Seçki müzakirələri yenə qızışır: <font color=red> İŞTİRAK, yoxsa BOYKOT</font>

Siyasət

12.09.2019 - 14:07

Seçkilərə qatılmaq tərəfdarları da var, “onsuz da mənası yoxdur” deyə boykot çağırışı edənlər də

 

Qarşıdan 27 dekabr bələdiyyə seçkilər gəlir. Gələn il isə parlament seçkiləri keçirilməlidir. Və artıq siyasi çevrələrdə “iştirak, yoxsa boykot” müzakirələri başlayıb. Hər seçki ilində olduğu kimi, bu dəfə də müxalif düşərgədə bu seçimə münasibət birmənalı deyil. Seçkilərə qatılmaq tərəfdarları da var, “onsuz da mənası yoxdur” deyə boykot çağırışı edənlər də.

 

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev AYNA-ya açıqlamasında seçkilərdə iştirak etməyin o qədər də əhəmiyyətli olmadığını deyib: “Azərbaycanda seçki praktikası və qanunvericiliyi ölkədəki seçkilərdə iştirak etməyi mümkünsüz edir. Çünki ölkədə seçkilər saxtalaşdırılır. Əgər qarşıdan gələn dövrlərdə seçkilər aşkar və şəffaf keçirilsə, o zaman seçkilərdə iştirak etmək haqqında dşünümək olar. Lakin əksi olsa, nəticəsi əvvəlcədən bəlli olan prosesdə iştirak etməyin heç bir mənası yoxdur”

 

“Ümumi götürəndə, boykotun tərəfdarı deyiləm. Lakin ortada seçki təcrübəsi var. Çünki parlament seçkilərində nəticələr, əsasən saxtalaşdırılır. Əgər seçkiqabağı bu proseslər aradan qaldırılsa, bu barədə düşünmək olar”, - deyə siyasətçi bildirib.

 

AĞ Partiyanın başqanı Tural Abbaslı isə əməkdaşımızla söhbətində seçiklərdə iştirak etməyin vacib olduğunu vurğulayıb: “Biz AĞ Partiya olaraq seçkilərin boykot edilməsini qəbul etmirik. Çünki bu, Azərbaycan siyasəti üçün düzgün seçim deyil. Boykot, adətən siyasi proseslərə təsir edən ölkələrdə olur. Lakin biz görürük ki, müxalifətin seçkilərdə iştirak edib-etməməsi hakimiyyət üçün elə də əhəmiyyətli deyil. Odur ki, biz seçkilərdə iştirak edərək mübarizə aparmağın tərəfdarıyıq”.

 

Abbaslı bələdiyyə seçkilərinin keçirilməsinə də münasibət bildirib: “Bələdiyyələr Azərbaycanda daha çox qeyri-ciddi struktur olduğu üçün, ölkə əhalisi bu seçkilərə bir o qədər ciddi yanaşmır. Çünki seçilən bələdiyyə sədrlərinin böyük səlahiyyətləri də olmur. Odur ki, bu, daha çox yeni partiya üzvlərinin, əsasən gənclərin seçki ənənələri, seçki vərdişləri, seçki prosesləri ilə tanış olması üçün daha əlverişlidir. Biz də bələdiyyə seçkilərinə böyük diqqət ayırmaq niyyətində deyilik”.

 

“Geniş mənada biz daha çox seçkilərdə iştirak etməyin tərəfdarıyıq. Çünki ən pis fəaliyyət fəaliyyətsizlikdir. Yox, əgər boykotun seçki prosesinə təsiri olsaydı, bu məsələyə müsbət baxmaq olardı”, - deyə partiya rəhbəri əlavə edib.

 

Mövzunu AYNA-ya şərh edən, Türkiyədə yaşayan azərbaycanlı siyasi şərhçi Orxan Qafarlı hesab edir ki, seçkilərə qatılmaq vacibdir: “Son 20-25 ilin təcrübəsi göstərdi ki, müxalifət partiyaları seçkiləri nə qədər baykot edibsə, bir o qədər zəifləyib. Gəldiyimiz vəziyyətdə siyasi partiyalar QHT-lərə çevrilib. Çünki seçkilər siyasi partiyaları diri saxlayan və konsolidasiya olmasına kömək olan prosesdir”.

 

“Seçki qanunvericiliyinin nə dərəcədə demokratik və tolerant olmasından asılı olmayaraq, seçkidə iştirak önəmlidir. Çünki siyasətdə çarələr tükənməz. Hər bir seçki dairəsində aparılan mübarizə ölkə miqyasında seçkinin ruhunu dəyişə bilər”, - deyə Qafarlı bildirib.

 

Politoloq Azər Rəşidoğlu isə AYNA-ya şərhində məsələyə fərqli yöndən yanaşıb: “Mövcud yanaşma ilə hər iki kurs iflasa məhkumdur. Yeni yanaşma və paradiqma tapılmayana qədər belə də olacaq. Müxalifət ona “biçilən” qaydalar çərçivəsində “oynayır”, özü şərtləri diktə edə bilmir. Müxalifətdaxili didişmələr protest elektoratını parçalayır və iqtidarın qələbəsini təmin edir. Müxalifət 10 illərdir didişmələr ilə narazı elektoratı seçkidən iyrəndirir”.

 

“Bu baxımdan, hər iki yol fiaskoya aparır. Şərtləri diktə etmək və protest elektoratını parçalayacaq addımlardan çəkinmək lazımdır. Bunu isə etmək üçün siyasi iddiaları bir qədər buxovlamaq lazımdır. Müxalifət buna hazır deyil, iradəsi də yetmir. Odur ki, yeni nəsil müxalifətə ehtiyac yaranıb. Əks təqdirdə, bizlər daha 30 il mövcud hakimiyyətin idarəçiliyi altında yaşayacağıq. 30 ildir ki, müxalifət “seçkidə iştirak, yoxsa boykot” dilemması ilə imitasiya edir. Bu, mübarizə deyil, elektoratı aldatmaqdır”, - deyə Rəşidoğlu vurğulayıb.

Müəllif: Mərahim Nəsib