Mərasimdə şəhidin döyüşlərdə göstərdikləri şücaətlərdən, igidlik salnamələrdən danışılıb
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Vətən torpaqlarının işğaldan azad olunması uğrunda mərdliklə döyüşərək şəhid olmuş hərbi qulluqçusu, baş çavuş Vüqar Əkbərovun anım mərasimi keçirilib.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan AYNA-ya verilən məlumata görə, Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində keçirilən anım mərasimində rayon polis şöbənin və mühafizə şöbəsinin şəxsi heyəti, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, döyüş yoldaşları və rayon ictimaiyyəti iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı önünə əklillər qoyulub, çiçəklər düzülüb, ruhuna dualar oxunub, əziz xatirəsi yad edilib.
Mərasimdə çıxış edənlər vətənpərvər övladlarımızın döyüşlərdə göstərdikləri şücaətlərdən, igidlik salnamələrdən danışaraq, xalqımızın hər bir qəhrəman oğlu ilə fəxr etdiklərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə baş çavuş Vüqar Əkbərov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.