“Rusiyanın Azərbaycanın yanında olduğu görüntüsünə aldanmaq olmaz”

Aktual

29.12.2022 - 18:09

Politoloq: “Nə Arutunyan, nə də Vardanyan Ermənistan hakimiyyətini dinləyir, onların yeganə sahibi Moskvadır”

Dekabrın 25-də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Xankəndi şəhərində erməni separatçı qurumun tör-töküntüləri mitinq keçiriblər. Bir müddət öncə Rusiyadan Qarabağa gələn, hazırda isə qondarma qurumun “dövlət naziri” olan Ruben Vardanyanın təşkilatçılığı ilə baş tutan mitinqdə təxminən 15-17 min adamın iştirak etdiyi deyilir.

Qondarma qurumun “dövlət naziri” mitinqdəki çıxışında Qarabağ ermənilərinin 3 yolu olduğunu bildirib: “Birincisi, Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.

Bu, faktiki olaraq separatçıların Azərbaycana müharibə elanıdır. Görünən odur ki, Rusiyanın himayəsi altında olan Qarabağ separatçıları Azərbaycanın suverenliyi altına girməməkdə israrlıdırlar. Demək ki, Azərbaycan daha çox Rusiya ilə diplomatik danışıqlar aparmalıdır. Hansı ki, bu danışıqlar aparılır. Xarici İşlər Naziri Ceyhun Bayramovun həmin ərəfədə Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşündə hazırkı proseslər müzakirəyə çıxarılıb.

Başqa bir maraqlı məqam isə Ermənistanın Rusiyaya qarşı ittihamlarıdır. Rəsmi İrəvan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan vasitəsi ilə Moskvaya mesaj verdi, Kremli ittiham etdi ki, Rusiya Ermənistana dost münasibəti sərgiləmir. Kremldən dərhal cavab gəldi: “Qriqoryanın açıqlaması təxribat xarakterlidir”. Bunlar onu deməyə əsas verir ki, Ermənistanla Rusiya arasında gərginlik başlayıb və artan xətlə gedə bilər.   

Baş verənlərlə bağlı AYNA-nın suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırıb. Analitik bildirib ki, Vardanyan Moskvanın layihəsidir, burada heç bir şübhə yoxdur:

- Hansı milyarder, oliqarx rahat şəraitindən imtina edər və qarışıq, gərgin, müharibə təhlükəsi olan bir bölgəyə köç edər?! Düzdür, ermənilərdə bir-birilərinə dəstək amili mövcuddur, amma onlar da yaxşı yerlərdə yaşamağı xoşlayırlar. Bu gün ermənilər nəinki Qarabağı, bütövlükdə Ermənistanı kütləvi tərk edirlər. Ona görə də Vardanyanın Kremlin göstərişi ilə Xankəndiyə gəlişi şübhəsizdir.

Kremlin hədəfləri də məlumdur. Moskvada bilirdilər ki, Azərbaycan rəsmiləri separatçı Arayik Arutunyanla təmas qurmayacaqlar. Onlara Qarabağda bir fiqur lazım idi ki, rəsmi Bakı onunla təmas qursun. Kreml strateqləri fikirləşdilər ki, Vardanyanla təmaslar ola bilər. Çünki Vardanyan o zamana kimi separatçı deyildi, müharibələrdə birbaşa iştirak etməyib, qan tökməyib və s. Bu səbəblərdən rəsmi Bakının Vardanyanla danışa biləcəyini zənn etdilər. Amma görünən odur ki, yanıldılar. Azərbaycan Prezident İlham Əliyev səviyyəsində bəyan etdi ki, Vardanyanla da heç bir təmas olmayacaq. Ona qədər müəyyən dərəcədə yumşaq danışan Vardanyan sərt bəyanatlara keçdi, Azərbaycan əleyhinə sərt açıqlamalar verməyə başladı. Onun bəyanatları təxribat və təhdiddir.

- Bir separatçının təxribatçı bəyanatları nə qədər təhdid yarada bilər?

- Söhbət separatçının təhdidindən yox, onu təyinatla Xankəndiyə göndərən gücün təhdidlərindən gedir. Diqqət edirsinizsə, bu gün baş separatçı Arutunyan arxa planda qalıb. Vardanyan xarici ölkə media qurumlarına, xüsusilə də Rusiya mediasına geniş müsahibələr verir. “Kommersant” qəzetinin tarixində mən Vardanyanın müsahibəsi qədər geniş müsahibə oxumamışdım. İndi üç variantdan danışır və müharibə ehtimalını önə sürür. Bir növ, Azərbaycana müharibə elan edir. Təbii ki, Vardanyanın söylədiyi üç variantın əvvəlki ikisindən birini seçmək məcburiyyətində qalacaqlar. Aydındır ki, separatçıların Azərbaycanla müharibə aparacaq gücü, cəsarəti yoxdur. Amma hər halda təhdiddir və bu, gərginliyin artmasına zəmin yaradır. Azərbaycan antiterror əməliyyatı keçirə bilər ki, buna da ən böyük əngəl Rusiya, onun Qarabağda sülhməramlı adı altında yerləşən hərbi kontingentidir.

- Rusiya demişkən, Ermənistanla Rusiya arasında siyasi gərginlik artmaqdadır. İrəvanda Rusiya əleyhinə aksiyalar, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın açıqlamaları timsalında demək olarmı ki, İrəvanla Moskva arasında körpülər yanır?

- Qriqoryan faktiki etiraf etdi ki, Rusiyanın təzyiqi ilə üzləşiblər. Guya, Rusiya onlara təzyiq edir ki, Zəngəzur dəhlizi açılsın və məcbur edir ki, Ermənistan Rusiya-Belərus ittifaqına qoşulsun. Dərhal Kremlin mətbuat katibi Qriqoryanın bu açıqlamasını təxribat adlandırıb. Qriqoryanın sözlərindən belə çıxır ki, Rusiya guya Azərbaycana dəstək verir. Faktiki olaraq İrəvan Moskva ilə körpüləri yandırmağa başlayıb.

Ən maraqlısı budur ki, Qriqoryan Rusiya əleyhinə danışarkən, Paşinyan Sankt-Peterburqda Putinlə görüşürdü. Paşinyan da görüşdə bir qədər ittiham şəkilində bildirdi ki, sülhməramlılar Qarabağda üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirə bilmir, Laçın yolu iki həftədir bağlıdır və s. Amma biz Rusiyanın bizi dəstəklədiyinə inanmamalıyıq. Moskva görüntü yarada bilər ki, guya, Bakını dəstəkləyir. Heç də belə deyil, Rusiya münaqişənin qalmasında istisnasız maraqlıdır. Kremlin Paşinyan hökumətindən xoşu gəlmədiyi üçün mümkün olduqca İrəvana təzyiqlər edilir. Nəzərə almaq lazımdır ki, bizim Qarabağla bağlı problemimiz Ermənistanla deyil, Rusiya ilədir.

- Amma ortada sülh sazişi yoxdur...

- Bəli, Ermənistanla üç problemimiz qalır: Zəngəzur dəhlizinin açılması, sərhədlərin dəqiqləşdirilməsi və sülh sazişi. Onsuz da sərhədlərdə strateji yüksəkliklərə Azərbaycan Ordusu nəzarət edir. Sülh anlaşması illərlə yoxdur, onsuz da keçinmək olar. Naxçıvanla əlaqə üçün isə bir neçə variantımız var. Bizim əsas problemimiz Qarabağda suverenliyin bərpasıdır. Məsələ burasındadır ki, Azərbaycan da, Ermənistan da Rusiya ilə məsafə saxlaya bilər. Amma Qarabağ erməniləri faktiki olaraq Rusiyanın nökərləridir. Arutunyan, Vardanyan Ermənistan hakimiyyətini də dinləmirlər. Onlar faktiki olaraq Paşinyandan əllərini üzüblər. Ona görə də separatçılar Rusiyaya bel bağlayırlar. Bu mənada, bizim əsas problemimiz Rusiya ilədir. Biz Xankəndini nəzarətə götürməliyik, suverenliyimizi bərpa etməliyik. Bunun qarşısında əngəl isə Rusiyadır.

- Laçın yolunda azərbaycanlı fəalların aksiyası 20 günə yaxındır ki, davam edir. Ermənilər bəyan edirlər ki, Azərbaycan humanitar böhran yaradıb və s. Sizcə, aksiya nə qədər davam edəcək və tələblər yerinə yetirilmədiyi halda, etirazlar dayansa, bu, Azərbaycanın məğlubiyyəti sayılmayacaq?

- Aksiya məsələyə yaradıcı yanaşmadır, amma təbliğatında zəiflik var. Məsələn, biz dünyaya təqdim etməliyik ki, Laçın yolunu bağlamamışıq, nəzarətə götürmüşük. Nəzarət başqa, bağlamaq başqadır. Yolu nəzarətə götürmüşük ki, bölgəyə gələn-gedən maşınları yoxlayaq. Oradan mina daşınmasın, silah daşınmasın, narkotik aparılmasın, üçüncü ölkə vətəndaşı Azərbaycanın icazəsi olmadan ərazimizə daxil olmasın. Bütün normal ölkələrin sərhədində gömrük və sərhəd xidməti olur. Biz də onu yaradırıq. Biz dünyaya bunu izah etməliyik. Düzdür, bəzi ölkələr bizim haqlılığımızı qəbul etmir, etməyəcək də. Amma elə ölkələr var ki, onlarla işləməliyik.

Bu gün Laçın yolundan humanitar yüklər daşınır, sülhməramlıların avtomobilləri Xankəndidən Gorusa, oradan da Xankəndiyə gedib-gəlir. Buna heç bir məhdudiyyət yoxdur. Sıravi ermənilər yoldan istifadə edə bilər. Amma cinayətkarlar əlbəttə ki, yaxalanacaqlar.

Aksiya dayanarsa, nəyin baş verəcəyinə gəlincə, biz bu qədər prosesdən sonra geri addım ata bilmərik. Aydındır ki, dinc etiraz nə vaxtsa dayanmalıdır. Amma aksiya dayananadək oradakı postu möhkəmləndirməliyik. Etirazı mühafizə edən hərbçilərimiz var ki, onlar artıq yolda yerləşiblər. Məncə, indi etirazı dayandırmaq olmaz. Çünki belə anlaşılacaq ki, Azərbaycan nədənsə qorxdu, çəkindi, geri çəkildi. Amma bir müddətdən sonra elan edilməlidir ki, artıq yolda Azərbaycanın gömrüyü, sərhəd xidməti fəaliyyətə başlayıb, proseslər nəzarətimizdədir.

Yaxşı olardı ki, Ermənistan-Azətrbaycan sərhədində postumuz qurulardı. Amma bu, indi mümkün deyilsə, laçın yolunun Şuşadan keçən hissəsində, hazırda aksiya baş verən ərazidə postu möhkəmləndirmək lazımdır. Təbii ki, biz oranı sərhəd kimi qiymətləndirmirik, çünki sərhədimiz Laçındadır. Amma Şuşada gömrük postu olmalıdır. Rəsmi Bakı da bəyan etməlidir ki, yol bağlı deyil, sadəcə ərazimizə daxil olan maşınlara nəzarət edirik. Humanitar yüklər daşınır, xəstələr Ermənistana gedib-gəlirlər. Sadəcə silah-sursat keçməyəcək, İran Qarabağa terrorçu apara bilməyəcək, cinayətkarlar buraxılmayacaq, yaxalanacaq. Nəticə bu olmalıdır və məncə, buna doğru da gedir.

Müəllif: Anar Bayramoğlu