Soydaşlarımız hadisə yerindən: “Rusiya böyük iqtisadi böhrana “hamilədir””

Aktual

20.04.2022 - 13:10

Şimal qonşumuzda nələr baş verir – Azərbaycanlılar üzləşdikləri mənzərəni anladırlar

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Fevralın 24-dən başlayan müharibənin təsirləri artıq Rusiyada hiss olunmağa başlayıb. Dövlət Dumasında çıxış edən Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina deyib ki, Rusiya öz iqtisadi ehtiyatları hesabına mövcud ola bilər, lakin iqtisadiyyatın təhlükəsizlik marjası sonsuz deyil. Onun sözlərinə görə, sanksiyaların öncə maliyyə bazarlarına neqativ təsirləri hiss olunurdu, hazırda isə iqtisadiyyata mənfi təsirlər müşahidə edilir.

Xanım Nabiullina onu da əlavə edib ki, Rusiya Bankı sanksiyalar altında qızıl-valyuta ehtiyatlarının təxminən yarısına sərəncam verə bilər: “İqtisadiyyatın ehtiyatlarla yaşaya biləcəyi dövr məhduddur. Artıq ikinci rübün axırı-üçüncü rübün əvvəlində biz struktur transformasiyası və yeni biznes modellərinin axtarışı dövrünə qədəm qoyacağıq. Rusiya qiymət artımı və inflyasiyanın yüksəlməsi ilə müşayiət olunacaq sanksiyalarla bağlı struktur dəyişikliklərinin çətin dövrünə daxil olub”.

Bu arada Rusiyada sabitliyin pozulacağı, hətta şimal qonşumuzun təhlükəsizliyinə təhdidlər yaranacağı barədə iddialar səsləndirilir. AYNA mövzunu Rusiyada yaşayan soydaşlarımızla müzakirə edib - “Hazırda Rusiyada vəziyyət necədir və hər hansı təhlükə gözlənilirmi” deyə.

Sankt-Peterburq şəhərində yaşayan politoloq, Masallı Rayon İcra Hakimiyyətinin sabiq başçısı Teymur Yəhyayev:

“Qərb mətbuatı ajiotaj yaratmağa və Rusiyanı daxildən sarsıtmağa çalışır: “Mütəmadi olaraq biz də ABŞ və Avropa mətbuatını izləyirik. Aydın nəzərə çarpan mənzərə odur ki, müəyyən qüvvələr Rusiya daxilində etirazları təşviq etmək üçün hərəkətə keçib və konkret ssenari də hazırlayıblar. Bu ssenarinin ideoloqları, yəni ABŞ və Qərbə bağlı dairələr nəinki beynəlxalq ictimai rəydə, Rusiyanın daxilində də fəaliyyətdədirlər. Hesab edirlər ki, psixoloji təzyiq elementləri ilə daxildə ciddi narazılq dalğası yaratmağa müvəffəq olacaqlar.

Reallıqda isə vəziyyət olduğu kimi qalır. İnsanlar işləyir, çalışır, dükanlara, marketlərə, apteklərə gedirlər - hər kəs öz işində-gücündədir. Aprelin 18-dən artıq banklar da valyuta satmağa başlayıb. Yalnız sanksiyalarla bağlı Rusiya bazarlarını tərk edən xarici şirkətlərin fəaliyyəti dayanıb. Onların bəzilərinin yerini isə artıq yerli şirkətlər tutur. Sankt-Peterburq Rusiyanın ən böyük şəhərlərindən biridir və burada hər hansı ajiotaj yoxdursa, digər şəhərlərdə də olması inandırıcı deyil.

Rusiyada sabitliyin pozulması, təhlükəsizliyə hər hansı təhlükə yaranması ilə bağlı iddialar blefdir. Qətiyyən belə bir şey yoxdur. Düzdür, əhali Ukraynada baş verənləri, sanksiyaları müzakirə edir, bu barədə diskussiyalar aparır. Bunlar təbiidir, çünki söhbət Rusiyanın taleyindən gedir. Hətta Ukraynada günahsız insanların həlak olmasından dolayı bir məyusluq da var. Ruslar belə düşünürlər ki, ukraynalılar Qərbin oyununa alət olublar. Hesab edirlər ki, ABŞ və Britaniya iki qardaş dövləti bir-birinə qırdırmaqla, regiona nəzarəti ələ götürməyə çalışır.

Belə bir yanaşma mövcuddur və məhz bu səbəbdən əhalinin əksəriyyəti Putini dəstəklədiyini bəyan edir. Bir daha söyləmək istəyirəm ki, Rusiyada hər şey qaydasındadır və yaşadığım Sankt-Peterburq şəhərində sabitliyin pozulmasına dair bir fakt qeydə alınmayıb. Həyat öz axarında davam edir”.

Moskvada fəaliyyət göstərən sahibkar Zahid Səfərov:

“Burada sabitlik hökm sürsə də, əhali təşviş içindədir. Xüsusən sahibkarlar arasında ciddi təşviş müşahidə olunmaqdadır. Məlumdur ki, Rusiya-Ukrayna müharibəsi fonunda Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edilib. Bu sanksiyalar bazarda müəyyən qıtlıq da yaradıb, qiymətlərdə artımlar var.

Hökumət əhali arasında panikanın yaranmaması üçün müəyyən vədlər versə də, bu, ümumi narahatlığı səngitmir. Bizneslə məşğul olanlar gələcəkdə əllərində olanları itirməkdən ehtiyat edirlər. Bu səbəbdən vəsaitlərini banklardan çıxarır, özlərində saxlamağa üstünlük verirlər. Çünki qeyri-müəyyənlikdir. Heç kim dəqiq bilmir ki, sabah onları nə gözləyir. Hətta bu səbəbdən satışa çıxarmaq üçün məhsulları da ehtiyatla alırlar.

Bütün bunların fonunda isə qiymətlər daha da artır. Belə bir şayiə də yayılıb ki, müharibə Rusiyaya sıçrayacaq və Üçüncü Dünya müharibəsinin episentri məhz Rusiya olacaq.

Soydaşlarımız Azərbaycana geri qayıdarkən problemlərlə üzləşirlər. Moskvadan Bakıya təyyarə reysləri demək olar ki, yoxdur. Məcbur olub ya İstanbuldan, ya da Minskdən Bakıya gəlməli olursan. Koronavirus pandemiyası dövründən isə sərhədlər bağlıdır. Bu səbəbdən qatar və avtobusla da geri qayıtmaq mümkün deyil. Digər şəhərlərdən Azərbaycana qayıtmaq isə olduqca baha qiymətə başa gəlir. Buna görə də bəzi soydaşlarımız səfərlərini təxirə salmalı olurlar.

Bütün hallarda müharibənin tərəflərindən biri və ağır sanksiyalara məruz qalan bir ölkə olaraq Rusiyada baş verənlər gözlənilən idi. Yavaş-yavaş sanksiyaların təsiri daha çox müşahidə olunur. Bu isə əhali arasında dərin ümidsizlik yaradır. Lakin bununla yanaşı Kremlə qarşı ciddi etirazlar yoxdur. Daxili sabitlik qorunur və hər şey öz qaydasındadır.

Moskva Azərbaycanlıları İcmasının sədri Şamil Tağıyev:

“Rusiya hökuməti təxribatların olmaması üçün ölkə ərazisində təhlükəsizlik tədbirlərini gücləndirib. Əslində, belə də olmalıdır. Təbii ki, ABŞ və Qərb Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edirsə, heç şübhəsiz, imkanları olarsa, daxildə də vəziyyəti qarışdırmağa çalışacaq. Bunun baş verməməsi üçün nəzarət tədbirləri gücləndirilir.

Eyni zamanda Rusiya bu gün faktiki olaraq müharibə vəziyyətindədir. Müharibə isə fövqəladə vəziyyət hesab olunur. Fövqəladə vəziyyətdə gərəkən bütün addımların atılması üçün hökumət strukturları hərəkətə keçib.

Sanksiyaların iqtisadi duruma də müəyyən təsirləri var. Təbii ki, dünya iqtisadiyyatı inteqrasiya olunub və Rusiya ABŞ və Qərbin çoxsaylı sanksiyaları ilə qarşı-qarşıya dayanıb. Rusiyanın uzun illər ərzində istehlak mallarını əsasən xaricdən idxal etməsi, daxili istehsalın bir o qədər geniş vüsət almaması əlavə problemlərə yol açır.

İstər ərzaq və qeyri-ərzaq məhsullarının bahalşmasında, istərsə də alıcılıq qabiliyyətinin aşağı düşməsində, banklarda valyuta ehtiyatlarının azalmasında bu amil nəzərə çarpır. Lakin Rusiya da kifayət qədər güclü dövlətdir və Qərbin hücumlarının davamlı və effektiv olacağı inandırıcı deyil”.

Moskvada yaşayan Cavid Zeynalov:

“Rusiya böyük iqtisadi böhrana “hamilədir”. Təsəvvür edin ki, cəmi bir neçə ay öncə bu ölkədə normal gəlirlər əldə edən, bəzi hallarda isə zəngin həyat tərzi sürən soydaşlarımız, Rusiya vətəndaşları artıq ciddi şəkildə narahat olmağa başlayıblar. Düzdür, qiymətlər fantastik dərəcədə qalxmayıb. Onsuz da son dövrlər hər yerdə, elə Azərbaycanda da davamlı bahalaşmalar baş verir. Rusiyada da aşağı-yuxarı eyni vəziyyətdir.

Lakin banklarda dollar almaq, bank əməliyyatları aparmaq xeyli çətinləşib. Ən əsası isə əhali arasında ciddi məyusluq və ümidsizlik hökm sürür.

Hesab edirəm ki, Rusiya Qərbin sanksiyalarına uzun müddət tap gətirə bilməyəcək. Bu gün üçün vəziyyət, bəlkə də, dramatik deyil. Baxmayaraq ki, sanksiyaların təsiri əməlli-başlı hiss olunur. Amma gələcəkdə vəziyyətin xaotik xarakter alacağı qaçılmaz görünür.

Sosial şəbəkələrə giriş faktiki olaraq mümkün deyil. Düzdür, “WhatsApp”dan və digər sosial şəbəkələrdən istifadə etmək mümkündür, lakin “Facebook”, “Instagram” və s. sosial şəbəkələr tam fəaliyyətsizdir. Əhali əsas informasiyaları yerli KİV-lərdən əldə edir. Bu səbəbdən də hökumətin informasiya resurslarının, ictimai rəyə təsir imkanlarının hələ tam tükənmədiyini söyləmək olar”.

Müəllif: Azər Niftiyev