilən 26-cı Baş Assambleyası zamanı assambleyanın sədri, Rusiya Federasiyasının deputatı Sergey Qavrilov Gürcüstan parlamenti spikerinin kürsüsündən nitq söyləyib. Bu zaman qalmaqal yaranıb, Gürcüstan parlamentinin müxalifətçi üzvləri toplantını pozublar. Hadisə ölkədə geniş miqyaslı etiraz aksiyalarına səbəb olub. İyunun 21-də parlament sədri İrakli Kobaxidze istefa verib.

Müəllif: Ayna.az