“Washington Post”: Səudiyyə şahzadəsini Səddam Hüseynin aqibəti gözləyir

Dünya

09.07.2019 - 16:59

“Məhəmməd ibn Salman İrana qarşı barışmaz mövqedə dayandığı üçün hər zaman ABŞ-la münasibətlərinin yaxşı olacağını düşünür”

 

“Washington Post” qəzetində dərc olunan bir məqalədə Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd ibn Salman sərt tənqid olunub. AYNA xəbər verir ki, yazı dünya mətbuatında böyük səs-küyə səbəb olub.

 

Şahzadə İraqın sabiq Prezidenti Səddam Hüseynlə müqayisə edilib. Məqalədə Məhəmməd ibn Salmanın özünü toxunulmaz hesab etdiyi, İrana qarşı barışmaz mövqedə dayandığı üçün hər zaman ABŞ-la münasibətlərinin yaxşı olacağını düşündüyü qeyd olunur.

 

“Bir vaxtlar neft milyarderi olan ərəb diktator vardı. Bu diktator ABŞ və Avropanın istəklərini yerinə yetirdiyi üçün istədiyi kimi zalımlıq edə biləcəyini düşünürdü. Neft satmaq və İranla düşmənçilik etmək ona istədiyi hər şeyi etməyə icazə verirdi. Sonra nə oldu?” – deyə başlayan yazıda Salmanı da eyni aqibətin gözlədiyi vurğulanıb.

 

Camal Qaşıqçı cinayətində adı hallanan şahzadə, habelə Yəməni bombalamaqda və nüvə silahı əldə etməkdə də ittiham edilib.

 

Yazıda ABŞ-ın və Avropanın aparıcı dövlətlərinin Məhəmməd ibn Salmana dəstək vermələrinin gələcəkdə öz başlarına bəla olacağı da qeyd olunub.

Müəllif: Ayna.az