"Taxıl sazişi" ilə bağlı qərar: müddət uzadılıb

Dünya

18.03.2023 - 22:54

Müqavilənin müddəti daha 120 gün uzadılıb

"Taxıl sazişi"nin müddəti 4 ay uzadılıb. AYNA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın infrastruktur naziri Oleksandr Kubrakov bildirib.

Kubrakov deyib ki, "Taxıl sazişi"nin müddəti daha 120 gün uzadılıb.

"BMT Baş katibi Antonio Quterreşə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, müdafiə naziri Hulusi Akara və digər tərəfdaşlarımıza razılaşmaya sadiq olduqları üçün minnətdaram. Bizim birgə səylərimiz nəticəsində dünya bazarlarına 25 milyon ton Ukrayna taxılı çıxarılıb", - ukraynalı nazir bildirib.

Qeyd edək ki, “Taxıl sazişi” 2022-ci il iyulun 22-də Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri arasında imzalanıb. Sazişin icrasının koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir.

Müəllif: Ayna.az