Şəkidə şirniyyat sexində nöqsanlar aşkarlanıb

Xəbərlər

29.05.2024 - 12:52

Həkimlər Klinikalar SEO Xidməti

Sexin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəki şəhəri, M.Hacıyev küçəsi, ev 9 ünvanında fəaliyyət göstərən şirniyyat sexində yoxlama keçirib. AYNA xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu aşkarlanıb.

Müəssisənin antisanitar vəziyyətdə fəaliyyət göstərdiyi, istehsalda istifadə olunan xammal və inqrediyentlərin çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə əməl olunmadığı, havalandırma sisteminin quraşdırılmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçirilmədiyi və xüsusi geyimlə təmin olunmadığı, mütəmadi təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub.

Müayinələrin aparılması məqsədilə məhsullardan və mətbəxdə istifadə olunan ləvazimatlardan yaxma nümunələri götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Araşdırmalar davam etdirilir.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, şirniyyat sexinin fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilib.

Müəllif: Ayna.az