Diplomatdan 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub
Şimali Koreya Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin nümayəndəsini “arzuolunmaz şəxs” elan edib və ondan 48 saat ərzində ölkəni tərk etməsi tələb olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Nazirliyin açıqlamasında deyilir: "25 noyabrda Şimali Koreya XİN ölkəmizdəki İsveçrə diplomatik bürosunun nümayəndəsini “arzuolunmaz şəxs” elan etdi və ondan 48 saat ərzində Şimali Koreya ərazisini tərk etməsini tələb etdi".
KCNA-nın məlumatına görə, XİN-in Avropa Departamentinin rəhbəri Pak Hyun-su İsveçrə diplomatik bürosunun nümayəndəsi Astier Silvenı çağıraraq ona missiyanı bağlamağı və respublikanı tərk etməyi tələb edən nota təqdim edib.
Bu qərara İsveçrənin Sonqdovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsi səbəb olub. Pxenyan bu addımı “açıq düşmənçilik hərəkəti” kimi qiymətləndirib.
Şimali Koreya XİN ölkənin “suveren hüquqlarını və vətəndaşlarının maraqlarını pozan hərəkətlərin qəbuledilməz” olduğunu vurğulayıb.
Bir gün əvvəl Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri Kim Yo-jong İsveçrənin düşərgəyə qarşı sanksiyalarını pisləyən bir bəyanat yayıb. O, bunları Şimali Koreyanın “suverenliyinin kobud şəkildə pozulması” adlandırıb və XİN-ə yaxın günlərdə Pxenyandakı büronun bağlanmasını nəzərdən keçirməyi tövsiyə edib.
İsveçrə diplomatik ofisi altı ildən çox fasilədən sonra Şimali Koreyanın paytaxtında fəaliyyətini bu yaxınlarda bərpa edib. Ofis Pekindəki İsveçrə səfirliyinin yurisdiksiyasındadır. Ofisin rəsmi açılışı oktyabrın sonlarında İsveçrə xarici işlər naziri İqnazio Kassisin Şimali Koreyaya səfəri zamanı baş tutub.