FHN tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir
Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə olunan qeyri-sabit və yağıntılı hava şəraiti bir sıra fəsadlara yol açıb, bəzi əraziləri su basıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, FHN-in qüvvələri intensiv yağışlarla əlaqədar Bakı və Gəncə şəhərləri, Abşeron rayonunun Xırdalan şəhəri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinə cəlb edilib.
Əməliyyat nəticəsində su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.
Hazırda nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki Müdafiə Qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.