Bakıda qar yağacaq
Dekabrın 25-də Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya bildirilib ki, dekabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, səhər tədricən kəsiləcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-8° isti, Bakıda gecə 1-3° isti, gündüz 6-8° isti olacaq.
Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.
Rayonlarda sabah hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 4-8° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 15-18° şaxta, gündüz 2-7° şaxta olacaq. Dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.
Tibbi-meteoroloji proqnoza gəlincə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.