İsrail yeni siyasi böhrana girir

Dünya

26.06.2019 - 13:38

Netanyahunun niyyəti müxalifətin sərt etirazına səbəb olub

 

İsrailin Baş Naziri Benyamin Netanyahu sentyabr ayında keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərini ləğv etməyə çalışır. AYNA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Netanyahunun sədrlik etdiyi “Likud” partiyasından mətbuata verilən açıqlamada qeyd olunur.

 

Bildirilir ki, parlamentin sədri Yuli-Yoel Edelsteinin gündəmə gətirdiyi növbədənkənar parlament seçkilərinin ləğvi üçün müzakirələr aparılır.

 

Keçmiş Baş Qərərgah rəisi Benni Qantzın sədrlik etdiyi “Mavi-bəyaz” partiyası isə “Likud”un istəyinə qarşı çıxıb. Partiya üzvləri Baş Nazirin növbədənkənar seçkiləri ləğv etməklə, keçmiş seçkilərdəki uğursuzluğunu unutdurmaq istədiyini söyləyiblər.

 

Seçkilərin keçirilməsi üçün əllərindən gələni edəcəklərini deyən müxalif millət vəkillərinin mövqeyi belədir: “Netenyahu seçkilərdə məğlub olacağını başa düşüb, indi isə çıxış yolu axtarır. Biz seçkilərə gedəcəyik və Benni Qantz ölkəmizin yeni Baş Naziri olacaq”.

 

Xatırladaq ki, cari il aprelin 9-də keçirilən seçkilərdə heç bir partiya lazımı qədər səs toplamadığı üçün höküməti qurmaq vəzifəsi Benyamin Netanyahuya tapşırılıb. Lakin Baş Nazir heç bir partiya ilə birləşib hökuməti qura bilmədiyi üçün 17 sentyabrda növbədənkənar seçkilərin keçirilməsinə qərar verilib.

Müəllif: Ayna.az