“Rusiya qanlı təxribatla müşayiət olunan informasiya-psixoloji əməliyyata hazırlaşır”
Bir gün əvvəl Rusiya mətbuatı ukraynalı hərbi əsirlərin könüllü kazak batalyonunda döyüşməyə icazə verilməsini şifahi şəkildə “xahiş etdiyini” yazmışdı.
Rusiya ukraynalı hərbi əsirləri onun tərəfində döyüşməyə məcbur edə bilər. AYNA UNİAN-a istinadən bildirir ki, bu iddia ilə Amerika Müharibənin Tədqiqi İnstitutunun analitikləri çıxış ediblər.
Qeyd olunub ki, işğalçı ölkə Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasına baxmayaraq, bunu edə bilər: “Lakin heç bir hərbi əsir istənilən vaxt müharibə zonasının atəşinə məruz qala biləcəyi ərazilərə göndərilə və ya orada saxlanıla bilməz. Bu, Konvensiyanın pozulmasıdır”.
İnstitut xatırladıb ki, sentyabrın 24-də Rusiyanın dövlət mediası yazıb ki, keçmiş Yelenovskaya təcridxanasında saxlanılan ukraynalı hərbi əsirlər guya qondarma “DXR hakimiyyəti”ndən şifahi şəkildə “xahiş edib” ki, onlara “Boqdan Xmelnitski” könüllü kazak bölüyündə döyüşməyə icazə versinlər.
Hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenkonun sözlərinə görə, Rusiya qanlı təxribatla müşayiət olunan informasiya-psixoloji əməliyyata hazırlaşır. Belə ki, Rusiya Federasiyası Yelenovkada olan Ukrayna Silahlı Qüvvələrinin hərbi əsirlərinin Rusiya qoşunlarının tərəfində döyüşməyə hazır olduqlarını bəyan etmək niyyətindədir.
Bundan sonra hərbi əsirlər məhv edilə, bu qətliamın Ukrayna Silahlı Qüvvələrinin hansısa hücumu ilə əlaqələndirmək cəhdi ola bilər: “İndi bir neçə mərhələdə daha düşünülmüş təxribata hazırlıq gedir".
Xatırladaq ki, iyulun 29-na keçən gecə Yelenovkadakı keçmiş islah koloniyasının ərazisində baş vermiş partlayış nəticəsində ukraynalı hərbi əsirlərin saxlandığı bina dağılıb. Rusiya partlayışın Ukraynanın raket hücumu nəticəsində baş verdiyini açıqlayıb. Ukrayna tərəfi isə iddia edir ki, partlayış ukraynalı əsirlərin öldürülməsi üçün Rusiya tərəfindən qəsdlə törədilib.