“Nvidia”nın baş direktorunun sərvəti milyardlarla dollar artıb

Dünya

25.11.2026 - 10:59

Jensen Huanqın baş direktor vəzifəsinə qayıtdıqdan sonra sərvəti 32-33 milyard dollar artaraq 144,4 milyard dollara çatıb

Amerika texnologiya şirkəti “Nvidia”nın təsisçisi Jensen Huanqın baş direktor vəzifəsinə qayıtdıqdan sonra sərvəti 32-33 milyard dollar artaraq 144,4 milyard dollara çatıb. AYNA.AZ xəbər verir ki, sahibkar “Forbes”in dünyanın ən varlı insanları siyahısında 18-ci yerdən 13-cü yerə yüksəlib.

Huanqın iki həftəlik fasilədən sonra vəzifəyə qayıtması elan edildikdən sonra “Nvidia” səhmləri təxminən 30% artıb. Şirkətin bazar kapitallaşması hazırda 3 trilyon dolları keçib.

Huanq “Nvidia”nın Kaliforniyanın Santa Klara şəhərindəki baş ofisinə qayıdıb və orada işçilər onu ayaq üstə alqışlarla qarşılayıblar. Şirkət baş direktorun həmkarları ilə əhatə olunmuş şəklini “X” sosial media platformasında paylaşıb.

“The Wall Street Journal” qəzetinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp, vitse-prezident Cey.Di.Vens və digər yüksək vəzifəli ABŞ rəsmiləri iş adamının nüfuzunu bərpa etmək üçün iki gün səy göstəriblər.

ABŞ baş prokuroru Todd Blançe Tramp və Vensə bildirib ki, Ədliyyə Nazirliyi Huanqla bağlı araşdırma aparmır və iş adamının qanunu pozduğuna və ya milli təhlükəsizliyə təhdid yaratdığına dair heç bir dəlil yoxdur.

Tramp “Nvidia” şirkətinin idarə heyətinin üzvləri ilə şəxsən danışdığını və onları Huanqın ən yüksək vəzifəyə qaytarılmasına inandırdığını bildirib.

Bu arada, “New York Post” qəzetinin məlumatına görə, “Polymarket” proqnoz platformasının istifadəçiləri Huanqın qayıdışına mərc edərək 340 min dollardan çox qazanıblar.

Analitiklər sahiblərinin yalnız “Nvidia” ilə əlaqəli tədbirlərə mərc etdiyi 16 hesabdan ibarət iki qrup müəyyən ediblər. Direktorlar Şurasının qərarının elan edilməsindən bir neçə saat əvvəl bəzi hesablara vəsait yatırılıb. Hesab sahiblərinin kimliyi müəyyən edilməyib.

Huanq Çin dövlət televiziyası CCTV-nin keçmiş jurnalisti və Sinqapurda yerləşən “Megaspeed International” şirkətinin keçmiş rəhbəri olan Çin vətəndaşı Alis Huanq ilə romantik münasibətləri ilə bağlı iddiaların üzə çıxmasından sonra 12 noyabrda istefa vermişdi.

"The New York Times" qəzetinin məlumatına görə, Alis Huanq Çin Dövlət Təhlükəsizlik Nazirliyinin nümayəndəsi ilə əlaqə saxlayıb. Amerika hakimiyyəti onun casusluqla məşğul olub-olmadığını hələ müəyyən etməyib. Pekin qalmaqalda hər hansı bir əlaqəsini inkar edib.

“Megaspeed” şirkəti ABŞ ixrac məhdudiyyətlərini aşaraq Çinə Amerika çipləri tədarük etməkdə şübhəli bilinir. “Nvidia” şirkəti dövlət və ya kommersiya sirlərinin sızdırıldığına inanmaq üçün heç bir səbəb olmadığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş