Rusiya niyə Ermənistanı müdafiə etmədi – <font color=red> MARAQLI FAKTLAR</font>

Aktual

03.10.2020 - 19:17

“Buradan mən Azərbaycan Ordusunun hücumlarının uğurla davam etdiyi qənaətinə gəldim”

 

Qarabağın azadlığı uğrunda mübarizə davam edir. Və bu müharibədə, dünyada erməni işğal siyasətinin əsas ruporu Fransa Prezidenti Emmanuel Makrondur. Rusiyaya gəldikdə isə, Paşinyanın Prezident Putinə etdiyi zənglər nəticə vermir.

 

Rusiyalı politoloq Oleq Kuznetsov AYNA-ya müsahibəsində Qarabağda son hərbi əməliyyatlardan, proseslərin Rusiyadan indi necə görünməsindən və Fransanın niyə bu qədər “boğazını cırmasının” səbəblərindən danışıb.

Kuznetsov Azərbaycan təcrübəsindən danışdı

- Döyüşlər başlayandan bəri Paşinyan Putinə üç dəfə zəng edib, ancaq heç bir nəticəyə nail ola bilməyib. Sizcə, Rusiya niyə Ermənistana ermənilərin gözlədiyi dəstəyi vermir?

 

- Fikrimcə, hazırkı Qarabağ müharibəsinin Vladimir Putin üçün şəxsən maraqlı olmasının iki əsas amili var. Qeyd edim ki, bu mənada söhbət tam olaraq Vladimir Putindən gedir, Prezident Putindən yox. Məhz, bu amillərə isitnad edərək, Putin bu gün hamımızın gördüyü kimi hərəkət edir.

 

Birinci amil: Bir neçə gün əvvəl, xüsusən də müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi ilə bağlı hadisədən sonra o, bütün Avropa tərəfindən arzu edilməyən siyasətçi idi və ölkə yeni sanksiyaların tətbiq edilməsinin və makroiqtisadi vəziyyətin daha da pisləşməsinin astanasındaydı. Ancaq sonra, Azərbaycan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının azad edilməsinə başladı və Putinin statusu kəskin şəkildə yüksəldi – siyasi, heç kimin əlini sıxmaq istəmədiyi bir adam yenidən ehtiyac durulan şəxsə çevrildi. İndi dünyanın aparıcı ölkələrinin bütün liderləri "Türkiyənin bölgədəki təcavüzü"nü dayandırmaq üçün, Putindən Ermənistan tərəfində Qarabağ uğrunda müharibəyə müdaxilə etməsini xahiş edir, onunla danışmaq üçün növbə gözləyirlər. Putin yenidən at belindədir və və yenidən dünyanın taleyini idarə edə bilər.

 

İkinci amil: İndi Putin Azərbaycanın vasitəsi ilə dünya tarixi yaza bilər. Sırf bir siyasətçi kimi, bir dövlət başçısı kimi deyil. İndi o, açıq şəkildə Bakının İrəvanı əzməsinə mane olmur və inqilab və ya çevriliş yolu ilə ermənilər özlərinin günahı ucbatından Ermənistanı öz qanında yuyan Amerika tərəfdarı Nikol Paşinyanın rejimini devirənə qədər bu mövqeyini qoruyacaq. Və yalnız bu deyilənlər həyata keçəndən sonra, 2016-cı ildə olduğu kimi, Bakı ilə danışacaq, əgər əlbəttə ki, Ermənistan Azərbaycan ordusunun zərbələri altında o zamana qədər təslim olmayacaqsa.

 

Əlbətdə ki, bu şərtlərdə Rusiya üçün regionda Amerikanın təsirinin əvəzinə Türkiyə təsirinin qüvvətlənəcəyi təhlükəsi var. Ancaq bu, yalnız Azərbaycan Türkiyə qoşunlarının iştirakı ilə Ermənistanı məğlub etsə baş verəcək. Və əksinə, Azərbaycan onu təkbaşına məğlub etsə, bu amil olmayacaq. Birinci halda, Moskva Cənubi Qafqazdakı müharibədən sonrakı sistem barədə Ankara ilə, ikinci halda - Bakı ilə danışıqlar aparmalı olacaq. İkinci seçim, özünüz də başa düşdüyünüz kimi, Kreml üçün daha çox üstünlük təşkil edir. Buna görə də Putin Paşinyana konkret cavab vermir.

 

- Müharibədən gələn xəbərləri necə qiymətləndirirsiniz?

 

- Onları heç bir şəkildə qiymətləndirmirəm, çünki təbliğatın ayrılmaz hissəsi və ya qlobal qarşıdurmanın informasiya komponenti olduqlarını yaxşı başa düşürəm. Ancaq şübhə etmədiyim üç hal var:

 

Birincisi, Azərbaycan pilotsuz təyyarələrinin Ermənistan qoşunlarının mövqelərinə hücumlarının çoxsaylı sübutları var və bu sübutlar qısa zamanda süni olaraq yaradıla bilməz. Bu isə, öz növbəsində, Azərbaycan Silahlı Qüvvələrinin qeyd-şərtsiz hava üstünlüyü qazandığını, bundan sonra müharibənin Azərbaycan tərəfdən daha az itki ilə və Ermənistan tərəfdən böyük itkilərlə gedəcəyini göstərir. Burada daha konkret bir şey söyləmək çətindir;

 

İkincisi, xarici muzdluların Qarabağ uğrunda müharibədə iştirak etmək üçün Rusiyadan və Yaxın Şərqdən gəlişi barədə məlumatlar taktikadan daha çox təbliğat xarakteri daşıyır. Muzdluların gəlişi Ermənistan ordusunun Qarabağdakı gücünü maksimum 10 faiz artıracaq və aqoniyasını ən çox iki həftə uzadacaq. Əlavə olaraq, muzdlular əvvəlcə İrəvana gəlirlər, ancaq buradan cəbhə bölgəsinə yollanmaq lazımdır ki, bunu Azərbaycan topçuları və aviasiya hücumları altında etməli olacaqlar;

 

Üçüncüsü, mənim üçün Azərbaycan Ordusunun cəbhədəki uğurunun ən inandırıcı sübutu, “səhvən” “itirmək” və ya “unutmaq” mümkün olmayan Ermənistan ordusunun elit taborunun döyüş bayrağının ələ keçirilməsidir. Buradan mən qətiliklə Azərbaycan qoşunlarının hücumlarının uğurla inkişaf etdiyi qənaətinə gəldim.

 

- İndi Fransa Prezidenti Makron daha çox Ermənistanı müdafiə edir. ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin rəhbəri kimi, o, neytral olmalı deyilmi?

 

- Hər şeydən əvvəl, Makron ATƏT-in Minsk Qrupunun həmsədri deyil, qrupa Fransa Xarici İşlər Nazirliyi tərəfindən bu vəzifəyə təyin edilmiş bir Fransız diplomatı həmsədrlik edir. Deməli, Makronun ATƏT-in Minsk qrupuna Roma papasının Məkkəyə aidiyyəti olan qədər dəxli var. İkincisi, Makron son bir neçə aydır özünü “döyülmək üçün can atan oğlan” kimi davranır. Əvvəlcə Egey dənizindəki hərbi gəmilərlə bağlı hadisə zamanı Türkiyə onun burnuna bir çırtma vurdu, daha sonra Belarus Prezidenti Aleksandr Lukaşenko onu birmənalı şəkildə “öz işi ilə məşğul olmağa” göndərdi, indi Prezident Əliyev açıq şəkildə onu görməməzlikdən gəlir. Zaman göstərdi ki, o, yalnız keçmiş Belarus təmizçisi Svetlana Tixanovskaya ilə bərabər səviyyədə ünsiyyət qura bilər, ona görə də axmaq hərəkətləri və ambisiyaları ilə özünü belə bir səviyyəyə qoyubsa, bunu etməyə davam etsin. Yetkin siyasətçilərin yanında onun bir işi yoxdur. Fransanı dünya ictimaiyyəti qarşısında alçaltdı və qarşıdakı seçkilərdə bunun cavabını açıq şəkildə alacaq.

Müəllif: Nicat Hacıyev