Tehrandan gələn “dostluq” mesajları – Gərginlik azaldı, amma...

Aktual

22.11.2022 - 18:12

Tofiq Zülfüqarov: “Vilayətinin bəyanatının geniş versiyasına baxanda görəcəyik ki, siyasi qarşıdurmanın elementləri mövcuddur”

İranın Azərbaycana qarşı aqressiyasında, təhdidlərində dəyişiklik baş verib. Tehrandan bəzi rəsmilər tərəfindən “dostluq” mesajları ötürülür. Bu günlərdə İran İslam Respublikasının Ali Rəhbərinin müşaviri Əli Əkbər Vilayəti Azərbaycan-İran əlaqələri haqqında bəyanatla çıxış edib. O, ölkələrimizin ortaq tarixi irsə və adət-ənənələrə malik olduğunu qeyd edib, Azərbaycan xalqını “gözümüzün işığı” adlandırıb. Vilayəti son günlərdə bəzilərinin qərəzli şəkildə İranın Azərbaycan ilə döyüşmək istədiyi barədə şayilər yaydığını deyib. Belə bir bəyanatın verilməsi münasibətlərin gərginlik fazasından çıxdığını göstərir.

Yeri gəlmişkən, Vilayətinin bəyanatına Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev münasibət bildirib.

“Təəssüflə qeyd etmək istərdik ki, son dövrlərdə İranın bəzi rəsmi şəxslərinin, parlament üzvlərinin və güc strukturlarının nümayəndələrinin bir sıra açıqlamaları iki ölkə arasında gərginliyin artmasına səbəb olub”, - deyə Hacıyev qeyd edib.

Prezidentin köməkçisi fikirlərinə belə davam edib: “Əli Əkbər Vilayətinin xalqlarımızın ortaq tarixi, dini, mədəni irsə və adət-ənənlərə malik olması və bütövlükdə Azərbaycan-İran əlaqələri barəsində səsləndirdiyi qeydlərini müsbət qiymətləndirir və təqdir edirik. Azərbaycan bu gərginliyin yaranmasının təşəbbüskarı olmayıb. Xüsusilə onu bildirmək istərdim ki, Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin iki hərbi təlim keçirməsi ölkələrimiz arasında etimadın güclənməsinə xidmət etməyib, əksinə bu etimada mənfi təsir göstərib. Azərbaycan bütün dövrlərdə qarşılıqlı hörmət və etimad əsasında İran ilə əlaqələrin inkişafında maraqlı olub və bu gün də bu belədir”.

Mövzu ilə bağlı AYNA-nın suallarını sabiq xarici işlər naziri Tofiq Zülfüqarov cavablandırıb. Keçmiş nazir gərginlikdən əvvəlki gündəmi xatırladıb:

- Sonuncu gərginlik dalğası Azərbaycan və İran prezidentlərinin Səmərqənddəki görüşündən sonra baş verdi. Demək ki, görüşdə hansısa fikir mübadiləsi olub və bu, Tehranı qane etməyib. Sonra SEPAH sərhəddə irimiqyaslı təlimlər keçirdi, İran siyasi elitası tərəfindən Azərbaycana qarşı kəskin bəyanatlar səsləndirildi. İndi biz İranın Ali Liderinə və dövlət başçısına yaxın olan, xarici siyasəti ilə əlaqəli iki nəfərin yumşaq bəyanatlarını görürük. Hesab edirəm ki, bundan sonra da mülayim bəyanatlar olacaq. Bəyanatlar onu göstərir ki, İran gərginlik fazasına son qoymaq fikrindədir.

- Birdəfəlik son qoyacaqlar?

- Təbii ki, yox. Əsas məsələ odur ki, güc göstərisi, bəyanatlar Azərbaycana təsir göstərməyib, əks-səda doğurub. Azərbaycan da kəskin şəkildə cavabını verdi. İrana cavablar təkcə Bakıdan yox, digər yerlərdən də verildi. İran bunları başa düşdü, zorbalığın nəticə vermədiyini və verməyəcəyini anladı. Düşünürəm ki, İranın güc nümayiş etdirməsi geridə qalıb. Amma gərginliyin tam aradan qalxdığını, siyasi məsələlərin yoluna qoyulduğunu deyə bilmərik. Siyasi mövqe fərqliliyi bundan sonra da olacaq. Vilayətinin bəyanatının geniş versiyasına baxanda görəcəyik ki, siyasi qarşıdurmanın elementləri mövcuddur.

İranla bağlı təhlil aparanda nəzərə almaq lazımdır ki, bir neçə ildir ölkənin siyasi elitasında daxili böhran, qarşıdurma var. İrana qarşı sanksiyalar qəbul olunandan sonra sanksiyalardan kənar ixrac və onun təmin olunması SEPAH-a tapşırılıb. Bu ixrac tam şəkildə SEPAH-ın əlində cəmləşib. Qaçaqmal ixracın nəticəsində əldə olunan gəlirlər SEPAH rəhbərliyinin əlində cəmləşir. Söhbət böyük miqdarda maliyyə vəsaitindən gedir. Bəzən deyirdilər ki, vəsait İranın dövlət büdcəsinə bərabər olan vəsait qədərdir. Təbii ki, böyük pullar olan yerdə siyasi ambissiyalar yaranır.

- Dediyinizdən belə anladım ki, İranda paralel dövlət var...

- Uzun müddətdir siyasi elita daxilində gedən proseslər siyasi ambissiyaları üzə çıxarır. Məsələn, SEPAH-ın öldürülən keçmiş rəhbərigeneral Süleymaninin bir bəyanatını yada salmaq istəyirəm. Ona sual verilmişdi ki, siyasi karyera, hakimiyyətə gəlmək barədə düşünürmü. General “yox, mənə o vəzifələr lazım deyil”. Süleymani bununla belə mesaj vermişdi ki, SEPAH rəhbəri postu İran siyasi rəhbəri postundan aşağı deyil. Yəni ki, SEPAH iqtisadi, siyasi, hərbi baxımdan dövlətə paralel güclü bir qurumdur. İran-Azərbaycan gərginliyinə nəzər salanda görürük ki, Azərbaycana qarşı düşmənçilik mövqeyini göstərən SEPAH-dır. Azərbaycanın prinsipial mövqeyi, Bakıya dəstək göstərən bir sıra xarici qüvvələrin yanaşması ona gətirib çıxardı ki, indi Tehrandan yumşaq bəyanatlar, “dostluq” mesajları verilir. Əminəm ki, belə bəyanatlar davam edəcək. Hətta ümid edirəm ki, İranın Ermənistanla bağlı mövqeyi də dəyişəcək. İran “qırmızı xətti” saydığı Ermənistanla sərhəd, Zəngəzur məsələsində də mövqeyini dəyişəcək. Çünki strateji olan Şimal-Cənub Dəhlizi Rusiya üçün nə qədər vacibdirsə, o qədər də İran üçün də əhəmiyyətlidir.

Müəllif: Anar Bayramoğlu