“Əgər bunu etməsək, dörd-beş ildən sonra biz rus dili kurslarına getməli, ya da Yeni Zelandiyaya köçməli olacağıq”
Bu yaxınlarda vəzifəsinin icrasına başlayan NATO-nun baş katibi Mark Rutte Avropa Parlamentində çıxışı zamanı Avropa İttifaqını (Aİ) silahlara daha çox pul xərcləməyə çağırıb. AYNA xarici mediaya istinadən bildirir ki, Alyansın baş katibi deyib ki, Rusiya bütün NATO-nun bir ildə istehsal etdiyini üç ayda istehsal edir.
“Ümumiyyətlə, Rusiya iqtisadiyyatı Hollandiya və Belçikanın ümumi iqtisadiyyatından böyük deyil. Siz ikiniz birlikdə Rusiya iqtisadiyyatısınız. Amma bütün NATO-nun bir ildə istehsal etdiyini üç ayda istehsal edirlər... Onlarda bizdəki kimi yüksək maaş yoxdur. Amma daha yüksək sürətlə hərəkət edə bilirlər və mahiyyətcə müharibə iqtisadiyyatı yaradıblar”, NATO-nun baş katibi qeyd edib.
Rutte həmçinin bildirib ki, Aİ müdafiəyə daha çox pul ayırmasa, o zaman avropalılar rus dilini öyrənməyə məcbur olacaqlar: “Əgər bunu etməsək, dörd-beş ildən sonra biz rus dili kurslarına getməli, ya da Yeni Zelandiyaya köçməli olacağıq”.