Tovuz rayonunda Kür çayına körpə balıqlar buraxılıb -<font color=red> FOTOLAR</font>

Xəbərlər

29.09.2019 - 20:17

Tovuz rayonunda xüsusi müəssisələrdə yetişdirilmiş balıq körpələri Kür çayına buraxılıb


Bu münasibətlə təşkil olunan mərasimdə Milli Məclisin deputatı Qənirə Paşayeva, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər.

 

AYNA xəbər verir ki, Kür çayının sahilində keçirilən tədbirdə bir neçə saat ərzində çəkisi 100 qramadək olan minlərlə balıq körpəsi xüsusi avadanlıqlar vasitəsi ilə çaya ötürülüb.

 

Bu ilin sonunadək, ümumilikdə, 400 minədək balıq körpəsinin Kür çayına buraxılması planlaşdırılır. Məqsəd ölkənin təbii su hövzələrində balıq populyasiyasını tənzimləmək, balıq məhsullarının əhalinin tələbatına uyğunlaşdırılmasına dəstək vermək və balıq ehtiyatlarının qorunmasının zəruriliyini təşviq etməkdir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşlara müraciət edir ki, balıq ehtiyatlarının qorunmasında, qadağan olunmuş vaxtlarda və qadağan olunmuş üsullarla balıq ovunun qarşısının alınmasında yaxından iştirak etsinlər, min bir əziyyətlə yetişdirilmış balıq körpələrinin su hövzələrində böyüyüb təbiətimizə, insanlara fayda verməsi üçün həyata keçirilən mühafizə tədbirlərinə, sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək versinlər.

 

Milli Məclisin deputatı Qənirə Paşayeva jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən bu layihəni yüksək dəyərləndirərək deyib: “Bu gün Tovuzun Hunanlar kəndi ərazisində Kür çayına körpə balıqlar buraxıldı. Bu prosesdə kənd əhalisi, xüsusən də uşaqlar iştirak etdilər. Bu layihə həm təbiətimizi qorumaq, həm də təbliğat xarakteri daşıyır. Eyni zamanda, gənclərimizdə flora və faunamızın, təbii ehtiyatlarımızın qorunması düşüncəsi daha da inkişaf edəcək. Təəssüf ki, ekoloji problemlər, o cümlədən brakonyerlərin yaratdığı problemlər səbəbindən çaylarda bir sıra balıq növlərimiz ciddi şəkildə azalır, nəsilləri kəsilir. Bu, ciddi problemlər yarada bilər. Ümid edirəm ki, balıq ovu ilə məşğul olanlar da bu amilə fikir verəcəklər”.

 

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda 650 min ağac əkilməsi ilə bağlı təşəbbüsünün tovuzlular tərəfindən böyük razılıqla qarşılandığını bildirən Q.Paşayeva qeyd edib ki, bu aksiya ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılmasına böyük töhfədir. Tovuzlular da bu aksiyaya fəal qoşulacaqlar.

“Burada Ekologiya və Təbii Sərvətlər naziri yeni bir layihə barədə də məlumat verdi. Meşələrimizin qorunması, ucqar dağ kəndlərində yaşayan insanların istiliklə bağlı probleminin həlli məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən meşələrdə ömrü bitmiş ağaclar yaşıllıqlara ziyan vurmadan kəsilərək sakinlərə satılacaq. Bu odunların qiymətləri də yerli əhali üçün sərfəli olacaq. Beləliklə, həm meşələrin qorunmasına, insanların daha uyğun qiymətə odun əldə etmələrinə, ağacların nəzarətsiz kəsilməsi ilə bağlı problemə də son qoyulacaq”, - deyə Q.Paşayeva əlavə edib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə deyib: “Bu gün ölkəmizdə balıq ehtiyatlarının artmasına töhfə verdik. Minlərlə balıq körpəsi Kür çayına buraxıldı. Bu cür layihələrin reallaşdırılmasında məqsəd odur ki, su hövzələrindəki balıqların sayı artsın, həm də insanlar çaylarda, dənizdə olan balıq ehtiyatlarının qədrini bilsin, qadağan olunmuş üsullardan istifadə etməklə kütləvi ovlamasınlar. Balıq ehtiyatları min bir əziyyətlə yetişdirilir. İnsanlara bir daha müraciət edirik ki, balıq ovunu sivil qaydada həyata keçirsinlər. Qadağan olunmuş alətlərdən istifadə etməsinlər. Kortəbii və qanunsuz balıq ovu gələcəkdə ciddi problemlər yarada bilər. Onu da bildirim ki, Kür çayında icazəsiz balıq torları qurulur. Elektrik cərəyanlarından istifadə olunur. Bir daha təbiətsevərlərə müraciət edirik ki, icazəsiz balıq ovunun qarşısının alınmasında bizə dəstək olsunlar, brokonyerlərə qarşı çıxış etsinlər”.

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağacın əkilməsinə böyük həvəslə hazırlaşdıqlarını bildirən İ.İbrahimova bildirib ki, artıq Tovuzda da hazırlıq işlərinə başlanılıb.

 

Əhali və müvafiq xidmətlərlə görüşlər keçirilib, əkilməsi nəzərdə tutulan ağaclar tədarük olunur. “Aksiya zamanı hər bölgənin iqlim və relyefinə uyğun ağac növlərindən istifadə olunacaq. Hesab edirik ki, bu layihə sayəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək, - deyə nazirliyin mətbuat xidmətinin rəhbəri əlavə edib.

Müəllif: Ayna.az